”Mən əfv ərizəsi yazmamışam”
Sabiq müdafiə naziri Rəhim Qazıyev deputat Məlahət İbrahimqızının onun barəsində dediyi fikirlərə etiraz edib. Meydan TV ilə əlaqə saxlayan Rəhim Qazıyev 2004-cü ildə azadlığa çıxarkən əfv ərizəsi yazmadığını deyir.
Məlahət İbrahimqızı Meydan TV-də yayımlanan
“Ən əsası Sevinc Osmanqızı ilə”
proqramına açıqlamasında Rəhim Qazıyevin, İsgəndər Həmidovun və digərlərinin siyasi məhbus kimi təqdim olunduğunu, sonra günahlarını etiraf edərək prezidentə müraciət etdiklərini və əfv edildiklərini söyləyib.
Rəhim Qazıyev isə deyir ki, nə özü, nə də yaxınları prezidentə əfv ərizəsilə müraciət edib:
“Əgər Məlahət İbrahimqızı mənim yazdığım ərizəni, yaxud müraciəti tapıb çıxarsa, üzr istəməyə hazıram. Guya mən peşman olmuşam. Yalandır, belə bir şey olmayıb. Məlahət İbrahimqızı hansısa ifadəni işlədəndə, heç olmasa fakta söykənsin. Bəli, mən həbsdə olanda dəfələrlə əfv ərizəsi yazmaqla bağlı təkliflər almışam, amma rədd etmişəm. Çünki günahım olmayıb, üzərimdə qurulan məhkəmə proseslərini izləyənlər bunu yaxşı bilir”.
Keçmiş müdafiə naziri 16 mart əfv sərəncamını da mənfi qiymətləndirib:
“Xüsusən də “Xəzər Dəniz Gəmiçiliyi”nin sədr müavini olmuş Mübariz Mədətovun oğlu Xalid Mədətovun əfv olunmasını anlamıram. Bu adam sərxoş vəziyyətdə maşını idarə edib və nəticədə tarzən Ağasəlim Abdullayevin həyat yoldaşı və nəvəsinin ölümünə bais olub. Ona 12 il həbs cəzası vermişdilər, amma cəmi 3 il yatdı. Təsəvvür edirsiniz, İlqar Məmmədov, Seymur Həzi, İlkin Rüstəmzadə, daha neçə günahkar şəxs əfv olunmur, amma iki nəfəri öldürən adam azad edilir. Dövlət başçısı İlham Əliyevin, yaxud Əfv Komissiyasının üzvlərinin yaxınlarının ölümünə bais olan adam azad edilsə, necə qarşılayarlar? Bu suala prezident və komissiya üzvləri cavab versə, yaxşı olardı”.