Raufun oxucularına

İttihamın nə dərəcədə absurd olduğunu hətta Raufu sevməyənlər belə anlayır

Source:


İttihamın nə dərəcədə absurd olduğunu hətta Raufu sevməyənlər belə anlayır



Hazırda məhbus həyatı yaşayan “Zerkalo” qəzetinin icmalçısı Rauf Mirqədirovun anası Rəfiqə İsayeva contact.az saytı vasitəsilə oğlunun oxucularına müraciət edib

Mənim oğlum 20 ay həbsdə qalıb. Tək otaqlı kamerada. Ömrü boyu vətəni üçün çalışan ziyalı ağlasığmaz ittihamla ləkələnib. Bu 20 ay onun həyatından, bizim ömrümüzdən oğurlanıb. Oğlu ilə həmişə qürur duyan atası bu dərdə dözməyib dünyasını dəyişib.Dünyada tanınmış Azərbaycan ziyalısını ləkələməklə dövlətimizin nüfuzuna xələl gətirilib. Belə əldəqayırma işlərə görə dövlətimiz beynəlxalq qurumlarda xoşagəlməz suallarla, qətnamələrlə qarşılaşıb. Halbuki ziyalıların ləkələnməsi vətəndaş cəmiyyətinin zəiflədilməsi, bizim müstəqil Azərbaycan dövlətçiliyimizin zəiflədilməsinə xidmət edir.

Mən dəfələrlə dövlətimizə, ictimaiyyətimizə müraciət etmişəm. Rica etmişəm: “bu haqsızlığa son deyin”. Hazırda Raufun məhkəməsi gedir. Həftədə 1 dəfə, 2 saat. Raufa verilən bu ağır ittihama tamamilə aid olmayan şahidlər dindirilir. Nə bilim köhnə qonşumuz, Raufla nə vaxtsa səfərdə olmuş insanlar, keçmiş həyat yoldaşı və s. Onlar da bildiyimə görə Rauf haqqında heç bir mənfi ifadə vermirlər. Əksinə, bu ittihamın nə dərəcədə absurd olduğunu hətta Raufu sevməyənlər belə anlayır. Bildiyimə görə indiyədək ifadə verən şahidlərin hamızı Rauf haqqında müsbət danışıblar. Bütün bunları ona görə deyirəm ki, məhkəmə qapalı keçirilir. Mən isə anayam, hər dəfə məhkəmə binasının qarşısında dayanıb şahidlərlə söhbət edirəm. Rauf haqda bir jurnalist kimi, bir vətənpərvər ziyalı kimi hamısı yüksək fikirlədirlər. Bunun üçün mətbuat vasitəsiylə Raufun oxucularına hesabat verməyi özümə borc bilirəm. Mənim oğlum günahsızdır. Bunun əksini sübut edəcək heç bir dəlil, sübut, şahid yoxdur. Ola da  bilməz. Bu halda, bu işi belə uzatmağın nə mənası var? Bu ağır günlər mənim oğlumun həyatından gedir. O tək otaqlı kamerada yaşadığı hər gün yüz ilə bərabərdir, belə ağır ittihamın altında əzilmək üzərində bir dağ daşımaq deməkdir.

Raufun şahidləri onun məqalələridir. 30 il ərzində günbəgün yazdığı məqalələri, ölkəsinin inkişafı naminə apardığı təhlilləri, verdiyi prognozları. ƏSL ŞAHİDLƏR ONLARDIR. Bu məqalələr Raufun düşüncələridir, iç dünyası, əqidəsi, amalıdır. Rica edirəm, Raufun ittihamına qətiyyən aidiyyatı olmayan insanları narahat etməyin, onu tanımaq istəyirsinizsə, sadəcə məqalələrini oxuyun.

Ana səhifəXəbərlərRaufun oxucularına