İlqar Məmmədov Prezident seçkiləri ilə bağlı yekun qərarın olmadığını bildirib
REAL Partiyasının sədri İlqar Məmmədov deyib ki, gələn il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkisinə qatılıb-qatılmaması barədə hələ qərar yoxdur.
İlqar Məmmədov bu barədə dekabrın 21-də “Telegram” səhifəsində yazıb.
“Növbədənkənar Prezident seçkisində namizəd kimi iştirakım məsələsində partiyamızda üstün rəyin olmaması bu haqda qərarımızı hələ də ertələyir. Amma bu o demək deyil ki, 2024 parlament seçkiləri üçün hazırlıq vaxtını itirməliyəm”, – deyə Məmmədov vurğulayıb.
Onun sözlərinə görə, Prezident seçkisində namizədliyi ilə bağlı partiyanın son qərarı nə olursa olsun, Milli Məclis seçkisinə hazırlığı ləngidə bilməzlər.
İlqar Məmmədov dekabrın 21-də REAL Partiyası Siyasi Komitəsinin Rəsul Cəfərovu Seçki Qərargahının rəhbəri təyin etdiyini də vurğulayıb:
“Gələn il REAL Partiyasının seçki uğurları Rəsul bəyin aparacağı işlərdən çox asılıdır. Amma tək ondan yox”.
“REAL partiyası növbəti parlament seçkisındə ictimai-siyasi ab-havadan asılı olmayaraq öz namizədləri ilə iştirak edəcək”, – deyə Məmmədov əlavə edib.
2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.
İlham Əliyev dekabrın 7-də bununla bağlı sərəncam imzalayıb.
Bu günə qədər ölkə başçısı İlham Əliyev, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa, Sosial Tədqiqatlar Mərkəzinin (STM) sədri, deputat Zahid Oruc, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri (BAXCP), deputat Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının (MCP) sədri Razi Nurullayev və Fuad Əliyev namizədliklərini irəli sürüblər.
AXCP və Müsavat isə seçkiləri boykot edəcəklərini açıqlayıblar.
Ümid və Haqq Ədalət partiyaları seçkidə İlham Əliyevi dəstəkləyəcəklərini bildiriblər.
Azərbaycanda sonuncu dəfə Prezident seçkiləri 2018-ci il aprelin 11-də keçirilib.
Həmin seçkilər də növbədənkənar olub.
İlham Əliyev 20 ildir ki, Prezident vəzifəsini icra edir.