Rauf Mirqədirovun şikayəti təmin olunmayıb

Jurnalist məhkəməyə aparılmayıb

Source:

Bazar ertəsi Nəsimi Rayon Məhkəməsində Şəlalə Həsənovanın sədrliyi ilə  “Zerkalo”qəzetinin jurnalisti  Rauf Mirqədirovun  notariusun türk vəkillərə etibarnamə vermək üçün onun yanına buraxılmaması haqqında şikayətinə baxılıb.

Məhkəmə şikayəti təmin etməyib. Bu barədə Turan-a vəkil Elmar Süleymanov bildirib.

Türkiyəli vəkillərin cəlb olunması zərurəti aprelin 19-da R.Mirqədirov bu ölkədən  deportasiya edilərkən hüquqlarının pozulması səbəbindən yaranıb.

Vəkilin sözlərinə görə, bu dəfə də jurnalist MTN təcridxanasından məhkəməyə aparılmayıb. Halbuki, müdafiə tərəfi onun məhkəməyə aparılması barədə vəsatət qaldırıb.

E.Süleymanov güman edir ki, R.Mirqədirovun məhkəməyə aparılmamasının səbəbi o ola bilər ki, bir neçə gün öncə jurnalist məhkəmədə bəyanatla çıxış edəcəyini bildirmişdi.

Bununla yanaşı müdafiə tərəfi məhkəmənin qərarından apellyasiya şikayəti vermək niyyətindədir.


Rauf Mirqədirov Türkiyədən deportasiya edildikdən sonra aprelin 19-da həbs olunub. O, Ermənistanın xeyrinə casusluqda ittiham olunub. Aprelin 21-də məhkəmə onun barəsində üç ay müddətinə həbs qətimkan tədbirini seçib.


Jurnalist ittihamı absurd sayaraq, ifadə verməkdən imtina edirdi. Lakin sonradan bəzi məsələlərə aydınlıq gətirmək məqsədilə istintaqa ifadə vermək qərarına gəlib.

Ana səhifəXəbərlərRauf Mirqədirovun şikayəti təmin olunmayıb