Beynəlxalq təcrübəyə əsasən, siyasi məhbusun ailə üzvlərinin ölkəyə qayıtması onların azadlığı üçün təhlükə təşkil edirsə, onlara sığınacaq verilir
Dekabrın 17-də Sürix şəhər məhkəməsi Azərbaycanda casusluq ittihamı ilə həbs edilmiş məşhur jurnalist Rauf Mirqədirovun ailə üzvlərinin statusu haqqında məsələyə baxıb.
Hakim jurnalistin həyat yoldaşı Adilə Babaxanovanı və böyük qızı Suadı dinləyib. Bundan başqa beynəlxalq hüquq müdafiə təşkilatları və İsveçrənin müvafiq qurumları tərəfindən təqdim edilmiş sənədlərə baxılıb.
Üç gün sonra – dekabrın 20-də ailə məhkəmədən jurnalistin həyat yoldaşına və iki övladına siyasi sığınacaq verildiyi haqqında rəsmi bildiriş alıb. Bu barədə “Turan İA”-a jurnalistin həyat yoldaşı bildirib.
Xatırladaq ki, Mirqədirov “Zerkalo” qəzetinin Türkiyədə xüsusi müxbiri idi. Aprelin 19-da Türkiyə polisi onu saxlayıb və Bakıya deportasiya edib. Gələn təyyarənin bortunda jurnalist Təhlükəsizlik Nazirliyinin işçiləri tərəfindən həbs edilib. Bir neçə gün sonra o, Ermənistanın xeyrinə casusluqda ittiham olunub. Jurnalist bu ittihamları təkzib edərək, absurd adlandırıb. Tezliklə beynəlxalq təşkilatlar Mirqədirovu vicdan məhbusu kimi tanıyıblar.
Jurnalistin həbsindən sonra ailəsi Türkiyədə qalıb. Ailə üzvləri yerli polis və Bakı prokurorluğunun işçiləri tərəfindən dəfələrlə dindirilib. Onların mənzilində axtarış aparılıb, şəxsi əşyaları müsadirə edilib. Bundan sonra ailə beynəlxalq jurnalist təşkilatlarının dəstəyi ilə İsveçrəyə aparılıb.
Beynəlxalq təcrübəyə əsasən, siyasi məhbusun ailə üzvlərinin ölkəyə qayıtması onların azadlığı üçün təhlükə təşkil edirsə, onlara sığınacaq verilir.