Rəhim Qazıyev: “Şuşanı qorumaq mümkün idi” (VİDEO)


Rəhim Qazıyev: “Şuşanı qorumaq mümkün idi”


Mustafa Hacıbəyli: “Əslində, Azərbaycan həmin dövrdə rus ordusunun qarşısında dayana bilməzdi”

Mayın 8-i Şuşanın işğalının 22-ci ildönümüdür. Hər il Şuşanın ildönümünü ittihamlarla yad edirik, uğursuzluğumuzun səbəbini axtarırıq. Şuşa isə hələ də işğal altındadır.

Bu gün də sabiq müdafiə naziri Rəhim Qazıyev və həmin dövrdə Şuşada Milli Qəhrəman Ramiz Qəmbərovun batalyonunda döyüşmüş Mustafa Hacıbəyli ilə söhbətimizdə 22 il əvvələ qayıtmalı olduq.



İşğaldan əvvəl Şuşada olanların məlumatlarına görə, şəhərin dairəvi müdafiəsi təşkil edilməyib, səngərlər, atəş nöqtələri olmayıb, nəhayət, texnika və döyüşən qüvvə az olub. Bu barədə nə deyə bilərsiniz?


Rəhim Qazıyev:

Bu fikirlərin uydurulmuş da, doğru hissəsi də var. Sadəcə həmin dövrdə Azərbaycandakı siyasi hərc-mərclik döyüşdə olan qüvvələrin tam təmərküzləşib düşmənə zərbə vurmasına imkan vermirdi. Aprelin 20-dən paytaxt Bakıda hakimiyyət uğrunda mübarizə gücləndi. Əvvəl meydana Heydər Əliyevin, sonra Ayaz Mütəllibovun tərəfdarları, sonda cəbhəçilər gəldi. Həmin vaxtdan başlayan oturaq mitinqlər mayın 18-nə qədər davam etdi. Hamı bilməlidir ki, müdafiə naziri kimi məsuliyyəti üzərimdən atmaq haqqında bir kəlmə də deməmişəm. 1992-ci ildə doğulanların bu gün 22 yaşı var, onların beyninə gün ərzində yalan yeridirlər. O dövrdə Müdafiə Nazirliyinin adı vardı, özü yox idi. Təsəvvür edin ki, ordunun Nizamnaməsi, Əsasnaməsi, Hərbi prokurorluq, Hərbi tribunal, Səhra Məhkəməsi yox idi. İnsanlar inersiyayla, könüllü şəkildə döyuşürdü.



Bir müddət könüllülərə də siz rəhbərlik etmisiniz…

–         Bəli, mən də könüllülər təşkil edib, müharibəyə getmişdim. Sadəcə müharibənin adı olub, özü yox. Müharibəni isə nazirlik yox, bütün hökumət və dövlət öz qüvvəsilə aparır. Nəhayət, bütün real qüvvələr hakimiyyət uğrunda mübarizəyə cəlb olunmuşdusa və onları dəstəkləyən döyüşçülər də cəbhə xəttindən çıxıb Bakıya gəlirdisə, bunun qarşısını almaq nazir olan şəxsin gücündə deyil.



Deməli, Şuşanın işğalının qarşısını ala bilmirdiniz?

–         Ala da bilməzdim, çünki Şuşa daxili xəyanətin nəticəsində itirildi.



Mustafa bəy, sualımı cavablandırın. Rəhim Qazıyevin fikirlərini bölüşürsünüzmü?


Mustafa Hacıbəyli:

Şuşa işğal olunandan gündən kimlərisə günahkar sayırlar, bəzən Rəhim Qazıyevi günahkar çıxarırlar. Amma Şuşanın işğalını kiminsə üzərinə qoymaq tendensiyasını düzgün saymıram. Rəhim bəy də “səngərdən çıxıb, hakimiyyət uğrunda mübarizəyə qoşuldular”- deməklə demokratik qüvvələri ittiham etdi. Amma həmin dövrdə Şuşada döyüşlərin əksəriyyəti cəbhəçilər idi. Mən Milli qəhrəman Ramiz Qəmbərovun batalyonunda döyüşürdüm, o, bütövlükdə Şuşanın müdafiəsinə rəhbərlik edən şəxslərdən biri idi. Həmin batalyondakıların hamısı cəbhəçi idi, Bakıda kimin hansı iddiada olmasından asılı olmayaraq düşmənlə üz-üzə dayanmışdıq. Ən təhlükəli postda-Şuşa-Xankəndi yolundakı “zapravka postu”ndaydıq. Mayın 8-də Şuşa işğal olunan gün ən çox şəhidi Ramiz Qəmbərovun batalyonu verdi. Səhv etmirəmsə, 130-a yaxın insan şəhid olmuşdu, onlardan 80-dən çoxu bizim batalyondan idi. Elə 24 nəfər mənim yanımda şəhid oldu, hamısı cəbhəçi idi. Ona görə hakimiyyət uğrunda ittihamlar yersizdir. Şuşanın taleyi əvvəlcədən həll olunmuşdu.



Hansı mənada?

–         Şuşa yarımmühasirə şəraitindəydi, mayın 8-nə qədər ətrafdakı bir çox kəndlərin əsas mövqeləri ermənilərin əlindəydi. Yalnız Laçından gələn yol bizdəydi, amma gündüz oranı keçmək mümkünsüz idi, ona görə gecə keçirdik, bu mənada o yol da tam bizim nəzarətimizdə deyildi.



Laçından kömək istənildimi?

–         Bildiyimə görə, Elbrus Orucov həmin vaxt kömək üçün Laçına gedib, amma cəhdləri baş tutmadı. Sualınıza gələk, Şuşada olduqca məhdud sayda silahlı əsgər vardı. Bəzən deyirlər ki, Şuşa dağın başındaydı, xəyanət olmasaydı, almaq mümkün deyildi. Xeyr, birinci, ermənilərə rus ordusu güclü kömək edirdi, onlar kosmosdan bizim postları görürdülər, 366-cı polk onlara dəstək verirdi. İkinci, Elbrus Orucov müsahibələrində demişdi ki, Şuşada 77 nəfər silahlı əsgər olub.



Rəhim bəy, siz Elbrus Orucovu Şuşaya komendant təyin etmişdiniz. Onu həmin vəzifəyə təyin edəndə rayondakı durumdan xəbəriniz yox idimi, axı özünüz də orda döyüşmüşdünüz?


Rəhim Qazıyev:

Elbrus Orucov Hərbi Akademiya təhsilli idi, onlar 4 qardaş idi, hamısı da hərbçi. Mən onu kənara qoyub, könüllünü təyin etsəydim, indi haqlı ittiham olunardım. Mən onu 1 ay idi təyin etmişdim, ona qədər hərbi əmlakın alınması da olmayıb. Nazir olandan sonra bu sistemləri yaratdım. Mayın 12-də 1992-ci idə xüsusi adamlar tərəfindən öyrədilib cəbhəyə göndərilən Azay Kərimovun məhkəmədə ifadəsi var, o, deyir: “Qarabağ batalyonu-500 əsgər, Tofiq Oğuz, Ramiz Qəmbərin batalyonu 120 əsgər. Yevlax batalyonu-Camal Verdiyev-872 əsgır, nəhayət, 777-ci hərbi hissə-Elçin Məmmədov-3 tank, 2 BTR və başqa hərbi ləvazimatlar”. Yaxud kəşfiyyat rotasının komandiri  Adil Nəbioğlu məhkəmədəki ifadəsində mayın 7-də və 8-də silahların yetərli olduğunu deyib. Onları məzuniyyətə buraxıblar və bunu Elçin Məmmədov edib.



Bəs 772-ci hərbi hissəyə Elçin Məmmədovu kim təyin etmişdi?

–         O, könüllü deyildi və yeganə az-çox formalaşan hərbi hissə 772 idi, Rövşən Əkbərov da onun müavini idi.



Onlar sizə tabe idimi?

–         Bəli.



Bilmirdiniz ki, döyüş zonasından əsgərləri niyə məzuniyyətə buraxırlar?

–         Çox yaxşı bilirdim. Mən mayın 7-də axşam saat 7-də Şuşaya hücum hazırlandığını bilmişəm, Tehranda da sülh danışıqları aparılır. Elbrus Orucova təxribat ola biləcəyini də demişəm. Bildirmişəm ki, ona görə kəşfiyyat məlumatlarını müəyyənləşdir, doğru olarsa, bütün müdafiə tədbirlərini gör. O zaman heç yaxşı rabitəmiz də yox idi.


Mustafa Hacıbəyli:

Əslində, Rəhim bəy, sadaladığınız statistika texnikanın çox cüzi olduğunu göstərir, lap tutaq ki, hamısı “saz” vəziyyətdədir, amma çox az qüvvədir. Təkcə 366-cı polkun onlarla tankı, BMP-si olub.


Rəhim Qazıyev:

20 dənə minamyot, 50 dənə qrantamyot olub.



Bəs niyə Şuşanı qoruya bilmədik?


Rəhim Qazıyev:

Sadəcə, silahlar gizlədilib.



Harda gizlədilib?


Rəhim Qazıyev:

Hərbi hissələrdə.


Mustafa Hacıbəyli:

Əgər belə ittiham varsa, siz müdafiə naziri olmusunuz, niyə gizlədilib?! Çünki bütün bunlar sizin nəzarətinizdə olmalıydı.



Rəhim bəy, silahları gizlədənləri cəzalandırdınızmı?


Rəhim Qazıyev:

Mən 15 günə bütün informasiyaları ala bilməzdim. Mayın 4-də MTN-nin və DİN-nin Şuşa şöbələri qapılarını bağlayıb gedib. Yaxud aprelin 30-da icra başçısı Nizami Bəhmənovun sorağı Naxçıvandan gəlir və bir də mayın 7-də qayıdır.


Mustafa Hacıbəyli:

Mən bir məqama toxunmaq istəyirəm, bəlkə də subyektiv yanaşmadır, yanılıram. Mən kiminsə məzuniyyətə buraxılmasını Şuşanın satılması məqsədi ilə edildiyinə inanmıram. Çünki məzuniyyətə buraxılmalar yanvar, fevral, mart da olub. Sadəcə, məsuliyyətsiz yanaşmalar var idi.



O zaman Şuşanın işğalının səbəbi nə idi?


Mustafa Hacıbəyli:

Rəhim bəy batalyonlardakı əsgərlərin sayını sadaladı, ən az elə Ramiz Qəmbərovun batalyonundaydı, amma ən çox şəhidi də biz verdik. Çünki onların əksəriyyəti həmin gün döyüş meydanında olublar. İnsanlar düşünüb ki, vətən üçün vuruşurlar, 3-5 gün səngərdə keçirib, sonra istirahətə gedir, Bakıda öz qəhrəmanlıqlarından danışır. Daha düşünmür ki, həmin gün də Şuşaya hücum ola bilər, işğal təhlükəsi yaranar.


Rəhim Qazıyev:

Mustafa bəyin bu mühakiməsinə çox təşəkkür edirəm. Gecə saat 1-də 777-ci hərbi hissədən 25 nəfər evə buraxıldı. Ondan 3 saat qabaq briqada komandiri mənə zəng edib hücum təhlükəsi olduğunu, bütün komandirləri Nizami Bəhmənovun kabinetinə topladığını deyib. Həmin müşavirədə  Elçin Məmmədov, Rövşən Əkbərov iştirak ediblər, bunlar müdafiə tədbirləri görməli olduqları halda ermənilətin hücumuna bir neçə saat qalmış 25 əsgəri evə buraxıblar. Bunlar, doğrudanmı, təsadüfdür?


Mustafa Hacıbəyli:

Rəhim bəy, bu suallar sizə verilməlidir. Çünki tabeliyinizdə olan komandirlər bu əməlləri törədiblər…



Rəhim bəy,niyə tədbir görmədiniz?


Rəhim Qazıyev:

Sadəcə, orda gedən proseslərdən o dəqiqə xəbər tuta bilməzdim.



1-2 ay sonra tədbir görərdiniz…


Rəhim Qazıyev:

Cinayət işi başlandı.



O zaman niyə həmin adamlar cəzalandırılmadı?


Rəhim Qazıyev:

Nə AXC-nin dövründə buna maraq oldu, nə də ondan sonrakı hakimiyyətin. Elbrus Orucovun ifadəsi var, 1992-ci ilin 15 iyununda. Deyir ki, 29 apreldən nazirliyin tabeliyindəydi. Mən aprelin 28-də Gəncəyə getmişəm, sonra məlumat almışam ki, o, aprelin 29-da Heydər Əliyevin kabinetində olub, halbuki, atəş nöqtələrini yoxlamalıydı. Bunun şahidi “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev olub. Aprelin 30-da isə Nizami Bəhmənov Naxçıvanda olub. Onların Heydər Əliyevin yanında nə işləri vardı?



Rəhim bəy, bu sualı onlara vermədinizmi?


Rəhim Qazıyev:

Mən sonradan bu barədə məlumat almışam.



Mustafa bəy

, bu cür hadisələrin döyüşə təsiri ola bilərmi?


Mustafa Hacıbəyli:

Mən bunlardan xəbərsiz olduğumdan şərh etmək istəmirəm. Amma Şuşa işğal olunan gün Elbrus Orucov orda olub, həm də müdafiə işlərini təşkil etdiyini, amma alınmadığı barədə çox sözlər eşitmişəm. Həqiqətən intizam yox idi, onun çağırışlarına da rədd cavab verirdilər. Düzdür, Elbrus Orucov zabit olsa da, təşkilatçı deyildi. Mən Rəhim bəyin özünün də tək günahlandırılmasının tərəfdarı deyiləm, ancaq bir epizodu xatırlatmaq istəyirəm: mayın 8-də bütün gecəni Şuşanı artilleriya atəşinə tutdular, şəhər yanırdı. Mən də yaralanmışdım, hospitala gətirdilər, indiyə kimi o səs qulağımdadı; bəs Rəhim bəy niyə gəlməyib? Yəni Şuşaya hücum olan günü hamı Rəhim bəyi gözləyirdi. Amma Elbrus Orucov həmin günü Şuşadaydı, onu mənə heç bir tel bağlamır. Sadəcə ədalət naminə bunları dedim.



Rəhim bəy, Şuşaya niyə getmədiniz?


Rəhim Qazıyev:

Ən böyük günahım o idi. Mayın 8-də səhər saat 7.30-da kabinetdən çıxıb nazirliyin yaxınlığındakı helikopter meydançasına gedəndə Etibar Məmmədovla Tahir Əliyev içəri girdilər. Çox təəssüf ki, ikisi də məhkəmədə bunu inkar etdilər. Onlar hara getdiyimi soruşdular, “Şuşaya” deyə bildirdim. Dedilər ki, sən qal, silah məsələsini həll et. O zaman nazirlikdə ehtiyat avtomat da yox idi. Bəli, mənim ən böyük günahım onlara inanmağım idi. Getməsəm də, 18 tank, BMP göndərdim. Həmin vaxt Bakıdan Şuşaya nəyinsə göndərilməsi üçün 600 kilometr yol keçməliydi, ikinci, bu silah-sursatları ruslardan yalvarıb almalıydım. Silah anbarım olsaydı, birbaşa göndərərdim. Yaxud silahların batareyası yox idi, çıxarıb satmışdılar.



Bəs niyə cəzalandırmırdınız?


Rəhim Qazıyev:

Nəylə cəzalandıraydım? Mən başkəsən deyiləm.



Siz müharibə aparan dövlətin müdafiə naziri idiniz…


Rəhim Qazıyev:

Müdafiə naziri kimi qaçanı güllələmək haqqında əmr vermişəm, məhkəmədə hakim Ənvər Seyidov dedi ki, anan namaz üstündə olub, çünki əmrini yerinı yetirməyiblər, bu, səlahiyyət həddini aşmaqdır.



Əgər beləydisə, etiraz edərdiniz, müdafiə naziri olmazdınız…


Rəhim Qazıyev:

Kimə etiraz edərdim?



O zaman dövlətin başçısı Yaqub Məmmədova…


Rəhim Qazıyev:

Həmin dövrdə gecə-gündüz iş görmək üçün çalışırdım, sonra da uşaq kimi küsüb getməliydim, eləmi? Bu gün məni ittiham edirlər, ittihamdan qaçmıram. Gəlin, görək, mən nəyi edib, nəyi etməmişəm. 10 tank, 10 BMP göndərmişdik, Lənkərandan Zəngilana çatanda məlum oldu ki, elektrik naqilləri kəsilib. Məcbur olub 12 texnika göndərək, amma Səfər Əbiyev Zəngilanla Qubadlı arasında texnikanı və 100 əsgəri qoyub qaçdı. Cinayət işi başlandı…



Amma bir neçə il sonra müdafiə naziri təyin olundu…


Rəhim Qazıyev:

Özü də 18 il işlədi. İkinci, həmin dövrdə əmrim olmadan Şuşanı tərk edən Elbrus Orucova Heydər Əliyev general-mayor rütbəsi verdi, ardınca da müdafiə nazirinin müavini oldu. Səfər Əbiyev haqqında cinayət işi başlansa da, yarımçıq qaldı.



Yekuna gələk, Şuşanı qorumaq olardımı?


Mustafa Hacıbəyli:

Zirvədən baxanda fərqli düşünürsən, ona görə həmişə Şuşanı qorumağın mümkünlüyünü düşünmüşəm. Bütövlükdə götürdükdə günahları bir neçə nəfərin üzərinə qoymaq düzgün deyil. Ermənilər ordu yaradanda, biz OMON yaradırdıq. Hər il Xocalı faciəsinin ildönümündə onminlərlə insan abidəni ziyarət edir, amma bilirik ki, həmin düşmənin qarşısında dayana bilən bir neçə yüz adam olub.  Günahımız odur ki, cəmiyyətimizdə müdafiə ovqatı çox güclü olmayıb. Əslində, Azərbaycan həmin dövrdə rus ordusunun qarşısında dayana bilməzdi. Mayın 8-də gecədən səhər 6-ya qədər artilleriya atəşi başladı, müxtəlif kəndlərdən eyni vaxtda atılırdı, 5-10 dəqiqə fasilə olurdu, mütəşəkkil hazıtlaşmışdılar. Bizim nöqtələri də ruslar kosmosdan çəkib vermişdi onlara. Nə qədər fədakarlıq göstərsəydik belə, rus ordusunun qarşısında dayana bilməzdik. Buna baxmayaraq, Azərbaycan rus ordusuna qarşı döyüşlərdə 30 min şəhid verib. Amma rus ordusunun qarşısında Çeçenistan, Gürcüstan dayana bilmədi. Bu mənada o dövrdə kifayət qədər müqavimət göstərməməyimizə heç də bəraət qazandırmıram. Hər halda Şuşanı qorumaq mümkün idi, ancaq kiminsə günahı ucbatından qoruya bilmədik söyləmək qeyri-kompitent səslənir.


Rəhim Qazıyev:

Hesab edirəm ki, Şuşanı qorumaq mümkün idi.



Bəs niyə qoruya bilmədik?


Rəhim Qazıyev:

Əgər bir ölkədə kreslo uğrunda mübarizə torpaq uğrunda mübarizəni üstələyirsə, Şuşanı necə qorumaq olardı?


Mustafa Hacıbəyli:

Vəzifə uğrunda siz də mübarizə aparmısınız.


Rəhim Qazıyev:

Sizdə mənə qarşı alergiya var… Mən bir kresloda oturmuşam, əgər kreslo uğrunda mübarizə aparsaydım, kim məni ordan “tərpədə” bilərdi?



Rəhim bəy, Şuşanı niyə qoruya bilmədik?


Rəhim Qazıyev:

Mən də kreslo uğrunda mübarizə aparmışam, onu da qəbul edirəm, çünki onun beyninə o cür yeridiblər. Ancaq cinayət işini də oxuyun. Müstəntiqin Elbrus Orucova verdiyi suallara baxın (cinayət işindəki ifadələri oxuyur). O zaman hücum haqqında söhbət getmirdi, ancaq müdafiəni möhkəmlətməyi düşünürdük. Necə olur ki, akademiya təsiri olan hərbçi Şuşa yolunun minalamasından danışır, amma xəritəsiz.



Və bütün  bunlardan sonra siz bir neçə ay nazir olsanız da, o adamlar cəzalandırılmadı…


Rəhim Qazıyev:

Sən nə qəribə adamsan, mən cəllad, prokuror deyiləm. Bəs prokuror, müstəntiq nədən ötrüdür? Sən hər şeyi Heydər Əliyevin “vilkası”yla ölçürsən: “tut başını kəs”, mən bunu edə bilməzdim. Cinayət işi açılıb, bunu da prokuror aparır.



Mustafa bəy, Rəhim Qazıyev haqlıdırmı?


Mustafa Hacıbəyli:

Rəhim bəy, bəs niyə o adamları kənarlaşdırmadınız?


Rəhim Qazıyev:

Hamısını nazirlikdən uzaqlaşdırdım. Elbrus Orucovu, Rövşən Əkbərovu uzaqlaşdırsam da, sonra hamısı gəlib qəhrəman oldular. Mustafa bəy, həmin dövrdə Qarabağ məsələsi bu qədər “şişməmişdi”.

Ana səhifəVideoRəhim Qazıyev: “Şuşanı qorumaq mümkün idi” (VİDEO)