Rəşad Dağlı: “Özümü qismən təqsirli bilirəm”

Rəşad Dağlı. Foto: “e-huquq.az”

Meyxanaçı məhkəmə prosesinin gedişində özünü nədə təqsirli bildiyini açıqlayacaq

Meyxanaçı, “Rəşad Dağlı” ləqəbiylə tanınan Rəşad Əmirov özünü qismən təqsirli bildiyini deyir. O, mayın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona qarşı irəli sürülmüş ittihamlara münasibət bildirərkən belə deyib.

Qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Rəşad Dağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və və 228.4 (qanunsuz olaraq, soyuq silah əldə etmə, saxlama, gəzdirmə) maddələrilə ittiham olunur. Meyxanaçı bildirib ki, hansı məsələlərdə özünü təqsirli bildiyi, nədə bilmədiyi isə məhkəmə prosesinin gedişində aydın olacaq. O, zərərçəkmişin hüquqi varisi, şahidlərdən sonra ifadə verəcəyini deyib.

Məhkəmədə prokuror ittiham aktını elan edib. Qətlə yetirilən İsgəndər Mehdiyev hadisədən az əvvəl həbsdən buraxılıbmış. O, əvvəllər narkotik və quldurluq ittihamlarıyla həbsdə olub.

Cinayət işinin materiallarında iddia olunur ki, İsgəndər Mehdiyev meyxanaçı haqqında təhqir xarakterli ifadələr səsləndirib, bunun dayandırılması üçün ondan 3000 manat pul tələb edib. İttihama əsasən, Rəşad Dağlı Biləcəri qəsəbəsində yerləşən mağazadan bıçaq alıb. Noyabrın 8-dən 9-na keçən gecə İsgəndər Mehdiyevin yaşadığı evin qarşısına gələrək, onu öz maşınıyla götürüb. Onlar birlikdə gediblər. Hadisə də Qaradağ rayonu, Lökbatan dairəsi adlanan ərazidə, avtomobilin içində baş verib.

Rəşad Dağlının məhkəməsindən. Foto: Meydan TV

Məhkəmədə zərərçəkmişin hüquqi varisi qismində mərhum İsgəndər Mehdiyevin Etibar Mehdiyev dindirilib. O bildirib ki, təqsirləndirilən şəxsdən şikayətçi deyil. Onu əvvəldən qonşu kimi tanıyırdı, aralarında da ədavət yox idi.

Hadisəyə gəlincə, Etibar Mehdiyev deyir ki, qardaşının Rəşad Dağlı ilə getdiyini bilib. Lakin belə bir hadisənin baş verəcəyi ağlına gəlməzdi:

“Bir həyətdə yaşayırıq, amma onun evi ayrıdır, tək yaşayır. Demişdi ki, guya Rəşad haqqında kimsə nəsə danışır. O məsələ ilə əlaqədar görüşməlidilər”.

Etibar Mehdiyevin istintaqa ifadəsi elan olunub. Orada deyib ki, qardaşı evdən çıxanda “Rəşad çaşsa, onu vuracam” cümləsini işlədib. Bundan başqa, qardaşından eşidib ki, Rəşad Dağlı ilə bağlı səslənən fikirlərə görə kimlərisə susdurmaq üçün pul vermək lazımdır.

Məhkəmə prosesi mayın 19-da davam edəcək.

Rəşad Dağlının ittiham olunduğu maddələrin birində 1 ilə, digərində isə 9 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Ana səhifəSosialRəşad Dağlı: “Özümü qismən təqsirli bilirəm”