Rauf Mirqədirov: Zakir Həsənovun bəyanatı iki sual yaradıb

”Nikol Paşinyanın fikirləri Baş nazir olandan sonra transformasiyaya uğrayıb”

Source:
Zakir Həsənov
Zakir Həsənov


”Nikol Paşinyanın fikirləri Baş nazir olandan sonra transformasiyaya uğrayıb”


“Ali Baş Komandan, İlham Əliyev Ermənistan prezidentini heç bir silahdan istifadə etmədən diplomatiya ilə məhv etdi, Sarkisyan hakimiyyətini bitirdi”.

Bu bəyanatı ötən gün müdafiə naziri, general-polkovnik Zakir Həsənov səslədnirib.

Nazir hesab edir ki, işğalçı ölkə Azərbaycana qarşı çox güclü informasiya mübarizəsi aparsa da, yenə də uduzurlar.

Azərbaycanın Rusiyada sabiq səfiri olan Hikmət Hacızadə nazir Zakir Həsənovun dediklərini qismən doğru sayıb:

“Ermənistanın hakim elitası daxilən dağılmağa başladı. Səbəblərdən ilki korrupsiya, daha sonra ədalətsizlik və qohumbazlıq idi ki, nəticədə iqtisadi böhran yaşandı”.

O xatırladıb ki, Azərbaycanın nəqliyyat siyasəti, neft-qaz borusu və dəmiryolları Ermənistandan kənar keçdi.

Hikmət Hacızadə
Hikmət Hacızadə

“Bununla Ermənistan itirdi, ona görə pensionerlərə və büdcə işçilərinə maaş verə bilmirlər. Əslində, Azərbaycan Ermənistana bir neçə dəfə sülh təklifi vermişdi ki, həmin nəqliyyat, neft-qaz siyasətindən siz də qazanın. Amma onlar təklifləri rədd etdiyindən Ermənistan iqtisadi layihələrdən kənarda qaldı”.

H.Hacızadə hesab edir ki, Ermənistanın uydurma soyqırım siyasəti də iflasa uğrayıb, çünki Avropa Məhkəməsi də bu barədə iddiaları rədd edir.

Avropada siyasi mühacir həyatı yaşayan Rauf Mirqədirov nazirin açıqlamasından iki sualın ortaya çıxdığını bildirib:

“Birinci, Ermənistanda hakimiyyət dəyişikliyi Qarabağ problemini yaxınlaşdırdı, yoxsa uzaqlaşdırdı? İkinci, Ermənistanda hakimiyyət dəyişikliyi Azərbaycanın müstəqilliyinə nə dərəcədə xidmət edir? Çünki Qarabağ münaqişəsi həm Azərbaycanın, həm də Ermənistanın müstəqilliyi üzərindən asılmış “Domokl qılıncı”dır”.

Politoloqun fikrincə, bunu SSRİ dağılandan sonra yaranan digər dövlətlərə də aid etmək olar.

“Baxın, Rusiya Ukrayna, Gürcüstan ərazilərinə hərbi müdaxilələr etdi. Moldovada Dnestryanı bölgəni yaddan çıxarmaq lazım deyil. Ona görə də Ermənistanda hakimiyyət dəyişikliyinin münaqişənin həllini yaxınlaşdırmadığını birbaşa demək olar”.

R.Mirqədirov deyib ki, münaqişəyə cəlb olunmuş hər hansı ölkədə hakimiyyət dəyişikliyi olursa, hakimiyyət proseslə tanış olmaq üçün sülh danışıqlarında taym-aut götürür.

“Səbəb də odur ki, hakimiyyətə gələn yeni insanlar prosesi tam öyrənməlidirlər. Bundan əlavə Ermənistanda yeni parlament seçkiləri keçirilməlidir ki, bu proses vaxt aparacaq. Nəhayət, Baş nazir Paşinyan özünü dünyaya “qalib gəlmiş” ölkənin rəhbəri kimi təqdim etsə də, istər-istəməz kütlədən asılıdır. Kütlə də belə məsələlərdə daha çox radikal olur”.

Rauf Mirqədirov
Rauf Mirqədirov

Rauf Mirqədirov xatırladıb ki, Nikol Paşinyanın hakimiyyətə gəlməzdən əvvəl Rusiya və Qərblə bağlı fikirləri Baş nazir olandan sonra transformasiyaya uğradı.

“Artıq qərbyönlü Paşinyan Rusiyayönlü Baş nazirə çevrildi. Bu da təbiidir, çünki Ermənistanın təhlükəsizliyinə təminat verən yeganə dövlət Rusiyadır. Bu mənada Ermənistanda ciddi dəyişiklik olmayıb. Ən əsası Rusiyanın məqsədi münaqişəni hansısa dövlətin xeyrinə həll etmək deyil. Şimal dövlət hər iki dövləti özünün quberniyasına çevirmək istəyir. Əgər belə olacaqsa, Azərbaycan və Ermənistan qalib olmayacaq”.

Politoqloq hesab edir ki, nazirin dediklərində bir məqamla razılaşmaq olar.

“İlk dəfə olaraq tərəflər yaranmış vəziyyətdə təxribatlara əl atmadı. Əvvəlki illərdə hansısa ölkədə daxili çaxnaşma yarananda qarşı tərəf vəziyyətdən istifadə edirdi. 90-cı illərdə Azərbaycanda daxili vəziyyət gərginləşəndə, ərazilərimiz işğal olunmuşdu. Bu dəfə Azərbaycan Ermənistandakı durumdan istifadə etməyə çalışmadı, yəni Qarabağ “kartı”ndan öz hakimiyyətini möhkəmləndirməyə cəhd etmədi”.

Ana səhifəAnalitikaRauf Mirqədirov: Zakir Həsənovun bəyanatı iki sual yaradıb