ReAL Partiyası seçki komissiyalarında təmsil olunmaq istəyir

Partiya sədri MSK-ya müraciət edib


Partiya sədri MSK-ya müraciət edib

Respublikaçı Alternativ Partiyası (ReAL) Dairə Seçki komissiyalarında (DSK) təmsil olunmaq istəyir. Partiya rəhbərliyi bunun üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib.

Partiya sədri İlqar Məmmədov müraciətin mətnini öz “Facebook” hesabında paylaşıb.

Müraciətdə partiya üzvü Erkin Qədirlinin 2020-ci il fevralın 9-da keçirilmiş seçkilərdə 16 saylı Yasamal Birinci Seçki Dairəsindən deputat seçildiyi xatırlanıb. Bildirilib ki, Milli Məclisdə deputatları azlıq təşkil edən 10 siyasi partiya var və bəzi digər parlament partiyalarından fərqli olaraq REAL hələ də dairə seçki komissiyalarında təmsil olunmur:

“125 DSK-da təmsilçilik 10 partiya arasında bölüşdürülməlidir. Bu baxımdan ən azından 12 dairənin hərəsinə 3 nəfər DSK üzvlüyünə namizəd təqdim etmək istəyirik. Parlament partiyaları üçün nəzərdə tutulan dövlət vəsaitinin bir hissəsi REAL partiyasına verilir”.

Partiya rəhbərliyi MSK sədri Məzahir Pənahova ünvanladığı müraciətdə bu məsələni müzakirə etmək üçün görüş təklif edib.

MSK məsələ ilə bağlı açıqlama verməyib.

2009-cu ildə hərəkat kimi təsis olunan ReAL 2018-ci ildən etibarən partiya kimi fəaliyyət göstərir. Partiya 31 avqust 2020-ci ildə dövlət qeydiyyatına alınıb.

“Turan” xəbər verir ki, siyasi partiyalara maliyyə yardımının göstərilməsi üçün 2021-ci ilin dövlət büdcəsində 4 milyon manat vəsait nəzərdə tutulub. İlin birinci rübü üzrə ReAL da daxil olmaqla 10 siyasi partiyaya ümumilikdə 857,5 min manat məbləğində vəsait ödənilib.

Ana səhifəXəbərlərReAL Partiyası seçki komissiyalarında təmsil olunmaq istəyir