ReAL 1 noyabr seçkilərinin nəticələrini tanımayacaq

“Qeydə alınmış hər bir namizədə pulsuz efir vaxtının verilməsi üçün qanunvericilikdə dəyişikliklər edilsin, bütün bunlardan sonra 2016-cı ildə Azərbaycanda təkrar parlament seçkiləri keçirilsin”

Source:


“Qeydə alınmış hər bir namizədə pulsuz efir vaxtının verilməsi üçün qanunvericilikdə dəyişikliklər edilsin, bütün bunlardan sonra 2016-cı ildə Azərbaycanda təkrar parlament seçkiləri keçirilsin”

REAL Hərəkatı 1 noyabr parlament seçkiləri ilə bağlı açıqlama yayıb. ReAL hesab edir ki, hərakatının adından 17 nəfər təşəbbüs göstərərək namizədlik üçün müraciət etdi, namizədlər üçün imzatoplama kampaniyasında vətəndaşlardan 10 minə yaxın imza alındı, hər bir imza üçün 12-15 nəfərlə görüşüldü, danışıldı: “REAL və namizədimiz haqqında məlumat verildi, tək imzatoplama kampaniyasında 100 mindən çox vətəndaşımıza REAL haqqında əlavə məlumat verməyə nail olundu. Qeydə alınmış namizədlərimizin dairələrində ümumilikdə 450-500 min seçici – vətəndaş yaşayır. Cəmi 22 günlük təbliğat-təşviqat dönəmində namizədlərimiz bütün gücünü vətəndaşlarla görüşlərə, qapı-qapı gəzərək seçicilərə REAL haqqında, şərlənərək qeyri-qanuni həbs edilmiş, barəsində Avropa Məhkəməsinin azad olunması tələbini də özündə ehtiva edən qərarı olan Sədrimiz İlqar Məmmədov, REAL-ın proqramı, hədəfləri, ölkədə yaşanan problemlərin həlli yolları haqqında məlumat verildi. Seçki kampaniyası dövründə 120 mindən artıq çap materialları vətəndaşlara paylanıldı, bu da Hərəkatımızın daha yaxşı tanıtımında mühim rol oynadı”.

Hərəkat hakimiyyətin məhz REAL-a görə efir vaxtından imtina etdiyi düşünür: “Namizədlərin çoxluğunu, onların canlı yayımda fərqli üslub, dil, yanaşma ortaya qoya biləcəyini, REAL-ın daha çox insan tərəfindən tanınacağını nəzərə alaraq pulsuz efir vaxtının verilməsindən imtina etdi. REAL Hərəkatı seçkidə iştirakla bağlı verdiyi qərarda qarşısına qoyduğu məqsədlərə çatdığını, ölkədə seçki mühitinin, seçki institutuna vətəndaşların inamının olmadığını, belə bir şəraitdə seçkilərin MSK tərəfindən elan olunacaq rəsmi nəticələrinin bizim üçün əhəmiyyətsiz olduğunu, indiki şərtlərlə formalaşacaq parlamentin xalqın iradəsini əks etdirməyəcəyini bəyan edir”.

“REAL Hərəkatı hakimiyyətə xəbərdarlıq edir ki, ölkədə seçki institutunun məhv olunmasının məsuliyyəti hakimiyyətin üzərindədir, bu ölkəmiz üçün çox ağır nəticələrə gətirib çıxaracaq. REAL Hərakatı 1 noyabrda keçiriləcək Milli Məclis seçkilərinin nəticələrini tanımayacağını bəyan edir və tələb edir ki, siyasi məhbuslar tezliklə azad edilsin, ölkədə azad və rəqabətli siyasi mühit yaradılsın, qeydə alınmış hər bir namizədə pulsuz efir vaxtının verilməsi üçün qanunvericilikdə dəyişikliklər edilsin, bütün bunlardan sonra 2016-cı ildə Azərbaycanda təkrar parlament seçkiləri keçirilsin. Bununla yanaşı REAL Hərəkatı seçiciləri öz hüquqları uğrunda mübarizə aparmağa, seçkilərə gəlib saxtakarlıqlara yox deməyə, seçki pozuntuları ilə bağlı məlumatları REAL Hərəkatının seçki qərargahına bildirməyə dəvət edir”,-deyə açıqlama bu fikirlərlə yekunlaşır.

Ana səhifəXəbərlərReAL 1 noyabr seçkilərinin nəticələrini tanımayacaq