“Rayonda narkotikin dövriyyəsini ifşa etdiyimə görə polis məni incidir”

Quba sakini polis tərəfindən incidildiyini deyir

Source: Meydan Tv


Quba sakini polis tərəfindən incidildiyini deyir

“Məhkəmə binasının dəhlizində polis şöbəsinin İTB sahə rəisi Şəhriyar Babayev dedi ki, 10 sutka əlimizdə olacaqsan, səni burdan şöbəyə qaytarıb butulkaya oturdacağıq, onda biləcəksən yuxarılara yazmaq nə deməkdir. Düşündüm ki, bunlardan hər şey gözləmək olar. Ona görə də özümlə götürdüyüm ülgüclə elə məhkəmə zalında qolumu kəsdim. Gözlərimi açanda gördüm ki, rayondakı Diaqnostika Mərkəzindəyəm, qoluma sarğı qoyublar. Ordan məni məhkəməyə qaytardılar, məhkəmə 10 sutka kəsdi, qaytarıb polis şöbəsinə apardılar. Ancaq damarımı kəsdiyimə görə məndən çəkinirdilər deyə, 10 gün ərzində dəyib dolaşmadılar”.


“Baş Narkotiklərlə Mübarizə İdarəsinə yazmağım polisləri narahat edir”

Quba sakini Rəşid Məmmədov Meydan TV-yə danışır ki, rayonda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı bir neçə dəfə Daxili İşlər Nazirliyinə müraciət edib. Nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsi onun məlumatları əsasında rayonda uğurlu əməliyyatlar həyata keçirib. Hətta buna görə idarə tərəfindən Rəşid Məmmədova iki dəfə təşəkkür məktubu da göndərilib. Ancaq deməsinə görə, onun bu fəaliyyəti yerli polisin xoşuna gəlməyib:

“Narkotiklərlə bağlı nazirliyə yazıram deyə, məni şərləmək üçün yerli polisin çıxmadığı oyun qalmayıb. Martın 20-də Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin, aprelin 15-də “Uğurlu yol” MMC-nin işçiləri mənim və şəhid anası olan tanışım Qəşəng xanımın üstünə hücum çəkdilər. Hər ikisində də DİN-nin 102 xidmətinə zəng vurub məni və yaxın tanışlarımı şərlədilər ki, guya biz onları döyüb, söyüb, təhqir etmişik. Hər iki şikayət qondarma olduğuna görə polis mənə və yaxın tanışlarıma qarşı istifadə edə bilmədi. Barəmizdə cinayət işi başlanmasını rədd edib, bizi inzibati məsuliyyətə cəlb etdi.


“Dedi, səni şöbəyə qaytarandan sonra dalına butılka yeridəcəyik”

Rəşid Məmmədov deyir, mayın 1-də Polis şöbəsinin İTB sahə rəisi Şəhriyar Babayev ona zəng vuraraq rayon polis şöbəsinə dəvət edib:

“Dedi, xeyrinizə qərar çıxıb, adları işdə keçən tanışlarını da götür, gəl şöbəyə. Qəşəng xanıma, qızı Rəşxəndə xanıma, hadisənin şahidi olmuş Çingiz adlı tanışıma da xəbər elədim, birlikdə şöbəyə getdik. İçəri girəndən bir neçə dəqiqə sonra – sahə müvəkkilinin və digər polis işçilərinin bizimlə davranışından anladım ki, bura yaxşı niyyətlə çağırılmamışıq. Səhər saat 9-dan günorta 2-yə kimi şöbədə saxladılar. Otaqda stullar olsa da, sahə müvəkkili məni oturmağa qoymadı, günortayacan ayaq üstə saxladı. Günorta qollarımı qandallayıb post-patrul maşınına mindirib, rayon məhkəməsinə gətirdilər. Vəkil tələb etdim, bildirdim ki, vəkil gəlməyincə məhkəmə zalına girməyəcəm. Şəhriyar Babayev yaxınlaşıb dedi, “nə vəkil, vəkil salmısan, onsuz da indi hakim 10 sutka verəcək, şöbəyə qaytarıb “dalına butılka soxacağıq, onda biləcəksən ayda bir dəfə nazirliyə şikayət yazmaq necə olur”. Bunu eşidəndən sonra məqsədlərini anladım. Zala girən kimi özümlə götürdüyüm ülgüclə damarımı kəsdim. Arxadan vurub yerə yıxdılar. 10 dəqiqə yerdə yıxılı vəziyyətdə qaldım, rayondakı Diaqnostika Mərkəzinə çatdırılanadək huşumu itirdim”.


Məhkəmə 10 sutka həbs kəsib

Diaqnostika Mərkəzində yaralara tikiş qoyulduqdan sonra Rəşid Məmmədov Quba Rayon Məhkəməsinə qaytarılıb. Məhkəmə Quba rayon Polis Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən Rəşid Məmmədova 10 gün müddətinə inzibati həbs kəsib.

Rəşid Məmmədovun sözlərinə görə, şöbənin təcridxanasında saxlandığı 10 gün ərzində ona dəyib-dolaşan olmayıb. Düşünür ki, özünə qəsd etməsi polisləri kobud davranışdan çəkindirib. 10 günlük inzibati həbs müddətini başa vurub azadlığa çıxdıqdan sonra o, şikayət ərizəsi ilə rayon prokurorluğuna müraciət edib. Ancaq ərizəsinin obyektiv araşdırılmasına inanmır:

“Mənim ərizəmi araşdıran təhqiqatçı bütün günü rayon polis şöbəsinin işçiləriylə çayxanalardadır. Mənimsə şikayətim elə həmin polislərdəndir. Ona görə də həmin təhqiqatçının şikayətimi obyektiv araşdıracağına inanmıram”. Baş Narkotiklərlə Mübarizə İdarəsi Rəşid Məmmədova iki dəfə təşəkkür məktubu göndərib. 26 avqust 2019-cu il və 28 aprel 2020-ci il tarixli məktublarda qeyd olunub ki, “.. Daxili İşlər Nazirliyinə ünvanladığınız müraciətə nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsində baxılıb. Keçirimiş əməliyyat-axtarış tədbirləri nəticəsində məlumat təsdiqini tapıb”. İdarə rəhbbərliyi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin cinayət başında yaxalanması üçün ictimai fəallıq göstərdiyinə və polisə köməklik göstərdiyinə görə Rəşid Məmmədova təşəkkür edib.


“Rəis müavinləri çağırıb deyir, yazı-pozunu yığışdır”

Rəşid Məmmədov deyir, hər dəfə Baş Narkotiklərlə Mübarizə İdarəsi onun məlumatları əsasında əməliyyat keçirdikdən sonra yerli polis şöbəsi onu incidir:

“Bir dəfə rəis müavini Bəhruz müəllim çağırdı, dedi, niyə ora-bura yazırsan? Dedim, iki övladım var, onları sağlam mühitdə böyütmək istəyirəm, narkomanların əlindən küçəyə çıxmaq olmur. Siz məşğul olmursunuz, məcbur oluram ki, sizin işinizi mən görəm. Bundan bir müddət sonra rəisin digər müavini Kənan müəllim çağırdı, o da tənbeh elədi, yazı-pozunu yığışdır. Bir gün küçədə üstümə tökülüşüb, tutub polis şöbəsinə apardılar. Dedilər, sən AXCP-yə üzv olmusan, dedim, 2013-cü ildən YAP üzvüyəm. 3-4 saat saxlayıb buraxdılar. Dəfələrlə öyrədilmiş adamaları üstümə saldılar, şərləmək istədilər”.


“Deyilənlərin əsası yoxdur”

Quba Rayon Polis Şöbəsindən Meydan TV-yə bildirilib ki, şöbə rəhbərliyi Rəşid Məmmədovun narkotiklərin yayılmasının qarşısının alınmasında polisə ictimai köməyini dəstəkləyir və buna görə polis tərəfindən təzyiqlərə məruz qalması barədə dedikləri əsassızdır. O və tanışları Qəşəng Ağasıyeva, Rəşxəndə Ağasıyeva və Çingiz Şeydayevlə birlikdə martın 20-də Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin işçilərini, aprelin 15-də “Uğurlu yol” MMC-nin işçilərini söyərək təhqir edib. Hər iki faktla bağlı inzibati xəta haqqında protokol tərtib olunub və məhkəməyə göndərilib. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə (xırda xuliqanlıq) təqsirləndirilərək Quba Rayon Məhkəməsi tərəfindən barəsində 10 gün müddətinə inzibati həbs qərarı çıxarılıb. Nə həbsdən əvvəl, nə də həbsdə saxlandığı müddətdə ona qarşı hər hansı şəxsiyyətinə qarşı yönələn söz deyilib, nə də hərəkət edilib. Həbs qərarından narazılığı varsa, yuxarı məhkəmələrə şikayət verə bilər.

Quba Rayon Prokurorluğundan bildirilib ki, Rəşid Məmmədovun şikayəti araşdırma mərhələsində olduğu üçün hər hansı məlumat verə bilməzlər.

Image from iOS (6).jpg
Sənədlər
Ana səhifəBölgə“Rayonda narkotikin dövriyyəsini ifşa etdiyimə görə polis məni incidir”