Reportyor Elnarə Qasımova saxlanıldı

Foto: Elnarə Qasımovanın şəxsi arxivindən

Ona qarşı da qaçaqmalçılıq maddəsi irəli sürülüb

“AbzasMedia” nəşrilə bağlı cinayət işi üzrə daha bir jurnalist tutulub. Yanvarın 13-də bu cinayət işi üzrə ifadə vermək üçün Bakı şəhər Baş Polis İdarəsinə şahid qismində ifadə vermək üçün çağırılan jurnalist Elnarə Qasımova şübhəli şəxs qismində saxlanılıb.

“AbzasMedia” işi üzrə həbsdə olan 5 jurnalist kimi, o da Cinayət Məcəlləsinin  Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham olunur.

Vəkili Bəhruz Bayramov Meydan TV-yə deyib ki, Elnarə Qasımova özünü qətiyyən təqsirli bilmir.

“Dedi ki, həbs olunacağını gözləyirdi. Hesab edir ki, bu həbs onun jurnalist fəaliyyətilə bağlıdır. Qaçaqmalçılıq ittihamının əsassız, absurd olduğunu, bu maddədən sadəcə, jurnalistləri həbs eləmək üçün bəhanə kimi istifadə edildiyini düşünür”.

Bəhruz Bayramov əlavə edib ki, özü də müvəkkilinin təqsirsiz olduğunu hesab edir.

Bəhruz Bayramov
Foto: Bəhruz Bayramovun şəxsi arxivindən

Korrupsiya araşdırmalarıyla tanınan “AbzasMedia” işi üzrə həbslər noyabrın 20-dən başlayıb.

Öncə saytın direktoru Ülvi Həsənli, direktor müavini Məhəmməd Kekalov, baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) həbs edilib. Daha sonra həbslər araşdırmaçı jurnalist Hafiz Babalı və Nərgiz Absalamova ilə davam edib. Onlar da Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham olunur.

Bu maddənin sanksiyasında 5 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Noyabrın 20-də Ülvi Həsənli saxlandıqdan sonra “AbzasMedia”nın ofisində axtarış aparılıb. Saytın ofisindən 40 min avro pul tapıldığı iddia olunub.

Ülvi Həsənli isə orada pul olmadığını, 40 min avronun ofisə onu tapdığını iddia edənlərin özləri tərəfindən qoyulduğunu bildirib.

Adları çəkilən jurnalistlərin heç biri özünü təqsirli bilmir, “AbzasMedia”da dərc olunmuş Prezidentin ailə üzvləri də daxil olmaqla, bir sıra vəzifəli şəxslərin biznesi, korrupsiya ilə bağlı araşdırmalara görə cəzalandırıldıqlarını bildiriblər.

Ana səhifəSiyasətReportyor Elnarə Qasımova saxlanıldı