Hakimlə vəkil arasında mübahisə yaranıb
2005-2019-cu illərdə Milli Məclisin deputatı olmuş Rəfael Cəbrayılov ötən ilin sentyabrında həbsdə vəfat etsə də, onun haqqındakı cinayət işi üzrə məhkəmə araşdırmaları davam edir. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyilə baxılır.
Bu cinayət işində zərərçəkmiş qismində tanınan şəxslərdən Təranə Fətəliyeva və Vidadi Məmmədovun barəsində məcburi gətirilmə qərarı çıxarılsa da, onlar aprelin 14-də də məhkəməyə gəlməyiblər.
Digər zərərçəkmişlərin vəkilləri haqqında məcburi gətirilmə qərarı verilmiş şəxslərin məhkəmədən yayınmasına etiraz ediblər.
Vəkil Kamandar Nəsibov deyir ki, Təranə Fətəliyeva cinayət işi üzrə əsas fiqurlardan biridir. O, həm də Rəfael Cəbrayılovun qardaşı Elşən Cəbrayılovun da əməllərindən xəbərdardır:
“Zərərçəkmiş şəxslərin bir neçəsini Rəfael Cəbrayılovla əlaqələndirən də Təranə olub…”
Hakim bildirib ki, məcburi gətirilmə qərarının icra olunmamasıyla əlaqədar Daxili İşlər Nazirliyinə ( DİN) yenidən müraciət olunacaq.
Vəkil Kamandar Nəsibov mərhum deputatın aprelin 11-də dələduzluqda ittiham edilərək saxlanılan, lakin aprelin 13-də məhkəmənin qərarıyla buraxılan Elşən Cəbrayılov haqqında da danışıb. O vurğulayıb ki, Elşən Cəbrayılovun bu işlə birbaşa əlaqəsi var. Vəkil bu cinayət işinin təkrar araşdırma üçün istintaqa qaytarılması haqda vəsatət qaldırıb:
“Bugünlərdə məlum oldu ki, Elşən Cəbrayılov barəsində cinayət işi başlanıb. Buradan aydın olur ki, o, əvvəldən dələduzluqla məşğul imiş. Bu cinayət işində də onun əli var. Elşən burada ifadə verəndə deyirdi ki, “Allah adamıyam, namaz qılıram…” Amma məlum oldu ki, dələduzluqla məşğul imiş. Hesab edirəm, hazırkı iş yenidən istintaqa qaytarılmalı və Elşən Cəbrayılov da işə cəlb olunmalıdır”.
Bu zaman vəkil Kamandar Nəsibovla məhkəmə prosesinə sədrlik edən hakim Əhməd Quliyev arasında mübahisə yaranıb. Hakim bildirib ki, hazırda Elşən Cəbrayılovun yox, Rəfael Cəbrayılovun işinə baxılır.
Məhkəmə prosesi aprelin 28-də davam edəcək.
2005-2019-cu illərdə Milli Məclisin deputatı olmuş Rəfael Cəbrayılov 2021-ci ilin sentyabrında həbsdə olarkən koronavirusa yoluxaraq vəfat edib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) maddələrilə ittiham irəli sürülmüşdü.
2019-cu ildə Cəbrayılovun 300 min dollar borca görə III və IV çağırış Milli Məclisin deputatı vəsiqələrini girov qoyması məsələsi üzə çıxandan sonra o, mandatdan məhrum edilməsi üçün parlamentə müraciət etmişdi. 2019-cu ilin sentyabrında MSK onun mandatdan məhrum edilməsi haqda qərar çıxarmışdı.
Rəfael Cəbrayılovun deputat vəsiqələrini Təranə Fətəliyevanın yanında girov qoyduğu bildirilir. Mərhum deputat ev tikmək üçün ondan 300 min dollar pul alıb. Bunun müqabilində deputat vəsiqəsini girov qoyub.