“Əslində, qanunvericilikdə məhbusun qohumları və yaxın adamları ilə görüş məhdudiyyəti yoxdur”
Martın 29-da REAL İdarə Heyətinin üzvləri Erkin Qədirli, Natiq Cəfərli və Azər Qasımlıya həbsdə olan hərəkat sədri İlqar Məmmədovla görüşə icazə verməyiblər.
Bu barədə Meydan TV-yə açıqlama verən Natiq Cəfərli bildirib ki, İlqar Məmmədov 2 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyinə onlarla görüş üçün müraciət etmişdi: “Qanunvericilik ona bu hüququ verib və nəzərdə tutulan bütün porosedur qaydalara əməl etmişdi. Buna görə görüşün baş tutacağına ümid edirdik. Artıq 5 aydır İlqar Məmmədovla görüşə bilmirdik, sonuncu dəfə noyabrda təmasımız olub. Amma ailəsi və vəkilləri ilə görüşmək problemi yoxdur”.
Natiq Cəfərli görüşə icazə verilməməsindən çox təəssüflənib: “İsrar etməyimizə baxmayaraq icazə vermədilər və izah da etmədilər. Sadəcə, qanunun icazə vermədiyini dedilər. Əslində, qanunvericilikdə məhbusun qohumları və yaxın adamları ilə görüş məhdudiyyəti yoxdur. Həm də İlqar Məmmədov müvafiq orqana prosedur qaydalarına uyğun olaraq müraciət etmişdi”.
O, qanunda nəzərdə tutulan bütün vasitələrdəın istifadə edərək İlqar Məmmədovla görüşməyə cəhd edəcəklərini dedi.
Natiq Cəfərov onu da bildirdi ki, onların İlqar Məmmədova apardıqları azuqəni qəbul etdilər: “Sonra içəridən, İlqardan xəbər aldıq ki, sağlamlığı və əhvalı yaxşıdır, bütün dostlara salamları var”.