Vəkil jurnalistlə bağlı qadağa sənədinin saxta olduğunu deyir
İyunun 6-da Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə “Zerkalo” qəzetinin həbsdə olan icmalçısı Rauf Mirqədirovun şikayətinə baxılıb.
Vəkil Elmar Süleymanov Meydan TV-yə bildirib ki, müstəntiq İbrahim Ləmbaranskinin Rauf Mirqədirovun yaxınları ilə görüşməsinə və mətbuatı izləməsinə qoyduğu qadağadan apellyasiya verilmişdi: “Səbail Rayon Məhkəməsi bizim şikayəti təmin etmədiyindən apellyasiya verdik”.
Vəkil dedi ki, məhkəmədə maraqlı məqam ortalığa çıxıb: “Biz Ləmbaranskinin adından verilən qadağa sənədində imzanın ona məxsus olmadığını göstərdik. Söhbət Ləmbaranskinin adından qoyulan məhbudiyyət qərarından gedir. Yəni həmin qərara qoyulan imzanı digər sənədlərdəki imzalarla tutuşduranda imzanın Ləmbaranskiyə məxsus olmadığı məlum oldu. Biz məhkəməyə saxta qərarın surətini, başqa qərarların surətlərin təqdim etdik. Açıq-aydın imzanın İbrahim Ləmbaranskiyə məxsus olmadığı görünürdü. Məhkəmədən xəttşünaslıq ekspertizasının keçirib imzanın ona məxsus olub-olmadığını müəyyənləşdirməsini istədik. Əfsuslar ki, məhkəmə vəsatətimizi rədd etdi”.
Elmar Süleymanovun sözlərinə görə, əgər ekspertiza imzanın saxta olduğunu təsdiqləsəydi, Rauf Miqədirovun yaxınları ilə görüşünə və mətbuatla tanışlığına qoyulan məhdudiyyət də həm əsassız, həm də qanunsuz sayılırdı.