“Relax” istirahət mərkəzində ofisiantın cəsədi tapılıb (yenilənib)

”Ehtimal edirik ki, başqa yerdə öldürülüb gətirilib”.

Source: Relax.az


21.59.


Lerik Rayon Prokurorluğu “Relax” istirahət mərkəzindəki hadisə ilə bağlı açıqlama yayıb.


Məlumatda bildirilir ki, “Relax” istirahət mərkəzində çayçı işləyən, Lənkəran rayonu Təngivan kənd sakini, 1980-ci il təvəllüdlü Sücayev Anar Hüseyn oğlunun meyiti iyulun 9-da saat 18 radələrində işlədiyi çayxanadan təqribən 20 metr aşağıda dağ çayında aşkar olunub.


Qeyd olunur ki, Lerik Rayon Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib: “Anar Sücayevin ölüm səbəbinin dəqiqləşdirilməsi məqsədilə məhkəmə-tibb ekspertizası təyin olunub. Faktla bağlı Lerik Rayon Prokurorluğunda araşdırma aparılır”.


Prokurorluq bildirib ki, hadisə ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.

***


Yaxınları Anar Sücayevin öldürüldüyünü düşünür

İyulun 9-da axşam saatlarında Lerikdə yerləşən “Relax” istirahət mərkəzində Anar Hüseyn oğlu Sücayevin meyiti tapılıb. 40 yaşlı Anar Sücayev həmin istirahət mərkəzində ofisiant işləyib. Yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, meyiti ərazidəki qonaqlar aşkarlayıb. Onlar ofisiantın dağın 5 metr hündürlüyündə yerləşən stuldan yıxılıb öldüyünü deyiblər. Yaxınları isə hadisənin qəza olmadığı qənaətindədir:

“Biz cəsədə baxdıq, qurumuşdu, uşaq da olsa bilər ki, həmin an ölməyib. Ehtimal edirik ki, başqa yerdə öldürülüb gətirilib”.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verilib.

Anar Sücayev Lənkəran rayonunun Yuxarı Təngivan kənd sakinidir. Qohumları onun meyidinin ekspertiza üçün Lənkərana aparıldığını deyirlər.

DİN-inmətbuat xidmətinin rəisi Ehsan Zahidov Meydan TV-yə deyib ki, Anar Sücayevin cəsədi çayın sahilindən tapılıb. Hazırda ərazidə hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır. Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumatın veriləcəyi bildirilib.

“Relax” istirahət mərkəzinin deputat İqbal Məmmədova məxsus olduğu deyilir.

Ana səhifəSosial“Relax” istirahət mərkəzində ofisiantın cəsədi tapılıb (yenilənib)