REAL Rəsul Cəfərova hökm oxunduqdan sonra mövqeyini açıqlayacaq

Natiq Cəfərli: “REAL beynəlxalq təşkilatların diqqətini Rəsul Cəfərovun həbsinə yönəltmək üçün çox ciddi iş aparır”

Source:


Natiq Cəfərli: “REAL beynəlxalq təşkilatların diqqətini Rəsul Cəfərovun həbsinə yönəltmək üçün çox ciddi iş aparır”

Aprelin 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısı Mübariz Mirili Rəsul Cəfərova 9 il azadlıqdan məhrumetmə cəzası istəyib.

Məlumat sosial şəbəkələrdə müzakirə mövzusu olsa da, Rəsul Cəfərovun üzv olduğu REAL Vətəndaş Hərəkatının Facebook-da fəal olan üzvlərinin susqunluq nümayiş etdirməsi diqqətdən yayınmadı. Bu barədə narazılıqlar da səsləndi.

Olayı Meydan TV-yə şərh edən REAL İdarə Heyətinin üzvü Natiq Cəfərli təəssüflənib ki, bəyanat və hər hansı bir mövqe sənədinin ortaya qoyulması Azərbaycanda çox ucuzlaşıb: “Hökumətin bu cür absurd addımlarına qarşı hər hansı bəyanatın verilməsinin arxasında müəyyən hərəkətlər dayanır. Biz düşündük ki, bəyanat verməkdənsə, daha ciddi fəaliyyət göstərək. Yaxınlarda bu barədə geniş açıqlamamız olacaq. REAL beynəlxalq təşkilatların diqqətini Rəsul Cəfərovun həbsinə yönəltmək üçün çox ciddi iş aparır. Düşünürəm ki, bu cür fəaliyyət bəyanat verməkdən daha effektli olur. Çünki dəfələrlə bu kimi işlərlə bağlı partiyalar bəyanatla çıxış etsələr də, hökumətin reaksiyası olmur. Ona görə bəyanat verməkdənsə, real iş Rəsul Cəfərova daha çox kömək olar. Onsuz da siyasi həyat sosial şəbəkələrə keçib və REAL İdarə Heyətinin bütün üzvləri dövlət ittihamçısının Cəfərova 9 il cəza istəməsi haqqında öz fikirlərini bildirdilər”.

“REAL-çıların sədr İlqar Məmmədovun həbsinə daha həssas yanaşması açıq sezilir, nəinki Rəsul Cəfərovun həbsinə. Bu barədə narahatlıqları bölüşürsünüzmü” sualına Natiq Cəfərov cavab verib ki, İlqar Məmmədov siyasi liderdir və hakimiyyətə real alternativ olduğuna görə həbs olunub: “Rəsul Cəfərov isə QHT fəaliyyətinə əsasən həbs olunub. Onun vətəndaş cəmiyyətindəki fəaliyyəti daha faydalıydı. Rəsul bəyin həbs olunması qeyri-hökumət təşkilatları ilə bağlı ümumi prosesin tərkib hissəsi idi. Bu baxımdan Rəsul bəyin həbsini ümumi basqının tərkib hissəsi kimi dəyərləndirmişik. Amma Rəsul bəylə problemlərin həllində REAL bütün işi üzərinə götürüb və bugünə qədər iş davam edir, ona mənəvi-maddi dəstəyimiz bundan sonra da olacaq”.

Natiq Cəfərov bildirib ki, Rəsul Cəfərova hökm oxunan prosesə İdarə Heyətinin Bakıda olan bütün üzvləri qatılacaq: “Hökmdən sonra REAL-ın rəsmi mövqeyi açıqlanacaq. Hesab edirik ki, prokurorun 9 il iş istəməsi insanları qorxu altında saxlamaq taktikasının tərkib hissəsidir. Onsuz da Rəsul Cəfərov və İlqar Məmmədov siyasi sifarişlə həbs olunublar, onlara nə qədər cəza versələr də, yanaşmanın mahiyyəti dəyişmir. Onsuz da ona 9 il cəza versələr də, sona qədər həbsdə qalmayacaq. Sadəcə, böyük rəqəmlərlə cəmiyyəti xofda saxlamaq niyyəti güdürlər. Biz də ajiotajı böyütməmək üçün olaylara sakit və soyuqqanlı yanaşırıq, mübariz isə sistem dəyişənə qədər davamlı olacaq”.

Ana səhifəXəbərlərREAL Rəsul Cəfərova hökm oxunduqdan sonra mövqeyini açıqlayacaq