Reallıq hissini itirən nazir

Hamı düşünürdü ki, hökumət yarışmanın Azərbaycana iqtisadi cəhətdən heç nə vermədiyini, əhaliyə narahatçılıq yaratdığını nəzərə alaraq 2020-ci ildən sonra müqavilənin uzadılmasına razılıq verməyəcək.

Source:


Azad Rəhimov avropalı futbol azarkeşlərini də Bakı qəfəslərinə saldı

Azərbaycan vətəndaşlarının artıq dördüncü ildir “Formula-1” yarışmasının Bakıda keçirilməsindən çəkdiyi əziyyəti 2020-ci ildə avropalılar da çəkəcək. Daha doğrusu, avropalı futbol azarkeşləri.

Belə ki, gənclər və idman naziri Azad Rəhimov 2020-ci ildə “Formula-1” yarışlarının Bakı qran-prisinin apreldə deyil, iyunda keçiriləcəyini deyib. Konkret olaraq əsas yarış iyunun 28-də baş tutacaq.

Prinsipcə, artıq dördüncü ildir adıçəkilən yarışmadan əziyyət çəkən və ən azı hələ 2023-cü ilə qədər buna məhkum edilən Azərbaycan vətəndaşları üçün tarixin dəyişməsi elə bir fərq etməsə də, 2020-ci ildə Bakıya gələcək avropalı turistlər azərbaycanlıların bundan necə əziyyət çəkdiyini öz üzərlərində hiss edəcəklər. Belə ki, məhz həmin zaman Bakıda futbol üzrə Avropa Çempionatının dörd oyunu keçiriləcək.

Oyunlar iyunun 13,17,21-i və iyulun 4-də olacaq. Yarışlar konkret olaraq günbəgün üst-üstə düşməsə də, yarışlara hazırlıq müddətləri eyni zamana təsadüf edir. Belə ki, “Formula-1” yarışmasına 2 ay qalmış Bakıda hazırlıqlar başlayır və ölkə paytaxtının mərkəzi hissəsi böyük bir qəfəsxanaya çevrilir. Bakı sakinləri artıq öz təcrübələrindən bilirlər ki, bu iki ay ərzində şəhərdə nəinki avtomobillə həkərət etmək, piyada gəzmək belə çətinləşir. “Formula-1”-ə bir həftə qalmış isə xalq arasında “bulvar” adlanan Dənizkənarı park istirahət edən şəxslər üçün bağlanır. Şəhərə gələn turistlərin də gəzməyə ən çox üstünlük verdikləri yerlər də məhz bunlardır.

Bütün bunlardan belə bir nəticə çıxır ki, 2020-ci ildə futbol oyunları üçün Bakıya gələcək avropalı turistlər də Azərbaycan vətəndaşlarının bu illər ərzində “Formula-1”-ə görə nələr çəkdiklərinin əyani olaraq özləri hiss edəcəklər və Azərbaycana səfər onlar üçün əsl ekstrim turizmə çevriləcək.

Qeyd etmək lazımdır ki, oyunlar Bakı Olimpiya Stadionunda baş tutacaq. Stadion 68 min azarkeş qəbul edə bilir. Futbol yarışları üçün biletlərin UEFA tərəfindən satılmasını və biletlərin yerli azarkeşlər və oynayacaq yığmaların azarkeşləri arasında kvota ilə satılacağını nəzərə alaraq demək olar ki, hər oyun üçün Bakıya ən azı 40 min əcnəbi azarkeş gələcək. Praktika göstərir ki, azarkeşlər oyundan bir neçə gün öncə gəlib, yarış keçirilən şəhərdə istirahət edirlər. 2020-ci ilin iyununda isə “Formula-1” yarışmaları ilə əlaqədar olaraq, Bakı istirahət üçün münasib şəhər olmayacaq.

Onsuz da Avropada Bakıya beynəlxalq futbol yarışmalarının verilməsinin əleyhinə olan çoxsaylı qüvvələr var. Onların əsas arqumenti Azərbaycanın coğrafi baxımdan Avropanın digər ölkələrindən uzaqda olması, bura uçmaq üçün ən azı 5 saat vaxt tələb olunduğu, aviabiletlərin həddən artıq baha olması göstərilir. İndi bütün bunların üzərinə Azad Rəhimov həmin əleyhdarlara əlavə arqument də verib – Bakının gəzməli yerləri qəfəsə alınıb, insanlar küçədə rahat hərəkət edə bilmir.

Ən maraqlısı isə sadə əhalinin qəzəbinə səbəb olan qərarların Azad Rəhimov tərəfindən sevincək, böyük qələbə qazanılması kimi təqdim olunmasıdır.

Xatırlatmaq yerinə düşər ki, “Formula-1” yarışları ilə bağlı ilkin müqavilə 2020-ci ilə qədər bağlanmışdı. Bakı sakinləri səbirsizliklə həmin müddətin bitməsini gözləyirdilər. Hamı düşünürdü ki, hökumət yarışmanın Azərbaycana iqtisadi cəhətdən heç nə vermədiyini, əhaliyə narahatçılıq yaratdığını nəzərə alaraq 2020-ci ildən sonra müqavilənin uzadılmasına razılıq verməyəcək.

Amma, “Formula-1”-in Bakıda keçirilməsini təşkil edən “Baku City Circuit” şirkətinə Azad Rəhimovun oğlunun rəhbərlik etməsi səbəbindən müqavilənin uzadılmasında şəxsən marağı olan nazir yarışmaların 2023-cü ilə qədər Bakıda keçirilməsinə nail oldu. Bu barədə məlumatı sevincək halda jurnalistlərə deyəndə də, yarışmaların futbol üzrə Avropa Çempionatının dörd oyunun Bakıda keçirilməsi ilə üst-üstə düşməsini nəzərə almadan 2020-ci ildə iyun ayına keçirməsi barədə xəbəri çatdıranda da Azad Rəhimovun cəmiyyətdə buna qarşı qəzəbindən xəbəri olmayıb. Olsa da belə, bu əhval-ruhiyyəni nəzərə almayan insanın nazir olaraq reallıqdan uzaq olması görünür.

Çox zaman hökumət əleyhdarlarının nazirlər və hakim elita haqqında “reallığı itiriblər” kimi işlətdikləri ifadələr Azad Rəhimovsayaq nazirlərin ictimai rəyi nəzərə almadan verdikləri qərarların nümunəsində tam təsdiqini tapır.

Azərbaycan vətəndaşları üçün isə bircə təsəlli qalır – gələn il bu əziyyətləri çəkərkən tək olmayacaqlar, avropalılar da Bakı “qəfəslərinin” ləzzətini dadacaqlar.

Ana səhifəXəbərlərReallıq hissini itirən nazir