Referendum prezidentin yeniyetmə oğlu Heydər Əliyevin siyasətə gətirilməsi üçündür

Azərbaycanda hakimiyyət çoxdan bir ailənin nəzarəti altındadır və beləliklə də, iyulda prezident İlham Əliyev parlamentə və prezidentliyə namizədlik üçün yaş senzinin aşağı salınmasını təklif edəndə hökümət tənqidçilərinin bir çoxu onun bu “motivasiyasını” yeganə oğlu -19 yaşlı Heydər Əliyevə siyasi karyera qurmaq istəyi kimi qiymətləndirdilər.

Source:

Azərbaycanda hakimiyyət çoxdan bir ailənin nəzarəti altındadır və beləliklə də, iyulda prezident İlham Əliyev parlamentə və prezidentliyə namizədlik üçün yaş senzinin aşağı salınmasını təklif edəndə hökümət tənqidçilərinin bir çoxu onun bu “motivasiyasını” yeganə oğlu -19 yaşlı Heydər Əliyevə siyasi karyera qurmaq istəyi kimi qiymətləndirdilər.

Əliyevlər ailəsinin üç övladının ən kiçiyi olan Heydər dördüncü kurs tələbəsidir və o, hər hansı siyasi təcrübəyə malik deyil. Ancaq partiarxal Azərbaycan üçün bunun elə bir əhəmiyyəti yoxdur. Hakim ailənin kişi varisi olaraq, atası kimi onun da babası və adaşı olan keçmiş prezident Heydər Əliyev tərəfindən əsası qoyulan siyasi irsi davam etdirəcəyi gözlənilir.

Heydərin anası-52 yaşlı Mehriban Əliyeva Heydər Əliyev Fondunun prezidentidir. O, 2005-ci ildən deputat və prezident İlham Əliyevin rəhbəri olduğu Yeni Azərbaycan Partiyasında (YAP) sədr müavinidir. Heydər Əliyevin bacıları – 31 yaşlı Leyla Əliyeva və 27 yaşlı Arzu Əliyeva da ictimai fəaliyyətlə məşğuldurlar.

Sentyabrın 26-da prezident tərəfindən irəli sürülən 29 dəyişiklik referenduma çıxarılacaq və bu dəyişikliklərin bir neçəsinin Heydər Əliyevə “siyasətə öz töhvəsini vermək üçün” imkanlar yaradacağı bildirilir.

Dəyişikliklərdən ikisi deputatlığa namizədin minimum yaş həddini 25-dən 18-ə, prezident kürsüsünə namizədlik üçün yaş həddinin 18-ə endirilməsi ilə bağlıdır.

Üçüncü bir dəyişikliyə görə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə qaldırılır.

Heydər Əliyev 22-23 yaşlarında olanda prezident, ondan bir neçə il sonra – 2020-ci ildə isə parlament seçkiləri keçiriləcək.

Konstitusiyaya dəyişikliklərin böyük ehtimalla qəbul olunacağı gözlənilir, bunun üçünsə ölkə üzrə 5.12 mln seçici səsinin 25 faizindən bir qədər çoxu tələb olunur.

Hələlik nə prezident, nə də onun köməkçiləri yaş senzinə dəyişikliyin məhz Heydər Əliyevə görə referenduma salındığını açıqlamayıblar.

Hökumət və onun tərəfdarları bəyan ediblər ki, dəyişikliklər savadlı və perspektivli gənclərə imkanlar yaradacaq və bu, hökumətin dövlət quruculuğuna dair apardığı islahatların tərkib hissəsidir.

“Şah İsmayıl Xətai 14, Makedoniyalı İsgəndər 20, Napoleon ondan azacıq artıq yaşda dövlət başına keçiblər. Bəşəriyyətin tarixini onlarsız təsəvvür etmək, sadəcə mümkün deyildir”,- deyə YAP sədrinin müavini Əli Əhmədov iyulun 28-də parlamentin rəsmi qəzeti olan “Azərbaycan” qəzetinə verdiyi müsahibəsində deyib.

Heydər Əliyevin indiyədək əldə etdiyi yeganə nailiyyət 2013-cü ildə yaxşı oxuduğuna görə qızıl medal alan 238 tələbədən biri olmasıdır.

Onun adı beynəlxalq miqyasda 2010-cu ildə hallanmağa başladı. ABŞ-ın “Washington Post” qəzetində dərc olunan araşdırma nəticəsində məlum oldu ki, balaca Heydər hələ 11 yaşında olanda Dubayda dəyəri 44 milyon dollar olan doqquz mülk alıb. Prezidentin ailəsi bu araşdırma ilə bağlı hər hansı açıqlama verməyib.

Heydər Əliyev hazırda hökumət və xarici əlaqələr üzrə kadrlar hazırlayan Azərbaycan Diplomatik Akademiyasında təhsil alır. Bu akademiyanın təsisçisi və rektoru Əliyevin ana tərəfdən böyük dayısı olan xarici işlər nazirinin müavini Hafiz Paşayevdir.

Beləliklə də, nəvə Heydərin imicinin formalaşdırılmasına start verilir.

2011-ci ildə hökumətyönlü media onun ingilis dili müəllimi Fransiz Montenin “Yeni Müsavat” qəzetinə verdiyi açıqlamasını tirajlayır: “Çox ağıllı, dərrakəli uşaqdır. Cəld işləyir, nümunəvi davranır, prezident oğlu olduğunu əsla hiss etdirmirdi”,- deyə müəllimi deyib.

Üç il sonra, o, ilk müsahibəsini Akademiyanın birinci kursuna daxil olanda verdi, onun 2015-ci ildə ilk dəfə səsvermədə iştirak etdiyi də mühum xəbər kimi yayımlandı.

Bu il sentyabrın 17-də Sabirabadda prezident İlham Əliyevin də qatıldığı regional müşavirə zamanı 70 yaşlı qadının Heydər Əliyevin prezident olması haqqında səsləndirdiyi fikirlər hökumət və hökumətyönlü mediada təbliğat, müstəqil və müxalif medianın tənqid obyektinə çevrildi.

Kamilxan Rüstəmova 54 yaşlı İlham Əliyevə “90 il prezident olmağı”, ondan sonra Heydər Əliyevin prezident seçilməsini arzu etdiyini bildirmişdi.

Buna görə də, müxalifət nümayəndələri iddia edirlər ki, parlamentə və prezidentliyə namizədliklə bağlı yaş senzinin aşağı salınmasının ancaq bir hədəfi var.

“Bu, Əliyev ailəsinin ən gənc üzvünün siyasətə yolunu açmaq üçündür”, – deyə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Gözəl Bayramlı deyir.

YAP-çı deputat Nizami Cəfərov isə deyib ki, bunda təəccüblü heç nə yoxdur. O, Azadlıq Radiosunun Azərbaycan bürosuna müsahibəsində bildirib ki, Əliyevlər ailəsi çox istedadlı ailədir və bu ailənin də nümayəndələri parlamentə seçilə bilərlər.

“Dəyişikliklər gənclər üçün potensial imkanlar yaradacaq”,- Nizami Cəfərov bildirib.

“Bu dəyişikliklər qeyri-müəyyən və qeyri- mütənasib görünür. Yaş məhdudiyyətinin indiki halda aradan qaldırılması növbəti parlament seçkilərində hakim partiyadan daha gənc namizədlərin irəli sürülməsi ilə maraq doğuracaq”, – Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli deyir.

Prezident Administrasiyası səsləndirilən ittihamlarla bağlı şərh verməyib.

YAP-çılardan fərqli olaraq, Azərbaycandan olan siyasətçilərin heç də hamısı parlamentin və prezidentliyin gənclər üçün açıq imkanlar yaradacağına inanmır.

“Çin imperatorları arasında 3 yaşlı uşaqlar da olub, amma onların dövləti idarə etmək bacarığı olmayıb, dövləti onların qəyyumları idarə edib. Bu dəyişikliklər də Azərbaycanın qəyyumlar vasitəsilə idarə edilməsinə yol açacaq”,- deyə Azərbaycan Demokrat Partiyası (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.

Üzv dövlətlərin konstitusiyalarına dəyişikliklər üzrə rəy verən Avropa Şurasının (AŞ) Venesiya Komissiyası ilkin rəyində parlament seçkiləri üçün yaş senzinin aşağı salınmasında prinsipcə bir problem olmadığını bəyan edib.

Eyni zamanda bildirilib ki, bu, ölkədə dövlət idarəçiliyinin keyfiyyətinə mənfi təsir göstərəcək.

Ümumilikdə, Venesiya Komissiyası dəyişikliklərlə bağlı mənfi rəy verib və bildirib ki, bu dəyişikliklər prezidentə inanılmaz səlahiyyətlər verəcək.

Təkliflər qəbul olunsa, prezident Əliyevin parlamenti buraxmaq və növbədənkənar seçkilər elan etmək səlahiyyətləri olacaq.

Birinci vitse-prezident və vitse-prezidentlər baş nazirdən də böyük səlahiyyətlərə malik olacaqlar.

Hökumət rəsmiləri Venesiya Komissiyasının rəyini “tələsik verilən rəy” adlandırıb və bildiriblər ki, bu, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bəzi üzvlərinin sifarişidir. Azərbaycan müxalifəti sentyabrn 17-də və 18-də referendum əleyhinə mitinqlər keçirib.

“Etiraz edənlər unudurlar ki, Almaniya və Macarıstan kimi Avropa ölkələrində parlamentə namizədlik üçün yaş senzi 18, Çexiyada 21-dir”,- hökumətyönlü “azxeber.com” saytının redaktoru Hacıbəy Heydərli bildirib.

Bəzi aparıcı müxalifət nümayəndələri isə bu müqayisələr arasında heç bir bağ görmədiklərini bildirirlər.

“80 yaşlı baş nazirini dəyişməyən hökumət çətin ki gənc nəsli parlamentə buraxsın”, – Müsavat başqanının müavini Elman Fəttah belə deyir.

“Azərbaycan qanunvericiliyinə görə, 25 yaşı olanlar elə gənc hesab olunurlar, buna görə də hökumətin yaş senzini 18-ə endirməsi məntiqli deyil”. Bunu Respublikaçı Alternativ (REAL) Hərəkatının İdarə Heyətinin üzvü Azər Qasımlı bildirir.

Hökumət və hökumətyönlü gənclər təşkilatları referenduma dəyişikliklərin təşviqatı ilə bağlı kampaniyalar aparır. Onlardan fərqli olaraq, bu, müstəqil və siyasətə qatılmaq istəyi olan gəncləri heç də həvəsləndirmir.

Gənc fəal Rəşadət Axundov deyir ki, dəyişiklik təkliflərinin siyasi islahatlarla heç bir əlaqəsi yoxdur.

“Milli Məclis azad seçkilərlə formalaşmalıdır. Azad seçkilər keçirilməyincə, parlamentdə gənclərin sayının artırılması mövcud reallığı dəyişdirməyəcək “,- deyə Nida Vətəndaş Hərəkatının üzvü Rəşadət Axundov vurğulayıb.

Redaktorun qeydi: Leyla Mustafayeva 2010-cu ildə Azərbaycanda parlament seçkilərində namizəd olub. O seçkilərin saxta keçirilməsi ilə bağlı məhkəməyə müraciət edib.

Leyla Mustafayeva hazırda müstəqil jurnalist kimi fəaliyyət göstərir.

Ana səhifəAnalitikaReferendum prezidentin yeniyetmə oğlu Heydər Əliyevin siyasətə gətirilməsi üçündür