Natiq Cəfərli və Natiq Cavadlı

Mənbə: Meydan TV

Başlıq: Natiq Cəfərli və Natiq Cavadlı

“Rayonların bərpası üçün yeni iqtisadi və idarəemə sistemi lazım olacaq”

Məqalə yeniləndi:  22 Oktyabr 2020

Natiq Cəfərli: “Rayonların bərpası üçün yeni iqtisadi və idarəemə sistemi lazım olacaq”

Natiq Cəfərli: "Rayonların yenidən qurulması üçün 10, 20 və 30 milyard vəsait lazım gələcək"

27 sentyabrdan başlayan hərbi əməliyyatlar azad edilən rayonların infrastrukturunun, iqtisadiyyatının qurulmasında bir sıra suallar yaradır. Bu baxımdan iqtisadçı Natiq Cəfərli ilə söhbətimizin əsas hədəfi müharibə və iqtisadiyyat oldu.

- Natiq bəy, bütün müharibələr güclü iqtisadiyyat və külli miqdarda maliyyə tələb edir. Bu baxımdan 27 sentyabra qədər Ermənistan və Azərbaycanın hərbi büdcələrinin imkanlarından yanaşsaq, müharibəyə hazırlıq vəziyyətini necə qiymətləndirirsiz?

- Burda bir neçə maraqlı nüanslar var. Makroiqtisadi göstəriciləri götürəndə, Azərbaycan büdcəsi Ermənistanın büdcəsindən təqribən 5 dəfə, ümumidaxili məhsulu da 5,5 dəfəyə yaxın çoxdur, yəni iqtisadi üstünlük açıq-aşkar görünürdü. Sırf silahlanma baxımından da maraqlı məqam ondan ibarətdir ki, çox zaman Ermənistana pulsuz verilən silahları, - əsasən də Rusiya tərəfindən, çünki Kollektiv Təhlükəsizlik Müqavilısi Təşkilatının üzvü olduqlarında pulsuz alırdı, - bəzən də ucuz müddətli kreditə alırdılar. Azərbaycan daim hərbi və dövlət büdcəsinin hesabına silahları istər Rusiya, istərsə də Belarusdan büdcə hesabına alırdı. Bu baxımdan Ermənistanın silah-sursatı dövlət büdcələrinə nisbətən uyğunsuzluq yaratmışdı. Ona görə də son zamanlar ortalama 2 milyard dollara yaxın hərbi texnikaların məhv edilməsinə baxmayaraq hələ də qalıqlar var. Bu, onu göstərir ki, Ermənistan dövlət büdcəsinə toxunmadan yan təsirlərlə silah alıb. Sırf dövlət büdcəsinə qalsaydı, 3.6 milyard dollarlıq dövlət büdcəsi var, hərbi büdcələri onun 30 faizinə, 900 milyon dollara yaxındır, onlar müharibədə bunu çatdıra bilməzdilər. Deməli, Ermənistana silahlar pulsuz verilir, necə ki, son zamanlar bununla bağlı Rusiyaya iradlar da bildirilir. Amma Azərbaycan uzun illərdir hərbi büdcəsini artırmaq yoluyla xaricdən kifayət qədər çoxlu silah-sursat alırdı, 2016-cı ildən isə daha müasir silahlara üstünlük verildi. Məncə, 2016-cı il aprel döyüşlərindən sonra müasir silahların alınması qərarı verildi.

- Müharibə 20 gündən çoxdur davam edir. Hər iki ölkənin iqtisadiyyatını götürdükdə, daha nə qədər davam gətirə bilər?

- Azərbaycanın potensialı daha çoxdur, 41 milyard dollara yaxın qızıl-valyuta ehtiyatı var. Bu, müharibənin uzun zaman aparılması imkanı yaradır. Düzdür, bütün valyuta ehtiyatlarını da müharibəyə xərcləmək olmaz, çünki büdcənin böyük hissəsi Dövlət Neft Fondundan (DNF) formalaşır. Cari ilin büdcəsinin 59 faizi DNF-dən olan transferlər hesabına formalaşıb. Amma ümumilikdə götürdükdə Ermənistanın müharibə aparmaq üçün iqtisadi potensialı maksimum həftələrlə ölçülürsə, Azərbaycanda aylarla ölçüləcək səviyyədədir. Bu sahədə bizim dəfələrlə üstünlüyümüz mövcuddur.

- Siz yəqin ki, söhbətin əvvəlində xatırlatdığınız Rusiyadan pulsuz silahların da alınmasını bura əlavə edirsiniz?

- Söhbət yalnız silahdan getmir, çünki müharibə silahla məhdudlaşmır, bura təchizat, ərzaq təminatı, tibbi məsələlərin həlli daxildir, eyni zamanda, ölkənin iqtisadi durumu da nəzərə alınmalıdır. Burda maraqlı nüans odur ki, Ermənistan iqtisadiyyatı uzun illərdir Rusiya iqtisadiyyatının tərkib hissəsi kimi fəaliyyət göstərib. Yəni Ermənistan iqtisadiyyatı Rusiya iqtisadiyyatından çox asılıdır, böyük şirkətləri şimal ölkənin şirkətlərinin tərkib hissəsi, yaxud yerli nümayəndəlikləri kimi göstərir, elektrik enerjisinin istehsalından satışına qədər rusların əlindədir. Bundan əlavə, Ermənistan dramı rus rubluna çox bağlıdır, səbəb Rusiyada 2 milyona yaxın erməni yaşayır, onların ölkələrinə göndərdiyi valyutanın həcmini böhrandan öncəki dövrlərlə müqayisə etdikdə, 2014-cü ildə maksimum 2.7 milyard dollara yaxın olub. Təqribən bir ildə ölkənin büdcəsinə yaxın vəsaitdir. İndi o da azalıb, çünki Rusiyada və o cümlədən, dünyada COVİD-19 infeksiyasının yaratdığı problemlər var, həm də rus rublunun dəyərdən düşməsi Ermənistanın milli valyutasına təsirsiz ötüşməyib. Bu gün Ermənistanın daxili potensialı həm inflyasiya, həm xarici amillərə görə ciddi şəkildə zəifləyir. Amma ola bilər silah məsələsində yardımlar davam etsin və bir müddət buna görə davam gətirsinlər. Hər halda bir daha deyirəm, iqtisadiyyat yalnız silah deyil.

- Bəs Fransa və ABŞ-da yaşayan erməni lobbisinin yardımlarını nəzərə alsaq, nə dəyişə bilər?

- Ermənistan büdcəsinin təqribən 15 faizi lobbinin verdiyi qrantlar hesabına formalaşır. Ötən il dövlət büdcəsinə diasporadan 290 milyon dollar yardım olub, çox güman ki, yenə davam edəcək. Ancaq iqtisadiyyatın da təpəri olmalıdır, nə qədər yardım çox olsa da, iqtisadiyyatın çarxları dönməsə, yardımı qidaya yönəldəcəklər. Ermənistan son 3-4 ildə turizmə çox ciddi önəm verirdi, Paşinyan hakimiyyətə gələndən sonra daha da sürətləndi. Onlar əsas hədəf kimi İran və Avropa turistlərini götürmüşdülər. Bizdə fərqliydi, ərəb turistləri daha çox hədəf kimi götürülmüşdü. İndi sərhədlərin bağlı olması, pandemiya problemi ilin əvvəlindən turizmə çox ciddi zərbə vurub, ötən il turizmdən təxminən 1 milyard dollara yaxın vəsait daxil olubsa, indi o da yoxdur. Bu baxımdan xaricdən yardımlar olsa belə, Ermənistan iqtisadiyyatının təpəri, daxili resursu çox az olduğundan müharibəyə davam gətirə bilməz.

- Keçək Azərbaycanın durumuna, neftin qiyməti endiyi şəraitdə müharibənin davam etməsi iqtisadiyyata hansı təsirləri göstərə bilər?

- Azərbaycan iqtisadiyyatında xroniki problemlər illərdir var və biz bunu tənqid edirik. Yəqin ki, bundan sonra da tənqid edəcəyik, çünki problemlər qalır. Birinci, dövlətin iqtisadiyyata çox kəskin müdaxiləsi var, investisiya şəraiti yaxşı deyil, hökumət bir çox xarici təşkilatlarla əlaqələr qura bilməyib, məsələn, Ümumdünya Ticarət Təşkilatına üzv olmaq istəmirlər. Nəhayət, ötən ildən neftdən asılılıq azalmaqdansa, artdı. 2015-ci ildə neftin qiyməti enəndə, hökumətin müəyyən proqramlar həyata keçirməyə hazır olduğunu düşünmək olardı. Hətta ritorik olaraq bunun şahidi də olduq, elan etsələr də, amma neftdən asılılıq artdı. 2015-ci ildə büdcənin 49 faizi DNF-dən birbaşa asılıydı, bu ilin büdcəsində rəqəm 58 faizi göstərir. Bunun üzərinə pandemiyanın yaratdığı problemləri də gələk, mart ayından ölkə qapadılıb, turizm, ictimai iaşə, idman obyektlərinə ciddi təsir göstərdi. Nəzərə alın ki, bu il neftin ortalama qiyməti ən yaxşı halda 40 dollar olacaq, ona görə ki, yanvar-fevral aylarında 70 dollara yaxın idi. Bu o deməkdir ki, DNF təqribən 4 milyard dollar qazandığından artıq xərcləyəcək, birinci dəfədir belə bir şərait yaranır. Ən pis halda fond gəlirlərin 3-5 faizini yığıma yönəldib, bu, ilk dəfə qazancımızdan çox artıq xərcləməli olacağıq. Bu tendensiya gələn il də davam edəcək, çünki neftin qiymətinin aşağı olması gözlənilir, səbəb pandemiyanın nə zaman bitəcəyi bilinmir, hələ ikinci dalğa başlayıb və güman ki, neftin qiymətinə də təsiri olacaq. Məncə, oktyabrın sonu, noyabrın əvvəli neftin qiyməti 30 dollar civarında ola bilər. Əgər iqtisadiyyatın neftdən asılılığını tədricən aradan qaldırmasaq, gələcəkdə problemlər mümkündür. Hələlik Ermənistan ordusunun işğal olunmuş ərazilərdən çıxarılması əməliyyatına yetərincə resurs var. Amma bu resurs gələcək nəsillərin resursudur, ona görə də hökumət iqtisadiyyatın gələcəyi üçün indidən dərindən düşünməlidir. Onsuz da istənilən müharibə sülhlə bitir, torpaqlarımızı işğaldan azad edəndən sonra köhnə modellə çalışmaq mümkün olayacaq.

- Gələcəkdən söz düşmüşkən, 2 rayon, 1 qəsəbə, kəndlər azad edilib. Həmin bölgələrdə və gələcəkdə azad ediləcək rayonlarda infrastruktur, iqtisadiyyatın sıfırdan qurulması şəksizdir, bəs bunun üçün təqribən nə qədər vəsait lazımdır?

- Əslində, çox çətin sualdır. Çox güman ki, digər rayonlar da azad ediləcək. Ən yaxın günlərdə biz başqa rayonların azad edilməsi barədə xoş xəbərlərini alacağıq. Onu demək olar ki, söhbət milyonlardan yox, milyardlardan gedir, bəlkə də 10, 20 və 30 milyard vəsait lazım gələcək. Təkcə infrastruktur yox, birincisi minalardan təmizlənmə işi aparılmalıdır. İnfrastruktur isə sıfırdan qurulmalıdır.

- Həmin rayonların bəzisinə sovet dövründə də qaz çəkilməmişdi...

- Bəli, qaz və elektrik təminatı tamamilə yenidən qurulmalıdır. Dağlıq Qarabağa elektrik Ermənistandan gəlirdi. Ona görə də biz indidən düşünməliyik, işğaldan azad edilən ərazilərin yenidən bərpası, infrastruktur yenidən qurulması üçün Azərbaycanın özünün vəsaiti yetərli deyil. Artıq xarici investorların, hətta xaricdə yaşayan azərbaycanlı iş adamlarının yaxşı şərtlərlə cəlb olunmasına çalışmalıyıq. Azərbaycana investorlar məhkəmə, monopoliya, özbaşına idarəetmə problemlərinə görə gəlmirdi. Təhlükələrdən biri də müharibəydi, indi işğal amili də aradan qalxandan sonra biz paralel olaraq idarəetməni yaxşılaşdırmalıyıq, məhkəmə sistemini ədalət prinsipi üzərində qurmalıyıq, iqtisadiyyatın idarə edilməsi kollektiv və uzun müddətli hədəflərə doğru hesablanmalıdır ki, xarici investorlar gəlsin. Xarici investorlarsız bu işi görməkdə çətinlik çəkəcəyik. Ən yaxşı investorlara gəlincə, son vaxtlar cənublu qardaşlarımızın hərbi əməliyyatları necə izlədiklərini görürük, orda kifayət qədər azərbaycanlı iş adamları var. Onlar üçün daha açıq şərait qurulmalıdır, yəni Araz çayı boyunca sıfr faizli vergi cənnəti yaradılmalıdır ki, onlar yatırım qoysunlar. Güneylilərə təminat verilsə, aqrar sektora, istehsala çox böyük həvəslə yatırım qoyarlar.

- İşğal altındakı rayonların iqtisadi potensialı barədə nə deyə bilərsiniz?

- Əsas aqrar sektordur. Müharibədən bir neçə ay öncə ən çox müzakirə olunan problemimiz su idi. Azərbaycanın daxili resursları zəifdir. Həmin rayonların ən vacib resursu sudur, Suqovuşan, Sərsəng, Araz çayı. Təbii resurslar da var, Kəlbəcərdə qızıl yataqları və s. Həm də təbii su, bir barel neft 157 litrdir, indi 40 dollara satılır, onu litrə böləndə 20-30 sentə düşür, amma 1 litr keyfiyyətli mineral su 2 avrodur. Yəni Kəlbəcərin, Laçının təbii sularını xarici investorların köməyilə xarici bazara çıxarda bilsək, bu, milyonlarlarla vəsait deməkdir. Mən demirəm ki, bu işə tez başlamaq mümkün olacaq, amma proqramlar hazırlanmalıdır. Çünki bizim gələcəyə yönəlik planlarımız olmalıdır. Qarabağın və 7 rayonun qaytarılması, ərazi bütövlüyünün təmin edilməsi iqtisadi potensiala da müsbət təsir göstərəcək. Ancaq köhnə idarəetmə, yerli icra hakimiyyəti sistemi ilə yanaşmaq olmaz. Həmin rayonların bərpası üçün yeni iqtisadi və idarəemə sistemi lazım olacaq.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  22 Oktyabr 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/81x54k

Ən çox baxılan