Deputatlar kommunal ödənişlərin havayı olması və uşaqpulu verilməsini təklif ediblər
“Mən bəzi yerlərə gedəndə insanların üzünə baxa bilmirəm. Biz şəhid ailələri və qazilər üçün işıq, qaz, suyun ödənişsiz olması ilə bağlı qərar qəbul etməliyik, bu, onların haqqıdır”.
Parlamentdə dekabrın 25-də keçirilən iclasında büdcə zərfinin müzakirələrində çıxış edən deputat Tahir Kərimli belə deyib:
“Zəhmət çəkin, insanların problemlərini həll edin. Qaz, su, işığı havayı, ya da qəpik-quruşa edin”.
Deputatı Razi Nurullayev isə uşaqlara sosial müavinət verilməsi ilə bağlı məsələni gündəmə gətirib:
“Bu il keçdi, ancaq növbəti ilin büdcəsində uşaqpulu ilə bağlı müddəa yoxdur. Hökumət üzvlərimizi hər zaman dinləyirəm. O qədər gözəl danışırlar ki, deyirəm, bəlkə Yaponiyada yaşayıram. Aylarla ət üzünə həsrət qalan, palçığa batan adamla yaşayasan ki, gərək onları başa düşəsən. Görünür belə olmasa bunu başa düşə bilməyəcəyik”.
Spiker Sahibə Qafarova deyib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev iclasda iştirak edir: “Hesab edirəm ki, uşaqpulu ilə bağlı sualınıza cavab tapacaqsınız”.