ReAL-çılar Cümhuriyyət abidəsini fərdi qaydada ziyarət edəcək
Respublikaçı Alternativ (REAL) Partiyasının İdarə Heyəti 28 may Respublika Günü ilə bağlı qərar qəbul edib.
Qərarda bildirilib ki, Cümhuriyyət tarixini və dəyərlərini daim aşağı tutan hazırki Azərbaycan hakimiyyəti bu il mayın 29-da Bakıda Avropa Futbol Federasiyaları İttifaqının 90 dəqiqəlik yarışmasının keçirilməsini bəhanə gətirərək Bakının mərkəzinə, o cümlədən İstiqlaliyyət küçəsinə vətəndaşların girişini və çıxışını qeyri-rəsmi olaraq bir həftəlik məhdudlaşdırıb.
“Bu, ona görə bəhanədir ki, yarışın keçiriləcəyi stadion sözü gedən küçədən 11 kilometr uzaqdadır və Cümhuriyyət bayramını vətəndaşlar yarışma günü deyil, ondan əvvəlki gün qeyd edirlər. REAL partiyası bu qeyri-rəsmi məhdudiyyət problemini siyasi dialoq ruhunda çözməyə cəhd göstərdi. Futbol yarışması ilə əlaqədar polisin iş yükünün ağırlığı nəzərə alınaraq ənənəvi illik bayram anımı tədbirinin başqa günə keçirilməsini REAL İdarə Heyəti, polis orqanları ilə söhbət əsnasında, mayın 22-də özünün əvvəlki qərarını dəyişərək məqbul saydı. Lakin polis orqanları mayın 24-də əlavə şərtlər irəli sürməklə, anlaşmanı pozdular. REAL-a bəyan olundu ki, kütləvi bayram anımına imkan verilməyəcək”.
Partiya hesab edir ki, xarici vətəndaşların əylənmək haqqı Cümhuriyyət abidəsinin mayın 28-də Azərbaycan vətəndaşları tərəfindən ziyarət edilməsi haqqından üstün olmamalıdır:
“Hazırda Azərbaycanda kütləvi tədbirlərin keçirilməsi təqdirində iştirakçılara qarşı hakimiyyət orqanları tərəfindən tətbiq oluna bilinəcək təxribatçı əməllərə qarşı səmərəli hüquqi və ictimai müdafiə imkanları məhduddur. Belə şəraitdə, REAL-a qarşı hər hansı təxribat, onun seçkilərə yönəlik fəaliyyətini həlledici dərəcədə əngəlləyə bilər. Bu isə hakimiyyətin ənənəvi seçki saxtakarlığı məqsədlərinə tam uyğundur. Avropa Şurası Nazirlər Komitəsinin üzv dövlətə qarşı tarixdə ilk iddiası haqqında Avropa Məhkəməsinin qərarının mayın 29-da elan ediləcəyi faktı, Azərbaycan rəhbərliyini REAL-ı təxribata çəkməyə yönəldir. Yuxarıda göstərilən anlaşmanın polis tərəfindən pozulması da bundan xəbər verir”.
Partiya qərar qəbul edib ki, mayın 28-də 12 saatlıq Cümhuriyyəti anma marafonu kimi qeyd edilsin:
“İstiqlaliyyət küçəsindəki Cümhuriyyət abidəsi önünə gül-çiçək qoyma üzvlər tərəfindən kütlə şəklində deyil, fərdi qaydada, eyni anda deyil, gün ərzində – səhər saat 08:00-dan, axşam saat 20:00-a qədər – həyata keçirilsin. Partiya üzvlərinə bayram anımı zamanı polisin qanuni tələblərinə riayət etmələri tapşırılsın”.