Rəhmətlik demokratiya

“Təbiətlərinə görə məntiqlə arası olmayan dövlətlər gənclər əleyhinə ölüm-dirim müharibəsi aparmağa məhkumdular”

Source:

“Təbiətlərinə görə məntiqlə arası olmayan dövlətlər gənclər əleyhinə ölüm-dirim müharibəsi aparmağa məhkumdular” – Lev Trotski

Rəvayətə görə, adamlara qarşı ömür boyu zalım olmuş bir kişi öləndə oğluna vəsiyyət edərək deyir: “Hamı yaxşı bilir, mən adamlara qarşı həmişə pis olmuşam. Çox adama zülm vermişəm. Camaat goruma söyəcək. Çalış bunun qarşısını al. Elə et ki, mən öləndən sonra şəhər əhli mənə rəhmət diləsin”.

Oğul atasının son xahişini yerə salmır. Atası ölən kimi, hamıya atasından beşbetər zülm edir. Bundan boğaza yığılan camaat da deyir ki, əşşi, Allah bunun atasına rəhmət eləsin. Atası buna baxanda, min dəfə yaxşı adam idi…

Məşhur futurist Jak Fresko çıxışlarının birində belə deyir: “Hər hansı bir millətə, dinə, hər hansısa partiyaya, yaxud da təşkilata mənsubluq hissi, ayrıseçkilik, başqalarına təkcə fərqli olduğuna görə bəslənən nifrət, vəzifə və hakimiyyət sevgisi heç də insanın bu məfhumlara əzəli bağlılığından yaranmır. İnsan millətsiz, dinsiz və partiyasız doğulur. Mənsubluq isə insanın doğulub böyüdüyü mühitin təsiri altına düşməsindən sonra yaranır”.

Məsələn, kimsə Avstraliyada doğulub böyüyəcəksə, o, ingilis dilinin Avstraliya ləhcəsində danışacaq, Amerikada yaşayacaqsa, Amerika ləhcəsində. Afrikalı ailəsində doğulan adam çox güman ki, oranın adət-ənənəsilə yaşayacaq. Əlbəttə, istisnasız ötüşmək olmaz, amma kütlə (fenomen şəxslər xaric), güclü təbliğat vasitələrilə müəyyən ideyalar naminə hər zaman, hər bir tarixi dövrdə ram edilib. Cəmiyyət həmişə məğlub olub. Alimin bəyan etdiyi – insanların görmək istəmədiyi, dini, milli və digər ideyalara görə unudulmağa məhkum etdiyi bir faktdır. Və nə qədər ki, biz bu faktı unudub həqiqəti özümüzdən uzaqlaşdırmağa çalışacağıq, bir o qədər də əziyyət çəkəcəyik. Çünki beyni boş olan insanlara hansısa ideyaya fanatik şəkildə aludəçilik təlqin olunduqda, həmin insanlar dünya üçün böyük təhlükə yaradır. Bu gün pul qazanmaq istəyən avantüraçı “siyasət yırtıcıları” yenə də müasir manqurtlardan böyük məharətlə istifadə etməkdədirlər. “Ağır xəstəliyə” tutulmuş manqurt fanatlar isə hər zaman saatlı bomba rolunu oynayır. Sonra qərar verilir və “Buum”. Xanımlar və cənablar, fanatlardan istifadə olunaraq yaradılmış problemlər hazırdır! İmkan verin, bunun arxasında duranlar buyurub pullarını qazansınlar!

Təlqinlə yoluxan hərisliklərdən biri də hakimiyyət xəstəliyidir. Təkhakimiyyətlilik sistemlərində hakimiyyət çox vaxt varisliklə eyni nəslin içində dolaşırdı. Dövlət başçıları xalqın istəyindən, iradəsindən asılı olmayaraq ya ölənədək hakimiyyətdə qalırdılar, ya da sui-qəsd, inqilab yolu ilə devrilirdilər. Yeni hökmdarlar sadəcə kiminsə oğlu, qızı, yaxud da qohumu olduqlarına görə hakimiyyətə gəlirdilər. Bu sistem – idarəçiliyi bir nəslin, ailənin içində saxlamaq üçün ideal idi. Hətta indi də monarxiya ilə idarə olunan dövlətlərin olmasına baxmayaraq, müasir dünya artıq insanların iradəsilə hesablaşmaq istəyir. Daha doğrusu, bəlkə də, nisbətən doğru düşünməyi öyrənmiş müasir insanlar köhnə dünyanı onların iradəsilə hesablaşmağa məcbur etməyə çalışırlar.

İçi bizim dövlət qarışıq üçüncü dünya ölkələri üçün dünya iki yerə bölünür: Uzaqdan həsrətlə izlənən işıqlı, müasir dünya (inkişaf etmiş ölkələr) və qaranlıq, köhnə dünya, yəni üçüncü dünya ölkələrində yaşayanların dünyası. Bu, kasıbların, səfalət bataqlığında batanların, yorğunların, üzgünlərin və üzündə dərd yazılmışların dünyasıdır. İşıqlı dünyada da, qaranlıq dünyada da dövlət başçıları hakimiyyətə müəyyən mənada şou vasitəsi ilə gəlirlər. Sadəcə, yeni dünya ilə köhnə dünyanın seçki şoularının arasında fərqlər var; yeni dünyada seçkilər yox, əsasən seçilən adamın şəxsiyyəti saxtalaşdırılır, yaxud müəyyən “PR” kampaniyalar vasitəsilə şəxsiyyəti bəzədilir və xalqa sevdirilir; köhnə dünyada isə seçkilərin özü də imitasiya edilir, seçilənin şəxs olaraq mahiyyəti də. Azərbaycandakı kimi. Təbii ki, hakimiyyətdə oturanların öz dünyası köhnə, qaranlıq dünyadan çox uzaqda yerləşir. Məsələn, işıqlı Dubay adalarında…

Dubay adaları demişkən, bu gün artıq tamamilə bütləşdirilmiş “Ümummilli tanrı” da yəqin rəvayətdəki kişi kimi, öləndə nəvələri üçün Dubayda od qiymətinə aldığı saraylardan danışa-danışa oğluna vəsiyyət eləyibmiş ki, bəs mən öləndən sonra zəhmət çəkib mənim üçün rəhmət qazanarsan. Oğul da bu günədək rəhmət qazanır. Böyük həvəs və hakimiyyət hərisliyi ilə. Hakimiyyət hərisliyi ölkə başçılarını əlbəttə ki, siyasətə qarışmayan vətəndaşların köməyi ilə əvvəl yavaş-yavaş diktatora çevirir, sonra onlarda allahlıq iddiası əmələ gətirir, sonda isə özünüməhvetmə prosesinə sürükləyir. Hakimiyyət hərisliklərin arasında bəlkə də ən təhlükəlisi və ən faciəvisidir. Özünə bomba bağlamış fanat öləcəyi vaxtı dəqiq bilir. Vaxt gəlir, o özünü partladır və ölür. Diktator isə addım-addım, hər gün, hər saat məhvə doğru addımlayır və özü də bunu başa düşür. Dəqiq bilmədiyi bu sonun nə vaxt olacağıdır. O, hər saat o günü gözləyir. O həmin günün, son günün fobiyası ilə yaşayır və hərisliyi daha da çoxalır, əsəbləşir, qəddarlaşır. Hər bir diktator potensial bir devrilmişdir. Bu, bütün diktatorların gec-tez anlayacağı həqiqətdir.

Bizim prezident Azərbaycanın az qala hər yerini gettolara bölüb. O, xarabalıqları bərbəzəkli hasarların arxasında gizlədib ölkəni müasir, qərbyönlü göstərməyə çalışsa da, dünyamızın işıqlı və yeni olduğunu desə də, bunun üçün mənasız reklamlara və təbliğata gecə-gündüz təbii ki, çirkli pullar töksə də, günü- gündən çiçəklənən yox, günü-gündən solan ölkəmiz müasir dünyayla ayaqlaşmır. Ölkə rüşvət və özbaşınalıq bataqlığında batır. Hakimiyyətimiz müasir dünyanı satıb, köhnə və əsarətli dünyanı xalqa demokratik respublika adıyla sırıyır. Hakimiyyətdə oturanlar da başa düşmürlər ki, köhnə dünyanı keyfiyyətsiz üzlüklərlə, mərmər parklarla, gecə işıqlarıyla gizlətmək olmaz. Ona görə ki, bunları hara gizlətsələr də, köhnə dünyanın səfalətini, yorğunluğunu, üzgünlüyünü vətəndaşların üzündən bir baxışla oxumaq olur. Bunların olmaması üçünsə hakimiyyət heç bir şey etmir. Qara günümüzün rəngi dəyişmir. Hakimiyyət qaranlığımızın işıqlanması üçün nəinki bir işıq, balaca bir şam da yandırmır. Bunların əvəzinə prezident var gücünü hakimiyyətin bir ailənin, nəslin içində dolaşması üçün, qol-budaq atması üçün sərf edir.

Hakimiyyət hərisliyinə uğramış diktator fanat terrorçudan pisdir. Fanat özünü bir dəfə partladaraq onlarla adamın həyatına son qoyur, diktator isə hakimiyyətdə olduğu müddətdə yüzlərlə, minlərlə adamın canını alır, günahsız adamları həbsə atır, ona sərf etməyən adamların dost və qohumlarına zülm edir.

Bütün başqa diktatorlar kimi bizim diktator da hakimiyyət hərisliyinə təlqinlə məruz qalıb. Təkhakimiyyətlilik sistemində olduğu kimi hakimiyyət ona varisliklə keçib. Seçkilər isə bütövlüklə saxtalaşdırılıb. Onda hakimiyyət hərisliyinin yaranması üçün vaxtında çox işlər görülüb. O da şaiyələrə görə belə işləri öz vərəsəsi üçün görməkdədir.

Beləliklə, 1918-ci ildə qurulmuş Azərbaycan Cümhuriyyətinin varisi olan Azərbaycan Respublikası təkhakimiyyətli bir dövlətə çevrilir. Bu yaxınlarda təklif edilmiş konstitusiya dəyişikliyi isə prezidentimizin oğlunu öz yerinə hazırladığı barədə yayılan söhbətlərin təkcə şaiyə olmadığını isbat edir.

Roma İmperatoru Diokletian müəyyən müddət hakimiyyətdə olduqdan sonra həyatının davamını həyətində, torpaqda işləyərək keçirmək istədiyini bildirib və taxt-tacdan imtina edib. İmperatorluğu atan, sonrakı həyatını əkin-biçinlə məşğul olan Diokletian çoxsaylı xahişlərə baxmayaraq, bir daha hakimiyyətə qayıtmayıb. Deyilənlərə görə o, bir dəfə növbəti xahiş üçün yanına gələn senat üzvlərinə belə deyib – ” Siz mənim becərdiyim kələmi görsəydiniz, məndən yenidən İmperator olmağımı istəməzdiniz”.

Bizim prezident isə öz postunu vaxtında tərk edib kələm yetişdirmək istəmir, bizim prezident balaca prezident yetişdirmək istəyir. Yetişdirmək istəyir ki, o da onun üçün rəhmət qazansın. Xalq desin ki, Allah bunun atasına rəhmət eləsin.

Doğrudan da, Allah rəhmət eləsin. Allah demokratiyamıza rəhmət eləsin.

Ana səhifəMənim FikrimcəRəhmətlik demokratiya