Reketlikdə ittiham olunanlar məhkəmə zalından buraxıldı

Surxay Əliyevlə Hikmət Nəcəfli vəzifəli şəxsləri şantaj etməkdə təqsirləndirilirdi

Source:


Surxay Əliyevlə Hikmət Nəcəfli vəzifəli şəxsləri şantaj etməkdə təqsirləndirilirdi

2016-cı ilin dekabrında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həbs elədiyi, reketlikdə ittiham olunan “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onun müavini Hikmət Nəcəfli məhkəmə zalından azadlığa buraxılıb. Mayın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində onlara hökm oxunub. Adları çəkilən şəxslər müxtəlif vəzifəli şəxsləri, obyekt sahiblərini şəxsi həyatlarına aid məlumatları yaymaqla hədələyib, onlardan pul almaqda təsdiqli bilinsələr də, onlara şərti cəza verilib.

Bu cinayət işində baş redaktor və müavini ilə yanaşı, qəzetin daha dörd əməkdaşı da vardı – İlahə Qasımova, Gülbəniz Əliyeva, Maarif Abbasov və Sevinc Məmmədsalayeva. M.Abbasov həm də “Kriminal 107” qəzetinin baş redaktoru olub.

S.Məmmədsalayeva istisna olmaqla, o biri üç nəfər istintaq və məhkəmə dövründə ev dustaqlığında idi. Hökmə əsasən, onlara da şərti cəza verilib. S.Məmmədsalayeva isə başqa bir cinayət işi üzrə CM-nin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirli bilinib, 6 il azadlıqdan məhrum edilmişdi.

Yeni hökmlə onun əvvəlki cəzası da birləşdirilib və cəzanın müddəti 6 il 6 ay müəyyənləşdirilib. Cəzanın başlanğıcı isə onun digər iş üzrə 2014-cü ildə həbs olunduğu gündən hesablanacaq.

İttihamda yazılıb ki, S.Əliyev 47, H.Nəcəfli 46 halda adamlardan hədə-qorxu ilə pul alınmasında iştirak edib. Bu yolla S.Əliyevin 66 min, H.Nəcəflinin isə 78 min manat ziyan vurduğu qeyd olunub.

S.Əliyev və M.Abbasov, ümumiyyətlə, heç bir ittihamı qəbul etmir, özlərini təqsirli saymırlar. H.Nəcəfli, S.Məmmədsalayeva, İ.Abbasova qismən təqsirli bildiklərini deyiblər.

Vaxtilə “Ədalət”, “Haqqın səsi” qəzetlərində işləmiş S.Məmmədsalayeva ifadəsində həbsinin səbəbkarları kimi baş redaktor S.Əliyev və onun müavini H.Nəcəflini göstərib:

“Mən boşanandan sonra bir adamla sevgi münasibətləri yaşamışdım. Ondan ayrılandan sonra Surxay məni otağına çağırıb təhqir etdi, intim münasibətlərimi açıqlayıb biabır edəcəyini dedi. Bildirdi ki, onun üçün işləməliyəm. Vəzifəli şəxslər və biznesmenlərlə görüşüb, intim münasibətləri gizli videoya çəkib, şantaj edib pul alacağımızı dedi…”

Onun sözlərinə görə, Mənzil-Kommunal İstismar Sahələrindən birinin müdirinin ona göndərdiyi şəxsi fotolarını Surxaya verib. S.Əliyev həmin şəxsdən 10 min manat pul alıb.

DTX-nın 2016-cı ilin dekabrında keçirdiyi əməliyyat nəticəsində həbs olunan “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevə də iki gün öncə hökm oxunub. O, 4 il azadlıqdan məhrum edilib. H.Vəliyev də adamları şantaj edib pul almaqda təqsirli bilinib.

Ana səhifəXəbərlərReketlikdə ittiham olunanlar məhkəmə zalından buraxıldı