Rəqəmlərin ”tanqosu”…

Azərbaycan hökuməti problemləri rəqəmlərlə “rəqs” edərək, gizlətməyə çalışır

Source:

Azərbaycan Dövlət Statistika Komitəsi rəsmi məlumat yayıb: 2015-ci ilin beş ayında ölkədə 21,3 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur. Bu dövrdə iqtisadiyyatın qeyri-neft sahələrinin ÜDM istehsalında 7,6 faiz, neft-qaz hasilatı və istehsalı sektorunda isə 2,4 faiz artım müşahidə edilmişdir. Qeyri-neft sahələrinin ÜDM-də xüsusi çəkisi 66,1 faizə çataraq əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,4 faiz bəndi artmışdır. ÜDM-in 53,4 faizi iqtisadiyyatın istehsal sahələrinin, o cümlədən 36,4 faizi sənayenin, 13,7 faizi tikintinin, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın, 37,5 faizi isə xidmət sahələrinin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,1 faizini təşkil etmişdir.

Elə həmin dövlət qurumunun keçən il yaydığı rəsmi məlumat: 2014-cü ilin ötən beş ayı ərzində 23.4 milyard manatlıq və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 2.8 faiz çox Ümumi Daxili Məhsul istehsal edilmişdir. Ümumi daxili məhsulun 61.2 faizi məhsul istehsalı sahələrində, 31.7 faizi xidmət sahələrində yaradılmış, 7.1 faizi isə məhsula və idxala xalis vergilərin payına düşmüşdür. Əhalinin hər nəfərinə ümumi daxili məhsul istehsalı 2499.8 manat (3187.4 ABŞ dolları) təşkil etmişdir. Əlavə dəyərin 55.4 faizi qeyri-neft sektorunda istehsal olunaraq müqayisə edilən dövrdə 8.3 faiz artmış, neft sektorunda isə 3.6 faiz azalmışdır:

Azərbaycan hökuməti problemləri rəqəmlərlə “rəqs” edərək gizlətməyə çalışır. Dünyada ÜDM vacib makro-iqtisadi göstərici sayılsa da, həllədici də deyil. Əsas ölkələrin ixrac potensialı, sənaye istehsalıdır və ÜDM bütün dünyada ölkələri müqayisə etmək üçün dollarla hesablanır. Hər iki rəsmi məlumata diqqət yetirsək görərik ki, nominal ÜDM azalıb, 2014-cu ilin yanvar-may aylarında 23,4 mlrd. manatlıq ÜDM istehsalı olub ki, bu da həmin dövrə olan ortalama məzənnə ilə, təxminən, 29,6 mlrd. dollar edirdi.

2015-ci ilin yanvar-may aylarında 21,3 mlrd. manatlıq ÜDM istehsalı olub ki, bu da 1.05 olan yeni məzənnə ilə hesablasaq, təxminən 20,2 mlrd. dollara bərabərdir. Yəni, nominal və sadə hesablama aparsaq, ÜDM:

Manatla: 2014 (yanvar-may) 23,4 mlrd. – 2015 (yanvar-may) 21,3 mlrd. = 2,1 mlrd. manat azalma olub.

Dollarla: 2014 (yanvar-may) 29,6 mlrd. – 2015 (yanvar-may) 20,2 mird. = 9,4 mlrd. dollar azalma olub.

Hesablama qaydalarını dəyişərək, beynəlxalq praktikada nəzərdə tutulan indikator və hesablama qaydalarını tədbiq etmədən, sadəcə rəqəmləri dəyişdirərək hökumət problemləri görməzdən gəlir, insanları aldatmağa çalışır.

Daha bir maraqlı fakt adambaşına düşən ÜDM-lə bağlıdır, keşən ilin yanvar-may aylarında köhnə məzənnəni nəzərə alaraq ölkədə hər bir nəfərə 3187 dollar düşüb, 5 ay üçün pis nəticə deyil. Devalvasiyadan sonra 2015-ci ilin yanvar-may aylarında adambaşına ÜDM 2120 dollara bərabər olub. Yəni, adambaşına düşən ÜDM keşən ilin müvafiq dövrünə görə dollar ekvivaletində 1060 dollar, yəni 30 faiz civarında azalıb.

Doğru olmayan rəqəmlər ölkənin problemlərini həll etmək üçün lazım olan dürüst diaqnostikaya imkan vermir, düzgün diaqnostika olmadan isə ölkə iqtisadiyyatını effektiv idarəetmək mümkün deyil. Bu sadə həqiqəti belə anlamaq istəməyən, rəqəmlərlə “rəqs” edən hökumətimiz var.

Ana səhifəXəbərlərRəqəmlərin ”tanqosu”…