”Rektor istefa verənədək aclıq aksiyası keçirəcəyik” (FOTOLAR)

Gürcüstanda tələbələr Tiflis Dövlət Universitetini zəbt ediblər, tədris sistemi pozulub, vəziyyət gərgin olaraq qalır

Source:


Gürcüstanda tələbələr Tiflis Dövlət Universitetini zəbt ediblər, tədris sistemi pozulub, vəziyyət gərgin olaraq qalır.

İvane Javaxişvili adına Tiflis Dövlət Universiteti (TDU) tələbələrinin martın 7-də başlayan etiraz aksiyası hələ də davam edir. İslahat tələb edən tələbələr rektor Lado Papavanın istefasını, Giorgi Qaprindasçvilinin konsul vəzifəsinə namizədliyindən imtina etməsini, universitetin seçkili orqanlarının maliyyə hesabatı verməsini və universitet daxilində təhlükəsizlik orqanlarına xidmət edən şəxslərin kimliyinin aşkara çıxarılmasını tələb edirlər.

Etirazlar sosial şəbəkə vasitəsilə yaradılan “Tələbə təhsil siyasətinə qarşı” hərəkatı tərəfindən təşkil olunub.

Rektorun kabineti tələbələr tərəfindən zəbt olunub. Universitet daxilində yaradılmış tələbə hökumətinin prezidenti Şalva Sabauri bəyan edib ki, rektorun kabinetinə girməsinə icazə verməyəcəklər: “Rektor istefa verənədək aclıq aksiyası keçirəcəyik”.

Etirazçı tələbələrə cavab olaraq universitet professorlarının 3-ü rektorun kabineti qarşısında aclıq aksiyasına başlayıb. Onlar bildiriblər ki, xarici qüvvələr tərəfindən idarə olunan tələbələr kabineti tərk etməyənədək aclıq aksiyasını davam etdirəcəklər.

Bağlı qapılar arxasında aparılan danışıqlardan sonra tələbələr rektorun kabinetini tərk ediblər.

Etirazlara İlia Dövlət Universitetinin tələbələri də qatılıb. Etirazın miqyasının böyüdüyünü görən universitet rəhbərliyi onların tələblərindən birini yerinə yetirib. Rektordan sonra ikinci səlahiyyət sahibi olacaq Giorgi Gaprindasçvili konsul vəzifəsinə namizədliyini geri götürüb. O, bu posta yeganə namizəd olub.

Bundan sonra tələbələr etiraza başlayıb və aksiyanın miqyası genişlənib. İslahat tələb edən tələbələrin bir qrupu universitetdə gecələyir.

TDU-nun sosial və siyasi elmlər fakultəsinin tələbəsi Veriko Devidze Meydan TV-yə müsahibəsində bildirib ki, tələbləri yerinə yetirilməsə, aksiyanı dayandırmayacaqlar. V. Devidze islahatçı tələbələr qrupunun üzvüdür. Onun sözlərinə görə, tələbələr universitetin büdcəsindən öz mənafeləri üçün pul xərcləyən özunüidarə heyətində islahatlar aparılmasını tələb edirlər: “Bundan başqa, bizim təşkil edəcəyimiz qrup universitetdə xüsusi xidmət orqanlarına işləyən şəxslər haqqında araşdırma aparmalıdır. Düşünürük ki, universitet bu cür adamlardan asılı olmadan, azad fəaliyyət göstərməlidir. Biz həm də, universitetin 14 nəfərdən ibarət elmi şurasında islahat aparılmasını tələb edirik”.

TDU-nun 2 saylı binasında qərar tutan digər qrup isə universitetin özunuidarə heyyətinin üzvləri və onların tərəfdarlarıdır. Universitetin özunüidarə analitik departamentinin rəhbəri Giorgi Kakuridze isə dedi ki, tələbələrə masa arxasında dialoq təklif etsə də, onlar bundan imtina ediblər: “Universitetin problemlərini fikirləşən mən və ətrafımda olan insanlardır. Heç birimiz başa düşmürük ki, onlar bu münasibətlərini niyə indi ictimaiyyətin qarşısında nümayiş etdirilər?”.

Universitetin özünüidarə heyyəti üzvləri qanuni yolla seçildiklərini bəyan edib və tələbləri yerinə yetirilənə qədər aclığı davam etdirəcəklərini deyiblər.
Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili tələbələrin etirazına reaksiya verib. “Georgiatoday”-in yazdığına görə,  baş nazir deyib ki, TDU-da və Gürcüstanın təhsil sistemində islahatlar aparılmalıdır. Kvirikaşvili tərəfləri dialoq vasitəsilə çıxış yolu axtarmağa çağırıb.
Gürcüstanın təhsil naziri Tamar Sanikidze deyib ki, o universitetin daxili işlərinə qarışmaq niyyətində deyil və baş verənlərə görə universitetin Akademik Şurası məsuliyyət daşıyır.
Akademik Şura isə rektorun istefası məsələsinə baxmaq və problemi həll etmək üçün vaxt istəyib.  
Universitet rəhbərliyindən münasibət öyrənmək istəsək də, rəhbərliyin nümayişlərlə əlaqədar Gürcüstanın Elm və Təhsil Nazirliyində olduğu bildirildi.

Ana səhifəXəbərlər”Rektor istefa verənədək aclıq aksiyası keçirəcəyik” (FOTOLAR)