Referenduma etiraz edən məhbus karserə salındı

Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədov karserə salınıb

Source:


Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədov karserə salınıb

Onun vəkili Yalçın İmanov hesab edir ki, Mövsüm Səmədov Konstitusiyaya düzəlişlərlə bağlı referenduma etiraz olaraq avqustun 29-da müddətsiz aclığa başladığına görə cəzalandırılıb.

Mövsüm Səmədov “düzəlişləri mürtəce” hesab edir. Onun fikrincə, bu düzəlişlərin qəbulu ölkədə monarxiya üsul-idarəsinin bərqərarı deməkdir.

Vəkil Yalçın İmanov müttəhimlə görüşmək üçün sentyabrın 3-də Qobustan həbsxanasına gedib.

Yalçın İmanov Turan-a bildirib ki, şənbə günü iş günü olmadığını əsas gətirərək Mövsüm Səmədovla görüşünə icazə verməyiblər.

Şənbə onlarda iş günüdür

Vəkilin sözlərinə görə, əslində şənbə günü bütün cəzaçəkmə müəssisələrində iş günüdür.

O hesab edir ki, onun Mövsüm Səmədovun yanına buraxılmamasının əsl səbəbi AİP liderinin aclıq aksiyası keçirməsinə görə karserə salınmasıdır.

Vəkil müttəhimin yanına buraxılmamasını həbsxana əməkdaşlarının özbaşınalığı və Mövsüm Səmədovun hüquqlarının pozulması kimi qiymətləndirir.

Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

Mövsüm Səmədov 2011-ci ildə bir neçə tərəfdarı ilə qanunsuz silah saxlamaq, hakimiyyətin ələ keçirilməsi və s. ittihamlarla müxtəlif müddətə həbs olunublar.

M. Səmədov 12 il həbs cəzası alıb. Avropa İnsan Hüquqları Məhkəməsi onun işi üzrə kommunikasiyaya başlayıb.

2014-cü il oktyabrın 9-da Qaradağ Rayon Məhkəməsinin qərarı ilə M.Səmədovu 12 saylı koloniyadan 2 ilini ciddi rejimdə keçirməklə Qobustan həbsxanasına köçürüblər. Şərtlərin sərtləşdirilməsi M.Səmədovun intizamı pozması ilə əsaslandırılıb. Lakin bəzi məlumatlara görə, əsl səbəb M.Səmədovun məhbuslar arasında populyarlığının artması olub.

M. Səmədov Azərbaycan hakimiyyətini korrupsiya və dindarların hüquqlarının pozulmasına görə kəskin tənqid edirdi.

Ana səhifəXəbərlərReferenduma etiraz edən məhbus karserə salındı