Göyçay sakinləri qazsızlıqdan şikayət edirlər
Göyçayın Ziya Bünyadov küçəsində yerləşən 73 saylı binanın sakinləri şikayətçidir. Onlar 2006-cı ildən 40 mənzilli həmin binada məskunlaşdıqlarını, ancaq rayonun qaz-istismar idarəsinin onları qazla təmin etmək istəmədiyini deyirlər.
“Dəfələrlə aidiyyatı qurumlara müraciət etmişik, ancaq bizə qaz vermirlər. Hətta rayon icra hakimiyyətinə belə getmişik. Orda bizə məsləhətlər də verdilər ki, filan yerlərə müraciət edin, belə yazın, elə deyin və s. Hər yerə yazdıq, bu gün yenə qazsızıq”.
Sakinlərdən Nəbi Qədirov belə deyir. Bildirir ki, problemləri ilə bağlı konkret Göyçay Qaz İdarəsinə, “Azəriqaz”a, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) müraciət ediblər:
“Dövlət Neft Şirkətindən dedilər ki, yerli icra hakimiyyətinə müraciət edin. İcra hakimiyyəti də deyir, onlar baxır bu işə. Bir sözlə, qurumlar problemi bir-birinin üstünə atır. Arada isə biz, yazıq, soyuqdan ölən əhali qalmışıq”.
Sakinlərdən Zöhrə Əsədullayeva deyir ki, hətta Göyçayın ucqar kəndlərində belə qaz var, evlər istidir, ancaq onlar şəhərin mərkəzində odun sobası yandırmaq məcburiyyətindədirlər:
“Qışda evləri isitmək olmur. Məcburuq ya elektrik sobalarından istifadə edək, ya da odun yandıraq. Elektrik sobasına imkanımız çatmır. İşıq çıxır kəllə-çarxa, ödəyə bilmirik. Onu da kəssələr, gərək yıxılıb ölək. Məcburuq yemək bişirmək üçün qaz balonlarından istifadə edək. O da, hamı bilir, təhlükə mənbəyidir. Neçəsi evdə partlayıb, yaxşı ki, yanında adam olmayıb. Onun partlaması nəticəsində yaralananlar, evi yananlar da olur, eşidirik”.
Sakinlərin sözlərinə görə, uşaqlı evlərdə vəziyyət daha çətindir. Soyuq olduğundan bütün qışı xəstələnirlər:
“Məsələ odur ki, insanları saymırlar, veclərinə deyil. Məsələn, mən 12 ildir burada yaşayıram. Binada heç vaxt qaz olmayıb. Özü də yerli işıq idarəsinin balansında olan binadır. O vaxt idarənin işçiləri üçün tikilib. Çox əziyyət çəkirik. 63 yaşım var və odun almağa pulum yoxur. Məcburam yandırmaq üçün küçələrə düşüb çör-çöp, kağız yığam. Evi işıqla qızdırmaq olmur, çətindir. Xahiş edirik, bizə kömək etsinlər, qazımızı çəksinlər”, – sakinlərdən Təsvirə Xəlilova belə deyir.
Zöhrə Əsədullayevanın ailəsi 4 nəfərdən ibarətdir. Deyir, bütün dünyaya qaz satan bir ölkənin vətəndaşlarının qışda soyuqdan donması gülməli səslənir, ancaq belədir:
“Demirik ki, dünyaya satırsan, bizə qazı pulsuz ver. Versin, pulu nədir ödəyib, işlədək. Ancaq vermirlər. Təsəvvür edin, qışda bircə otağı qızdırıram və hamımız yığılırıq ora. İnanın, çox əziyyətlə, çətinliklə ayda işığa 60 manat verirəm. Şikayət edirik, ancaq gəlib baxan, yoxlayan, maraqlanan yoxdur”.
Göyçay Rayon Qaz İstismarı Sahəsindən bildiriblər ki, Ziya Bünyadov 73 binasının sakinləri onlara da müraciət edib:
“Ancaq o bina tam tikilib təhvil verilməmiş insanlar ora köçüblər. Sonradan isə özləri bəzi xətlər çəkiblər. Təhlükəli ola bilər. Gərək həmin binaya yenidən xətlər çəkilsin və bu, vaxt alan prosesdir. Yazdıqları nəzərə alınıb, ancaq tək bizlik olan məsələ deyil. Fövqəladə Hallar Nazirliyi də yoxlamalıdır, görək bu binaya qaz vermək olar, yay ox. Təhlükəsizdirsə, çəkilə bilər. Yəni təkcə bizimlə bağlı bir məsələ deyil”.