Leyla Yunus: “ İttiham aktı saxtalaşdırılıb, faktlar təhrif olunub”
İyulun 27-də Sülh və Demokratiya İnstitutunun rəhbəri, tanınmış hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun işi üzrə növbəti məhkəmə prosesi yarım-qapalı şəraitdə keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesi izləməyə gələn xarici diplomatlar, beynəlxalq təşkilatların nümayəndələri, jurnalistlər, tanınmış ictimai-siyasi xadimlər məhkəməyə buraxılmayıb. Məhkəmə zalına ümumilikdə 7-8 nəfər buraxılıb ki, bu da ciddi narazılığa səbəb olub. Hətta Leyla Yunus özü də məhkəmə prosesinə sədrlik edən hakim Əfqan Hacıyevə bununla əlaqədar iradını bildirərək, zalın naməlum adamlarla doldurulmasına etiraz edib. Leyla Yunusun vəkili Elçin Qəmbərov da bu məsələ ilə əlaqədar etirazını bildirib: “Zala bu işə heç bir aidiyyəti olmayan adamlar doldurulub. Onlardan soruşdum ki, kimin məhkəməsinə gəlmisiz? Cavab verə bilmədilər. Bu proseslə maraqlananlar, o cümlədən diplomatik korpusun nümayəndələri çöldə qalıblar”. Hakim bu iradlara “zalın tutumu budur” deməklə kifayətlənib. Vəkil isə bildirib ki, söhbət hamının eyni vaxtda və eyni qapıdan içəri buraxılmamasından, zalın əvvəlcədən doldurulmasından gedir.
Məhkəmə iclasının əvvəlində Leyla Yunus həmçinin ötən prosesdə ona söz verilməməsinə etirazını bildirib. Qeyd edib ki, onu söz demək hüququndan məhrum etmək qanun pozuntusudur. Hüquq müdafiəçisi hakimi qanuna hörmət etməyə çağırıb.
Daha sonra hakim Leyla Yunus və Arif Yunusla bağlı anket məlumatlarını dəqiqləşdirərkən maraqlı dialoq olub.
Hakim: – Leyla xanım, nə vaxt anadan olmusuz?
Leyla Yunus: – Dünən.
Hakim: – Arif müəllim, siz nə vaxt anadan olmusuz?
Leyla Yunus: – O da elə mənimlə eyni vaxtda.
Hakim anket məlumatlarını dəqiqləşdirəndən sonra Leyla Yunus məhkəmə prosesində Şöhrət Allahmanova iş üzrə zərərçəkmişin nümayəndəsi kimi iştirakına etiraz edib. Hüquq müdafiəçisi məhkəmədən onun kimi təmsil etdiyi, söhbətin hansı zərərdən getdiyinin açıqlanmasını tələb edib: “Mənim bu məhkəmə ilə bağlı heç bir illüziyam yoxdur. Cinayət işinin saxta olduğunu çox yaxşı bilirəm. Mən Azərbaycan vətəndaşı olaraq, nə dövlətdən, nə də hər hansı vətəndaşdan pul götürmüşəm. Hakimiyyət yeni metod seçib, əlinin altında qondarma zərərçəkənlər saxlayır. Bu Allahmanov Şöhrət Xədicə İsmayılın işində də zərərçəkənin nümayəndəsi olub. Bu, qondarma adamdır. Bütün siyasi məhbusların işində iştirak edir. Utanmır? Bir daha elan edirəm ki, bu işdə zərərçəkən yoxdur, ola da bilməz”.
Leyla Yunus və vəkilləri Şöhrət Allahmanovun bu prosesdə statusunu təsdiqləyən sənədi, imza atdığı müqaviləni tələb edib. Bildiriblər ki, zərərçəkəni müəyyən etmək baxımından bu, çox vacibdir. Onlar həmçinin Allahmanovun prosesdən uzaqlaşdırılmasına dair vəsatət qaldırıblar. Leyla Yunus Şöhrət Allahmanovu “kloun” adlandırıb və əlavə edib ki, bu işdə yeganə zərərçəkmiş varsa da, onlar özləridir: “Onunla hökumət müqavilə bağlayıb. Niyə susur? Hiyə danışmır? “Klounluq” eləməyə son qoyun, kimi təmsil etdiyinizi deyin”. Şöhrət Allahmanovun proesdən kənarlaşdırılmasına dair vəsatət təmin olunmayıb. Bununla belə, onun prosesdə iştirakına etirazlar bitməyib. “Siz özünüz qanunlara hörmətsizlik edirsiz. Bu şəxsin kimi təmsil etdiyi niyə sirr kimi saxlanılır?”, – deyə Arif Yunus etiraz edib. Bu etirazlardan sonra hakim Şöhrət Allahmanovla bağlı etibarnaməyə yalnız vəkilin baxmasına razılıq verib. Vəkil həmin etibarnamədən qeydlərini Leyla Yunusa təqdim edib. Leyla Yunus bildirib ki, bu etibarnamənin özündə də saxtakarlığa yol verilib: “Etibarnamə bu il iyulun 15-də, yəni, bu iş üzrə məhkəmənin hazırlıq iclası keçirilən gün imzalanıb. Zərərçəkən kimi tanınan Rəna Səfərəliyevanın rəhbərlik etdiyi “Ön Qafqazda Qadınlar Sülh və Demokratiya Uğrunda” cəmiyyətinin fəaliyyəti isə 2014-cü ilin iyununda dayandırılıb. Mövcud olmayan qurumun təmsilçisi necə imza ata bilər? Bu sənəd saxtadır”. Hakim bildirib ki, vaxtı çatanda bir daha bu məsələyə baxıla bilər. Bu cavabdan sonra Leyla Yunus hakimin bu cür münasibətinə də etiraz edib: “Siz burada kloun və dirijorlarla sirk düzəltmisiz”.
Daha sonra vəkil Əfqan Məmmədov Arif Yunus barəsində həbs-qətiimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət qaldırıb. Şöhrət Allahmanovun vəsatətlə bağlı “əsassızdır, təmin olunmasın” deməsi yenidən vəkilləri qəzəbləndirib. Əfqan Məmmədov bildirib ki, onun ümumiyyətlə, vəsatətə münasibət bildirmək səlahiyyəti yoxdur.
Hakim bu fikirlə razılaşmayıb: – Proses iştirakçısıdır, onun da fikrini soruşmalıyıq.
Vəkil Əfqan Məmmədov: – Belə çıxır ki, onda küçədən keçənlərdən, zalda oturanların hamısından da soruşaq?
Məhkəmə vəsatəti təmin etməyib. Leyla Yunus özü də vəsatət qaldıraraq, cinayət işinin materiallarındakı bir sıra şahid ifadələrinin sübutlar siyahısından çıxarılmasını istəyib. O, vəsatətini əsaslandırarkən bildirib ki, şahidlər siyahısındakı bəzi adlar ümumiyyətlə, kimliyi ona bəlli olmayanlardır: “Dediyim kimi, zərərçəkənlərlə bağlı hökumətin yeni metodu var. Amma şahidlərlə bağlı metod əvvəlki kimidir. Siyahıdakı bəzi adamlar bütün siyasi məhkəmələrdə istifadə olunan şahidlərdir. Bura gələcəklər və tapşırılanları deyəcəklər. Yəqin gəlib Arif Yunusu dələduzluqda ittiham edəcəklər. Arif Yunus 8 kitabın müəllifidir. O, dələduz ola bilməz, bu ittiham absurddur. O, sadəcə, özünün bir hesabından digərinə pul köçürüb. Məgər bu dələduzluqdur? Arif Yunus 1992-ci ildə Xocalı hadisəsi zamanı şəhid olanların tam siyahısını dərc etdirən ilk adamdır. ABŞ, Fransa və Almaniya kitabxanalarında bu həqiqətlərlə bağlı yalnız onun kitabı var, qalan bütün kitablar erməni müəlliflərinindir. Zemfira İsmayılova, Zərifə Hacıyeva, Təhmasib Novruzov – bunlar şahidlər siyahısından çıxarılmalıdır, onlar sizin növbətçi qondarma şahidlərinizdir”. Leyla Yunusun bu vəsatəti də təmin olunmayıb.
Prokuror ittiham aktını elan etməyə başlarkən bildirib ki, onlara qarşı bütün ittihamlar saxtadır. Hüquq müdafiəçisi eyni zamanda, onların barəsində çıxarılacaq hökmdən də danışıb: “Bizə azı 7 il həbs verəcəklər. Bu, bizim üçün ölüm hökmüdür. Çünki biz onsuz da o qədər yaşamayacağıq…”
Daha sonra iş üzrə dövlət ittihamını müdafiə edən prokuror Fərid Nağıyev ittiham aktını elan edib. Leyla və Arif Yunuslar ittihamın mahiyyətinin onlara aydın olmadığını bildirib. “Mən sizdən də yaxşı hüquqşünasam. Arif burada mənə görə oturub. Ortada heç bir cinayət yoxdur. Bunu siz də çox yaxşı bilirsiz”, – deyə Leyla Yunus əlavə edib. Hüquq müdafiəçisi məhkəməyə ifadəsində də ittihamların saxta olduğunu vurğulayıb: “Bütün ittiham aktı saxtadır, faktlar təhrif olunub. Bank hesabından pullar çıxarılanda bu barədə kağız olmalıdır. Arif Yunus təşkilatın hesabından pul çıxarmayıb, onun belə hüququ da yoxdur. O, öz əli ilə öz hesabına pul qoyub və bir hesabından o birinə pul köçürüb. Burada da cinayət yoxdur. “Ön Qafqazda Qadınlar Sülh və Demokratiya Uğrunda” cəmiyyətinin hesabı olub və oradan yalnız mən pul çıxara bilmişəm. Mən həmişə oradan nəğd pul çıxarmışam, o hesabdan heç vaxt özümün və ya Arifin hesabına pul köçürməmişəm. Mənim bu hesabdan pul çıxarmaq haqqım olub. Həmin pullar qrant pulları olub, donor təşkilatlarla razılaşdırılıb, Azərbaycan dövlətinin pulu olmayıb. Bunlar bizi fəaliyyətimizə görə cəzalandırırlar. Siz bizdən qorxursuz. Ona görə də jurnalistləri, diplomatik nümayəndələri içəri buraxmırsız. Sizin çıxaracağınız hökmün mənim üçün fərqi yoxdur. Amma siz tarixə qatil kimi, cəllad kimi düşəcəksiz”. Bu yerdə hakim Leyla Yunusun sözünü kəsərək, ondan ittihamın mahiyyəti üzrə danışmağı tələb edib. Hüquq müdafiəçisi bir daha vurğulayıb ki, ittihamlar başdan ayağa yalandır: “Heç bir sübut yoxdur. Sənədləri saxtalaşdırmaq sizin işinizdir. Sizin işiniz repressiyadır, despotizmdir. Ona görə də sifarişdən kənara çıxa bilmirsiz”.
İfadəsindən sonra prokuror Leyla Yunusa suallar vermək istəsə də, hüquq müdafiəçisi prokurorun suallarını cavablandırmayacağını bəyan edib.
Daha sonra Arif Yunusa ifadə vermək təklif olunub. Lakin o, indiki mərhələdə ifadə verməkdən imtina edib.
Bundan sonra prosesdə şahidlərin dindirilməsi mərhələsi başlayıb. İlk şahid Bakı Şəhər İcra Hakimiyyətinin nəzarət şöbəsinin müdiri Zülfəli İsmayılov oldu.
Haşiyə:
Bakının mərkəzində – Füzuli, Şəmsi Bədəlbəyli küçələrində evlərin sökülməsi prosesinə o, rəhbərlik edib. Sökülən evlər arasında Leyla Yunusun mülkü də olub.
Leyla Yunus məhkəmə zalında Zülfəli İsmayılovu görən kimi ona qəzəbini ifadə edən fikirlər səsləndirib. Hüquq müdafiəçisi bildirib ki, Şəmsi Bədəlbəyli küçəsindəki evlərinin içindəki əmlakla, o cümlədən sənədlərlə birlikdə buldozerin ağzına verilməsi prosesinə Zülfəli İsmayılov rəhbərlik edib. Zülfəli İsmayılov ifadəsində bildirib ki, 2010-cu ildə Bakıda aparılan söküntü-tikinti işləri çərçivəsində Sülh və Demokratiya İnstitutunun Şəmsi Bədəlbəyli küçəsindəki ofisi də sökülüb. Amma təşkilatın əməkdaşları söküntüdən əvvəl o mülkün içindəki əşya və sənədləri yığıb aparıblar. Leyla Yunus onun dediklərinin yalan olduğunu bildirib. Hüquq müdafiəçisinin sözlərinə görə, hətta yerli məhkəmələrin, o cümlədən Ali Məhkəmənin qərarında da göstərilib ki, mülk əşya və sənədlər içində qala-qala sökülüb. Üstəlik, söküntü heç bir məhkəmə qərarı olmadan həyata keçirilib. Zülfəli İsmayılov etiraf edib ki, Yunusların mülkü sökülsə də, onlara kompensasiya ödənilməyib, depozit hesabda saxlanılıb. Dindirmə zamanı Arif Yunus qeyd edib ki, Bakı Şəhər İcra Hakimiyyətinin sökülmə ilə bağlı məktubunu avqustun 25-də alıblar, halbuki, ev avqustun 11-də sökülüb.
Daha sonra şahid Natəvan Hacıyeva ifadə verərək bildirib ki, o, “Ön Qafqazda Qadınlar Sülh və Demokratiya Uğrunda” təşkilatında mühasib kimi sənəd işlərinə kömək edib, ortada rəsmi işçi münasibəti olmayıb. Lazım olanda Vergilər Nazirliyinə, Dövlət Sosial Müdafiə Fonduna hesabatlar göndərib, amma bank əməliyyatlarında və sənədlərin tərtibatında iştirak etməyib. Gördüyü işə görə əməkhaqqı almayıb. Natəvan Hacıyevanın məhkəmədə dediklərilə istintaqa ifadəsi arasında ziddiyyət olduğundan onun iş materiallarındakı ifadəsi elan olunub. Həmin ifadədə Natəvan Hacıyeva bildirib ki, sözügedən təşkilatda əlavə qazanc niyyətilə çalışıb. İşçi müqaviləsi olmasa da, hər ay 100 manat əməkhaqqı alıb. İfadədə həmçinin qeyd olunub ki, Sülh və Demokratiya İnstitutu rəsmi qeydiyyatdan keçməsə də, Leyla Yunus qrant layihələrini tam həyata keçirib, Ermənistana səfərlər təşkil edib, təşkilatın hesablarına gələn qrantları çıxararaq öz hesabında saxayıb. Bu ziddiyyətə gəlincə, Natəvan Hacıyeva bildirib ki, yazılan ifadələrin bir çoxunu ona istintaqda deyiblər. Vəkilin “Siz istintaqa ifadənizdə Leyla Yunusun Ermənistana getdiyini demisinizmi?” sualına şahid “yox” cavabını verib. Növbəti şahid Azad İsazadə ifadəsində deyib ki, Sülh və Demokratiya İnstitutunun ofisi sökülərkən, hətta buldozerlər işləyərkən o, binanın içində olub. Zülfəli İsmayılovun iddiasının əksinə olaraq, Azad İsazadə bildirib ki, ofis sökülərkən oradan heç bir sənəd çıxara bilməyiblər: “Ancaq şəxsi kompüterimi və iki kitabımı götürə bilmişəm. Söküntü zamanı Zülfəli özü orada olmayıb”. Bu məqamda prokuror bildirib ki, Azad İsazadənin Yunusların ailə dostu olması, əvvəlki şahidlərin prosesdə verdikləri ifadələr haqda məlumatların ona ötürülməsi ehtimalı nəzərdən qaçırılmamalıdır. “Hər şeyin yalan olduğu ortadadır. Prokurorluq ancaq və ancaq yalanı müdafiə edir”, – deyə Leyla Yunus prokurora cavab verib.
Növbəti şahid Təhmasib Novruzov Leyla Yunusu 1989-cu ildən tanıdığını, o vaxtdan onun fəaliyyətinə şübhə ilə yanaşdığını bildirib: “Sonradan məlumat əldə etdim ki, ermənilərlə, onların milli təhlükəsizlik orqanlarının keçmiş rəhbərlərilə əlaqəlidir. Bu barədə bir vətəndaş kimi, dəfələrlə hüquq mühafizə orqanlarına müraciət eləmişəm”. Leyla Yunus Təhmasib Novruzovun yalan danışdığını vurğulamaqla yanaşı, onu “bütün siyasi məhbusların məhkəmələrində iştirak edən geydirmə şahid” adlandırıb. Əlavə edib ki, hakimiyyət ondan bu cür istifadə edir.
İş üzrə zərərçəkmiş qismində tanınan “Ön Qafqazda Qadınlar Sülh və Demokratiya Uğrunda” cəmiyyətinin rəhbəri olmuş Rəna Səfərəliyeva da dindirilib, amma şahid qismində. O bildirib ki, adıçəkilən təşkilat 1996-cı ildə rəsmi qeydiyyatdan keçib. Özü 1998-ci ildə təşkilatın sədri, Leyla Yunus isə sədr müavini olub: “2005-ci ilin sonundan “Şəffaflıq Azərbaycan” təşkilatı qeydiyyata alındığından 2006-cı ilin əvvəlində cəmiyyətdə işimi dayandırdım, bütün səlahiyyətləri, o cümlədən möhür, nizamnaməni sədr müavininə təhvil verdim. Ərizə yazdım ki, təşkilatdan çıxıram. Keçən ilin iyununda təsisçilər mənə zəng elədilər ki, gəlin, yığıncaq keçirib təşkilatı bağlayaq. Biz iclas keçirtdik, amma təşkilatın bağlanması asan məsələ deyil, xeyli prosedurlar var, keçən ilin sonunda sənədləri Ədliyyə Nazirliyinə təqdim etdik, amma oradan bizə cavab məktubu gəlməyib. Ona görə də bu təşkilatın bağlandığını demək olmaz”. Leyla Yunusun “Sən özünü zərərçəkmiş hesab edirsənmi?” sualına Səfərəliyeva belə cavab verib: “Mənəvi ziyan var, maddi ziyana gəlincə, gərək hər qrant layihəsi ilə bağlı ayrı-ayrılıqda baxasan. Məndə də sənədlər yoxdur”.
Arif Yunusun vəkili Əfqan Məmmədov Rəna Səfərəliyevanın şahid qismində dindirilməsinə etiraz edib: “Təşkilatın nümayəndəsi məhkəmədə iştirak edirsə (Şöhrət Allahmanovu nəzərdə tutur-red.), Rəna Səfərəliyeva şahid kimi dindirilə bilməz”. Leyla Yunus da bu məsələyə etiraz edib: “Əgər sən şahidsənsə, bəs onda bu kloun hansı zərərçəkmişin maraqlarını təmsil edir?” Hövbəti şahid Əvəz Həsənov bildirib ki, 3 dəfə istintaqda ifadə verib: “Daha çox Arif Yunusla bağlı suallar verirdilər. Mən də bildirmişəm ki, Arif Yunusu konfliktoloq kimi, dünyada ən hörmətli ekspertlərdən biri hesab edirəm”.
Bundan sonra məhkəmədə “Unibank”ın 5 əməkdaşı şahid qismində dindirilib. Onlar Arif Yunusun bank hesabından 78 min 150 dollarlıq köçürmə barədə ifadə verərək sualları cavablandırıblar. Məhkəmə prosesi iyulun 28-də davam edəcək.