63 yaşlı məcburi köçkün Ramiz Əliyevin yaşadığı bu zirzəmini itirmək təhlükəsi var. Çünki qonşusu Faiq Zalov zirzəmini Tikinti Departamentindən satın aldığını söyləyir. Nizami rayon Məhkəməsi də, onun xeyrinə qərar çıxarıb. Ramiz Əliyevin başqa gedəcək bir yeri yoxdur. O, 16 ildir ki, bir otaqlı zirzəmidə ailəsi ilə birgə yaşayıb.
Ramiz Əliyevin sözlərinə görə, burada yaşadığı illər ərzində həmişə qonşuları ilə zirzəmi üstündə mübahisələri olub. Nəticədə yoldaşı da, xəstəlik tapıb, rəhmətə gedib. Şikayəti ilə bağlı Qaçqınkomdan ona bildiriblər ki, onu evdən çıxara bilməzlər. Qonşusu da ona 5000 min manat qarşılığında zirzəmini aldığını deyib.
Zirzəminin sahibi olduğunu iddia edən Faiq Zalov deyir ki, Ramiz Əliyev onun zirzəmisində 2001-ci ildən kirayənişin kimi qalır.
Qaçqınkomun Nizami Rayonu üzrə nümayəndəliyindən Meydan TV-yə bildirilib ki, zirzəmilər istənilən şəxs zirzəmini alıb, özəlləşdirə bilər.
Hüquqşünas Müzəffər Baxış bildirir ki, zirzəmilərin özəlləşdirilməsi Dövlət Əmlak Komitəsi tərəfindən qanunsuz həyata keçirilir.
Dövlət Əmlak Komitəsi isə bildirir ki, zirzəmilər onların balansında deyil.
Hüquqşünas Samira Ağayeva da bildirir ki, məhkəmə qərarı olsa da, Qaçqınkom vətəndaşı yerləşdirmədən, onu zirzəmidən çıxarmaq olmaz.
Qaçqınkomun Məskunlaşma, miqrasiya və məşğulluq məsələləri üzrə şöbəsindən Meydan TV-yə bildirilib ki, yaxın zamanda köçürülmə nəzərdə tutulmur. Həmçinin öncə, yataqxanada, inzibati binada kompakt məskunlaşanlar köçürüləcək.
Ramiz Əliyev deyir ki, son günlər cəbhədə baş verənlər, ona Laçında yaşadığı evini xatırladıb. O deyir ki, rayonum alınsa, ayaqyalın getməyə hazıram.
__
Bu videonu izləyən hər kəs həm də MeydanTV-nin “Xalqın Xəbəri” vətəndaş jurnalistikası layihəsində iştirak edə bilər. Belə ki, qeyd etdiyiniz videoları, çəkdiyiniz fotoları, bildiyiniz məlumatları bizimlə paylaşa bilərsiniz.
Whatsapp nömrəmiz: +49 176 16263646