Sentyabrın 25-də Konstitusiyaya dəyişikliklər edilməsi məqsədilə sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar təşviqatın aparılması üçün ayrılan müddət başa çatır.
Seçki Məcəlləsinə əsasən referendum üzrə qeydə alınmış təşviqat qrupları tərəfindən təşviqatın aparılması səsvermə gününə 23 gün qalmış başlanmalı, səsvermənin başlanmasına 24 saat qalanadək dayandırılmalıdır.
Mərkəzi Seçki Komissiyası üç təşviqat qrupunu qeydə almışdı. Bunlar “Yeni Azərbaycan”, “Bələdiyyə” və “Vətəndaş Cəmiyyəti” təşviqat qruplarıdır. Hər üç qrup Konstitusiyaya dəyişikliklərini dəstəkləyir. Onlar təşviqatla bağlı ödənişsiz efirdən imtina edib.
Sentyabrın 26-na təyin edilmiş referendumla əlaqədar referendumqabağı təşviqata sentyabrın 3-də başlanıb. Təşviqat sentyabrın 25-də, saat 08.00-da dayandırılacaq.