Rejimə boyun əyənlərdə ləyaqət…

Yaxşı ataların övladlarına öyrətdikləri

Source:

Bu yaxında bir videoya baxdım. İpdən asılan palto misalında evdə kişinin ailəni necə qoruması haqda idi. Beynəlxalq Atalar Günündə paylaşılırdı daha çox.

Baxdıqca adam təsirlənir, düşünür ki, kişinin ailədəki qoruyucu rolu çətin, şərəfli bir işdir. Bizim atalarımız da bu işi yerinə yetirirlər adətən. Azərbaycandakı ataları deyirəm. Dişləri-dırnaqları ilə ailələrini, xüsusən, uşaqları qoruyur, onlar üçün anladıqları anlamda yaxşı gələcək təmin etməyə çalışırlar.

İndi bir sual ortaya çıxır – məqsəd vasitəyə bəraət qazandırırmı? Bu suala Azərbaycandakı atalar misalında baxsaq, görəcəyik ki, vasitə çox mühümdür və məqsəd heç də həmişə vasitəyə bəraət qazandırmır.

Əvvəl baxaq görək, atalarımızın yuxarıda dediyim “yaxşı” anlamı nədən ibarətdir. Onlar istəyərdilər ki, bu anlamın dairəsi geniş olsun. Övladlarına mənəvi, maddi anlamda çox şey verə bilsinlər. Amma ölkədə yaşayış çətindir, bir qrup insan atalarımızın haqqını, haqqı çatan pulunu mənimsəyir, onları hər gün alçaldır. Bu vəziyyətdə təmiz qalmaq çox çətindir, xüsusən, səni qəhrəman, hamıdan güclü bilən övladların qarşısında.

Lakin bu çətin vəzifənin öhdəsindən əksəriyyət layiqincə gələ bilmir. “Yaxşı” anlayışının dairəsi zaman-zaman daraldılır. Vəziyyətin çətinliyi bəhanə kimi istifadə edilir. Atalarımız istərdi ki, övladına “rüşvət alma”, “başını dik tut”, “heç kimə əyilmə” desin. Amma “vəziyyət çətindir” axı. “Çax-çuxla dolan” deyirlər, “başını aşağı sal, işini gör” deyirlər, “ayıya dayı de, işinin xətrinə” deyirlər.

Və atalarımız hesab edirlər ki, ailənin təhlükəsizliyini təmin etmək, onu yedirmək “yaxşı” anlayışına daxil olan yeganə əsas şeydir. Başqa şey də daxil ola bilər, amma atalarımız vicdanlarını susdurmaq üçün həmin “başqa şeyləri” əlavə sayırlar, “çətin zəmanəyə, çətin vəziyyətə” görə siyahıdan çıxarırlar.

Anlamırlar ki, rüşvət alan insanda ləyaqət, başıaşağı olan insanda qürur, təhsili məhv edən hakimiyyətə baş əyən insanda isə mənəviyyat cəhətdən heç nə ola bilməz. Onlar acından ölməmək uğrunda puldan başqa hər şeyi tapdalaya bilən nəsil yetişdirirlər. Vicdanları isə sakitdir, çünki “yaxşı”larının dairəsi daraldılıb – bəhanə olmaları barədə vicdanları qarşısında susduqları bəhanələrlə.

Amma hamı elə deyil axı. İstisna da olsa, elə atalarımız var ki, övladlarına tərbiyə etdikləri “yaxşı”larının dairəsinə yaxşı məqsədlərlə yanaşı, yaxşı vasitələr də daxildir. Uşağı yaşatmaq naminə əclaflıq etmirlər. Məsələn, xeyli vicdanlı gəncdən ibarət bir qrup var ki, onların əksəriyyətinin tərbiyəsi bu nəticəni verib. Konkret ad çəksək, Tofiq Yaqublu var. Təslimsizliyin, ləyaqətli atanın simvolu. Yeganə övladının üzünü azadlıqda görməmiş Rəşadət Axundov var. Bizim nəsil üçün vicdan sözünün adı.

Məqsəd övladı gözəl yetişdirmək ola bilər. Hitlerin də məqsədi Almaniyanı ən böyük etmək idi. Amma ən rəzil Almaniya yaratdı. Çünki vasitə axmaq idi. Vasitələr də gözəl olmalıdır ki, sən gözəl nəticəyə nail ola biləsən. Yaxşılarımızın dairəsindən çıxara bilməyəcəyimiz şeylər var. Maddi şeyləri, bəzən həyatımızı qurban vermək bahasına nələrsə qorunmalıdır. Əslində, bizim 1993-də Elçibəydən, 2003-də İsa Qəmbərdən istədiklərimiz də acizlikdən atalardan istədiklərimiz kimidir – qurban gedərdiniz, amma maddi, fiziki olmayan nələrisə qoruyardınız – yaxşılar dairəsindən çıxardılması mümkünsüz olan nələrisə.

Məsələn, Elnur Astanbəylinin Rəşadətə yazdığı şeirdəki kimi:

Mən indi ordan çıxdıqda sənə

tüpürməyəcəyin bir üz,

yenə bir dost kimi sıxa biləcəyin

bir əl saxlamaqla məşğulam…


Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.

Ana səhifəMənim FikrimcəRejimə boyun əyənlərdə ləyaqət…