“Vəkili məhkəməyə dəvət edirlər, sonra da deyirlər ki, prosesə qatılmıram, çıx, get. Bu, biabırçılıqdır!”
Noyabrın 25-də saat 12-də Nəsimi Rayon Məhkəməsində aprelin 19-da həbs edilən “Zerkalo” qəzetinin icmalıçısı Rauf Mirqədirovun məhkəməsi baş tutmayıb. Halbuki, hakim Elman İsayevin katibi bir gün əvvəl məhbusun vəkillərinə noyabrın 20-də keçirilən məhkəmə protokoluna dair müdafiə tərəfinin verdiyi qeydlərə baxılacağını bildirmişdi.
Bu barədə Meydan TV-yə açıqlama verən jurnalistin vəkili Elmar Süleymanov bildirib ki, prosesə müstəntiq dəvət olunmuşdu və Rauf Mirqədirov da gətirilmişdi: “Saat 12.10-da katib bizə bildirdi ki, gedə bilərsiniz. Səbəbini soruşduqda, o cavab verdi ki, hakim Elman İsayev məhkəmə zalına gəlmir, ona görə öz kabinetində qərar qəbul edir, siz də çıxın gedin. Mən cavab verdim ki, xanım, belə olmur axı. Çünki özünüz dəvət etmisiniz, müstəntiq gəlib, Mirqədirov da gətirilib. İkincisi qanunda hakimin öz kabinetində hər hansı qərar qəbul etməsi qadağan olunur. Əgər proses keçirilməsə, şikayət yazacam. Katib yenidən hakimin kabinetinə qalxdı. Amma hakimin “özləri bilər, mən zala düşmürəm” cavabını gətirdi”.
Elmar Süleymanov bildirdi ki, vəkillər qarşılaşdıqları qanunsuzluqla əlaqədar Nəsimi Rayon Məhkəməsinin sədrinə və Məhkəmə-Hüquq Şurasına şikayət ünvanlayıblar: “Hakim Elman İsayevin Konstitusiyaya, qanunlara, insan hüquqlarına bu cür hörmətsizliyi vəkillik fəaliyyətim dövründə ilk rastlaşdığım olaydır. Yəni vəkili məhkəməyə dəvət edirlər, sonra da deyirlər ki, prosesə qatılmıram, çıx, get. Bu, biabırçılıqdır!”