Rəqəmlərin “rəqsi”…

Source:

Rəqəmlərin “rəqsi”…

May ayının 2-sində, Bakıda Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı çərçivəsində keçirilən “Azərbaycan 2020: İnnovativ və şaxələndirilmiş iqtisadiyyata doğru”  konfransı təşkil olunmuşdu. Tədbirdə bir çox nazirlər iştirak edib, amma müstəqil ekspertlər, iqtisadçılar tədbirə dəvət almamışdılar. Bunun nəticəsində nazirlər orada monoloq söyləmiş, opponentlər olmadığından bəzi rəqəmlərlə oynamış, “rəqs” etmişlər.

Tədbirdə çıxış edən İqtisadiyyat və Sənaye Naziri Şahin Mustafayevin çıxışından sitat: “Ümumilikdə, görülən işlər nəticəsində hazırkı vaxtadək iqtisadiyyata 200 milyard dollar investisiya qoyulmuşdur ki, bunun yarısı xarici investisiyalardır. Təkcə 2014-cü ildə investisiya qoyuluşunun həcmi 27,7 milyard dollar olmuşdur ki, onun da 11,5 milyard dolları xarici investisiyalardır. Eyni zamanda biznes mühitinin yaxşılaşdırılması, dövlət dəstəyi tədbirləri sahibkarlığın inkişafına təkan vermiş, geniş sahibkar təbəqəsi formalaşmış, ÜDM-də özəl sektorun payı 82%-ə çatmışdır. Növbəti amil şübhəsiz ki, Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyası, xarici tərəfdaşlarla birgə transmilli layihələrin həyata keçirilməsi ilə şərtlənir. Beynəlxalq aləmdə etibarlı tərəfdaş olan və müqavilələrdən irəli gələn öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirən Azərbaycanın təşəbbüskarı olduğu transmilli enerji layihələri bu gün artıq Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Azərbaycanın xarici ticarət əlaqələrinə gəldikdə nazir bildirib ki, son 10 ildə ticarət coğrafiyası genişlənib və 150-ə yaxın ölkə ilə ticarət əlaqələri qurulub, ticarətin əmtəə strukturu təkmilləşib, ixrac potensialı əhəmiyyətli dərəcədə güclənib. Bu müddət ərzində xarici ticarət dövriyyəsi 4,3 dəfə, ixrac 6 dəfə, o cümlədən qeyri-neft ixracı 2,6 dəfə artmışdır”.

Nazir də, hökumət də hələ anlamırlar ki, investisiyaların son məqsədə hesablanmış ölçmə indikatorları var. Hər bir investisiya mütləq son məqsətdə nəyə, hansı göstəricilərə nail olmağı özündə göstərməlidir. Bəli, Azərbaycanda son illərdə 2900 məktəb tikilib və təmir edilib, amma Ali Məktəblərə keçid balı son 10 ildə 2 dəfə aşağı düşüb, doğrudur son 10 ildə ölkədə 500-dən çox səhiyyə müəssisəsi tikilib, təmir edilib, amma səhiyyədə vəziyyət o qədər pisləşib ki, ildə 500 minə yaxın Azərbaycan vətəndaşı xarici ölkələrə müalicəyə üz tutur. O da həqiəqətdir ki, son 10 ildə ölkədə yol infrastrukturuna 30 mlrd. dollara yaxın vəsait xərclənib, amma nə Bakının tıxac problemi həll edilib, nə də Bakıdan ölkənin sərhədlərinə gedən yollar sonacan təmir edilib, əla vəziyyətə gətirilib. Bir sözlə, qoyulan investisiyalar fiziki artımı təmin edib, amma tərəqqiyə, keyfiyyət dəyişikliklərinə gətirib çıxartmayıb.

Digər önəmli məsələ odur ki, həm prezident, həm də nazirlər, hökumət və dövlət üzvləri tez-tez ölkədə ÜDM-in 80%-dən yuxarisinin özəl sektorda formalaşdırıldığını vurğulayırlar. Məsələ, əslində çox bəsitdir: Bp kimi alqılanan, əslində Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) kimi qeydiyyatda olan, ölkədə neftin və qazın 85%-nə yaxınını istehsal edən qurum forrmal və hüquqi baxımdan özəl qurumdur, amma gördükləri iş ancaq neft və qaz hasilatıdır. Yəni. Faktiki olaraq bu qurumun fəaliyyəti ölkədə ÜDM-in böyük bir hissəsinin formalaşmasını saxlayır, amma bunu özəl sektorun uğuru kimi qələmə verirlər. Daha bir maraqlı məqam budur ki, bəzi formal olaraq səhmdar cəmiyyət olan qurumları da, “özəl sektor” kimi qələmə verirlər. Özəl sektorun ÜDM-dəki payının ən yaxşı indikatoru ixracatdakı payıdır. 2015-ci ilin rəsmi məlumatlarına nəzər salaq:

Deməli 2015-ci ilin 1-ci rübündə Azərbaycan cəmi 3,383 mlrd. dollarlıq məhsul ixrac edib ki, bunun da 2,979 mlrd. dolları məhz Dövlət Sektorunun payına düşüb, yəni, ixracatda dövlət sektorunun payı 90% civarındadır. Sağlam məntiq də deyir ki, bir ölkədə ÜDM-in 82%-i özəl sektorun payına düşürsə, ixracatda bu özünü göstərməlidir, amma görünən odur ki, özəl sektorun ixracatda payı heç 10%-ə belə çatmır.

Gəlin bir də ixracatın strukturuna baxaq. Diqqətlə incələyəndə gördüyümüz odur ki, 3,383 mlrd. dollarlıq ixracatın 3 mlrd. dollara yaxını həmz enerji daşıyıcılarının payına düşür. Bəs hanı qeyri-neft sektorunun inkişafının ixracatda payı? Niyə görünmür? 2015-ci ilin ilk 3 ayında cəmi 350-400 min. dollarlıq qeyri-neft ixracatı olub, budurmu 2,6 dəfə artan qeyri-neft ixracatı?

Bir sözlə, Azərbaycan hökuməti sovetdən qalma prinsiplərlə statistika aparırlar. Anlamırlar ki, rəqəmlərlə oynamaqla həqiqəti, ölkənin həqiqi vəziyyətini gizlətmək onlara heç nə vermir. Görünən odur ki, bizim hökumətin ən yaxşı bacardığı məsələ “rəqəmlərlə rəqs” etməkdir, haqiqəti gizlətmək, göməzdən gəlmək, problemləri ört-basdır etmək Azərbaycanın gələcəyi üçün ciddi təhdidlər yaradır. Cənablar, bəlkə “rəqsi” saxlayıb, normal işlə məşğul olasınız?!

Ana səhifəXəbərlərRəqəmlərin “rəqsi”…