Rektoru öldürməkdə təqsirləndirilən şəxslərə hökm oxunub

Müşviq Atakişiyev və Tariyel Əhmədov. Foto: Wiki

Tariyel Əhmədov təqsirləndirilənlər arasında fərq qoyulmamasına etiraz edib

Təfəkkür Universitetinin keçmiş rektoru, İqtisadiyyat İnstitutunun direktoru Müşfiq Atakişiyev 14 il azadlıqdan məhrum edilib. O, “Təfəkkür”ə rəhbərlik etdiyi dövrdə universitetin prorektoru olan Tariyel Əhmədovun qətlinə sifariş verməkdə təqsirli bilinib.

Tariyel Əhmədovun 2011-ci ildə qətlə yetirilməsilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində aylardır davam edən məhkəmə prosesi yekunlaşıb. Mayın 10-da bu cinayətdə ittiham olunan 3 nəfərə hökm oxunub.

Hakim Siyavuş Hacıyevin sədrliyilə çıxarılan hökmə əsasən, keçmiş rektor, iqtisad elmləri namizədi Müşfiq Atakişiyev, bacısı oğlu – keçmiş polis mayoru Dəyanət Quliyev və onun dostu Samir Quliyevin hər biri 14 il 6 ay azadlıqdan məhrum edilib.

Hökmdən öncə Müşfiq Atakişiyev məhkəmədə son sözünü deyib. O bildirib ki, prorektorun onunla problemi vardı deyə, onun ölümü ona sərf etmirdi. Çünki şübhələr ona yönələcəkdi.
Onun sözlərinə görə, rektorluq müddətinin uzadılması ərəfəsində bir müddət Tariyel Əhmədovun işdən kənarda qalmasını, bunun üçün ona xəsarət yetirilməsini istəyib.

Müşfiq Atakişiyev ona Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsilə verilən ittihamın Cinayət Məcəlləsinin 126-cı (qəsdən bədənə ağır xəsarət yetirmə) maddəsinə tövsif olunmasını istəyib.

O, son sözündə vurğulayıb ki, haqqında ciddi araşdırma aparmadan həbs qərarı verilib və iş qısa müddətdə məhkəməyə göndərilib:

“Təəssüf ki, bizdə hansısa hadisə ictimailəşirsə, o işi ətraflı araşdırmaq, ədalətli qərar çıxarmaq əvəzinə, adama ən ağır cəza verirlər. Dəyanət Quliyevlə aramızda üzləşmənin videosu da var, orada bir kəlmə də sifariş olması barədə nəsə yoxdur. İki qadın arasında qeybət və dedi-qodu əsasında mənə belə ittiham verilib. Hamımıza prokuror eyni cəza istədi. Aramızda fərq qoymadı. Cahillə ziyalı arasında fərq qoymamaq ölü ilə diri arasında fərq qoymamaq kimidir. Əgər ittiham 126-cı maddəyə tövsif olunmasa, istənilən başqa hökmü qanunsuz hesab edirəm”.

Səyavuş Hacıyev, Aytən Əliyeva və Vüqar Quliyevdən ibarət hakimlər kollegiyası onu qətlə sifariş verməkdə, digər ikisini isə qətlin icrasında təqsirli hesab edib.

2011-ci ildə baş vermiş qətlin üstü 12 il sonra – 2023-cü ildə Dəyanət Quliyevin Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib, cinayəti etiraf etməsilə açılıb. O, məlumat verərkən cinayəti özünün törətdiyini deyib.

İttihama əsasən, Müşfiq Atakişiyev prorektorun onu nüfuzdan saldığını, yerinə rektor vəzifəsinə keçmək istədiyini düşünərək, bacısı oğlu Dəyanət Quliyevə onu avtomobillə vurmaq və ya başqa bir yolla aradan götürmək tapşırığı verib. Dayısının uzun illər ona maddi və mənəvi dəstəyini nəzərə alaraq, onun istədiyini yerinə yetirmək qərarını verib. Lakin o, plandan kənara çıxaraq, dayısının tapşırdığı işi həmyerlisi və dostu Samir Quliyevə 40 min dollar müqabilində həvalə edib. Lakin ona bu işin sifarişçisinin Müşfiq Atakişiyev olduğunu bildirməyib.

Dəyanət Quliyev Samiri prorektorun yaşadığı evin yaxınlığında idman etdiyi meydançaya apararaq, onu göstərib. Samir Quliyev 10 gün ərzində onu izlədikdən sonra, 2011-ci il sentyabrın 16-da dəmir boru parçasıyla onu başından vuraraq, qətlə yetitib.

Dəyanət Quliyev 2000-2020-ci illərdə daxili işlər orqanlarında, o cümlədən Binəqədi rayonu, 7-ci polis bölməsində işləyib, polis mayoru olub.

İqtisad elmləri namizədi olan 1966-cı il təvəllüdlü Müşfiq Atakişiyev Azərbaycan Neft və Kimya İnstitutunu (hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirib. 2005-ci ildə professor adını alan Atakişiyev 2008-2010-ci illərdə Ali Attestasiya Komissiyasının iqtisadiyyat üzrə ekspert komissiyasının sədri, eyni zamanda, 2000-2014-cü illərdə Azərbaycan Dövlət Neft Akademiyasının kafedra müdiri olub. 2022-ci ildən isə İqtisadiyyat İnstitutunun icraçı direktoru idi.

Təfəkkür Universiteti 2017-ci ildə ləğv edilib.

Ana səhifəSosialRektoru öldürməkdə təqsirləndirilən şəxslərə hökm oxunub