ReAL-ın qurultayla bağlı müraciətinə cavab verilmir

”Bakı şəhər İcra Hakimiyyəti siyasi rəhbərliyin sifarişi ilə hərəkət edir”

Source:


”Bakı şəhər İcra Hakimiyyəti siyasi rəhbərliyin sifarişi ilə hərəkət edir”

Bakı şəhər İcra Hakimiyyəti Respublikaçı Alternativ Partiyasının Təşəbbüs Qrupunun Partiyanın I Təsis Qurultayını keçirməklə bağlı müraciətinə cavab vermir.

Təşəbbüs Qrupu bununla bağlı məlumat yayıb. Meydan TV-yə daxil olan məlumatda bildirilir ki, Təşəbbüs Qrupu adından Bakı şəhərində yerləşən və 400 nəfərlik zalı olan 4 və 5 ulduzlu otellərə partiya qurultayının keçirilməsi üçün müraciət edilib. Lakin müraciət olunan otellər siyasi partiya tədbirlərinə yer ayırmadıqlarını ifadə edib və yer verməkdən imtina ediblər. Bunu nəzərə alaraq oktyabrın 2-də Partiyanın Təşəbbüs Qrupu adından qurultaya yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyəti Bakı Şəhər Mədəniyyət və Turizm  Baş İdarəsinə müraciət ünvanlanıb.

“Lakin Bakı şəhər İcra Hakimiyyəti qanunla nəzərdə tutulan 15 gün ərzində müraciətlərə cavab vermə qaydasını pozaraq cavab verməyıb və hətta müraciəti qeydə almadıqlarını və icraata göndərmədiklərini bildiriblər” – məlumatda qeyd olunur.

Təşəbbüs Qrupu xatırladır ki, müraciətdə göstərilən yerlərdə digər siyasi partiyalar öz qurultaylarını və digər tədbirlərini keçiriblər: “Belə olan təqdirdə hesab edirik ki, Bakı İcra Hakimiyyəti qanunun tələblərini pozaraq müraciətimizə cavab verməməklə bir tərəfdən ayrıseçkilik edir, digər tərəfdən siyasi fəaliyyət azadlığını köbud şəkildə pozmuş olur. Bütün bunlar onu göstərir ki, Bakı şəhər İcra Hakimiyyəti siyasi rəhbərliyin sifarişi ilə hərəkət edir.

Bütün üzvlərimizə və ictimaiyyətə bildirmək istəyirik ki, partiya qurultayını keçirməkdə qərarlıyıq və mövqeyimizdə hər hansı dəyişiklik olmayacaq. Biz mövcud prosesi imitasiya etmək üçün deyil, cəmiyyətin tam etimadını qazanaraq ölkəni irəli apara biləcək partiyanın qurulmasını hədəfləmişik”.

“Respublikaçı Alternativ” (REAL) Hərəkatı 2008-ci ilin dekabrında təsis olunub.

Təşkilatın yaranmasının əsas səbəbi Azərbaycanda «bir şəxsin iki dəfədən artıq prezident seçilə bilməsinə» qoyulan Konstitusiya qadağasının referendum vasitəsilə ləğv olunmasına qarşı etiraz olub. ReAL hesab edir ki, bu qadağanın ləğvi bir şəxsə siyasi hakimiyyəti zəbt etmək imkanı verib və cümhuriyyət təməllərini zədələyib. Hərəkatın əsas məqsədi – cümhuriyyətin bərpasıdır.

Hərəkat kimi yaranan ReAL artıq partiyalaşmağa doğru gedir. Partiya quruculuğu üzrə təşkilat komitəsi 2016-cı ilin martında elan olunub. Oktyabrın 29-da partiyanın qurultayı keçiriləcək. ReAL Hərəkatının sədri hazırda həbsdə olan İlqar Məmmədovdur. İlqar Məmmədov 2013-cü il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutulub, 7 il azadlıqdan məhrumetmə cəzası alıb. Avropa İnsan Haqları Məhkəməsi onun dərhal azadlığa buraxılması ilə bağlı qərar verib. Azərbaycan hökuməti qərarı icra etmir. Avropa Şurası Nazirlər Kabineti qərar icra olunmazsa, Azərbaycana qarşı sanksiya tətbiq olunacağını gündəmə gətirib.

Ana səhifəXəbərlərReAL-ın qurultayla bağlı müraciətinə cavab verilmir