“Rəsul Cəfərovun siyasi və vətəndaş mövqeyinə görə belə ağır cəzaya məhkum edilməsi hakimiyyətin ölkədə vətəndaş cəmiyyətinin susdurulması və məhv edilməsi siyasətinin tərkib hissəsidir”
REAL Hərəkatı İdarə Heytənin üzvü aprelin 16-da Rəsul Cəfərovun barəsində çıxarılmış məhkəmə hökmü ilə bağlı bəyanat yayıb. Meydan TV-yə daxil olan sənəddə göstərilir ki, istintaq və məhkəmə araşdırması zamanı Rəsul Cəfərova qarşı irəli sürülən bütün ittihamların siyasi sifariş olduğu bir daha öz təsdiqini tapıb:
“Bu gün Ağır Cinayətlər Məhkəməsində hakim ittihamın təqdim etdiyi aktı sadəcə üzündən oxumuş, müdafiə tərəfinin təqdim etdiyi sübutları nəzərə almamış, Rəsul Cəfərova 6,5 il azadlıqdan məhrumetmə hökmü çıxardaraq, bütün bu işin Rəsul Cəfərovun ictimai və siyasi aktivliyinə görə hakimiyyət tərəfindən siyasi sifariş olduğunu göstərmişdir. Rəsul Cəfərovun siyasi və vətəndaş mövqeyinə görə belə ağır cəzaya məhkum edilməsi hakimiyyətin ölkədə vətəndaş cəmiyyətinin susdurulması və məhv edilməsi siyasətinin tərkib hissəsidir”.
REAL Hərəkatı bəyan edir ki, ölkədə siyasi və ictimai fəalların, vətəndaş cəmiyyəti nümayəndələrinin sifarişli həbsləri ölkənin gələcəyini ciddi təhdid altına alır və belə qərarları sifariş və icra edənlər tarix və qanun qarşısında mütləq cavab verəcəklər: “REAL Hərəkatının sədri İlqar Məmmədovun və İdarə Heyətinin üzvü Rəsul Cəfərovun siyasi sifariş əsasında həbs edilməsi hərəkatın öz idealları və dəyərləri uğrunda ardıcıl mübarizədən döndərməyəcək”.