17.28
Vəkil Fuad Ağayev bildirib ki, fasilədən sonra məhkəmə istintaqı keçirilib, onların istintaqın keçirilməsindən narazılığı yoxdur. O, prosesin noyabrın 25-də davam etdiriləcəyini dedi.
Vəkil məhkəmədən gözləntilərinin yaxşı olduğunu deyib
2014-cü ilin 19 aprelində Türkiyədən deportasiya edilən, Bakı Hava Limanında həbs olunaraq haqqında Cinayət Məcəlləsinin 214-cü maddəsi ilə cinayət işi açılan “Zerkalo” qəzetinin şərhçisi Rauf Mirqədirovun məhkəməsi bu gün davam edib.
Proses qapalı keçirilib.
Fasilə zamanı vəkil Fuad Ağayev jurnalistlərə bildirib ki, məhkəmə istintaqı başlanmazdan əvvəl verdiyi vəsatətlərin heç biri təmin olunmayıb: “Yalnız bir tam əminliklə deyirəm ki, Rauf Mirqədirova verilən ittihamın heç bir hüquqi əsası yoxdur”.
O, Arif Yunus haqqında həbs-qətimkan tədbirinin dəyişdirilməsinin Mirqədirovun məhkəmə prosesinə təsirinin olub-olmaması barədə suala belə cavab verib: “Ümumi götürdükdə təsiri olmalıydı, ancaq hələlik bunu görmürük”.
Vəkil məhkəmədən gözləntilərinin yaxşı olduğunu deyib.
Rauf Mirqədirovun anası Rəfiqə Mirqədirova oğlunun azad olunmasını arzulayır və dövlətdən də bunu umur: “Çünki oğlum dövlətin maraqlarına qarşı çıxmayıb. İrəli sürülən maddələr Raufun dünyagörüşünə və əxlaqına yaraşmır. Eyni maddə ilə ittiham olunan Arif Yunus haqqında həbs- qətimkan tədbiri dəyişdirilib və onlara qarşı irəli sürülən maddələrin icrası dayandırılıb. Güman edirəm ki, bu münasibət Raufa qarşı da olacaq”.
O, oğlunun səhhətinin yaxşı olmadığını, gözlərinin ağrıdığını deyib: “Dərmanları çatdıra bilsəm də, nə görüş, nə də telefon əlaqəsi saxlaya bilirəm. Halbuki, qanunvericiliyə görə, onunla həftədə bir dəfə telefonla danışa bilərəm, həm də ayda bir dəfə görüşmək hüququna malikəm. Təəssüf ki, qanunun verdiyi imkanlardan məhrumam”.
“Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı və hərbçi ekspert Azad İsazadə fasilədən sonra şahid qismində ifadə verəcəklər.
Hazırda proses davam edir.