Rauf Mirqədirov: Sumqayıt hadisələri ilə bağlı arxivlər açılmalıdır

“O zaman sual yaranır, fikir ayrılığı yoxdursa, ən azı 20 ildir münaqişə niyə həll olunmayıb?”

Source: “Kommersant”


Əvəz Həsənov: "Münaqişə Putinin söylədiyi kimi Sumqayıtdan yox, fevralda ermənilərin Qarabağdakı iddialarından başlayıb"

Rusiya prezidenti Vladimir Putinin dekabrın 17-də keçirdiyi mətbuat konfransında Ermənistanla Azərbaycana arasında münaqişənin Sumqayıt hadisələrindən başlanması ilə bağlı iddası gündəmin müzakirə mövzusuna çevrilib.

Putinin “Dağlıq Qarabağın əhalisi öz ləyaqətini qorumaq üçün əllərinə silah alıb” açıqlaması isə birmənalı qarşılanmır.


“Azərbaycan tərəfi bu məsələləri Rusiya hökumətilə müzakirə etməlidir”

Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri, konfliktoloq Əvəz Həsənov Vladimir Putinin açıqlamasını “qəribə bəyanat” adlandırıb: “Rusiya sülhməramlıları bölgədə olduğu müddətdə Kreml rəsmiləri məsələləri ehtiyatlı şərh etməyə çalışırlar. Güman ki, ruslar erməniləri incitməmək istəyirlər. Ancaq qəribəsi budur ki, müqavilənin şərtləri var. Şərtlərə görə, Ermənistan silahlı qüvvələri bölgəni tərk etməlidir. Təbii ki, Dağlıq Qarabağ separatçılarının da silahlı qüvvələri var. Amma separatçılarda olan silahlar da Ermənistanındır”.

Əvəz Həsənov hesab edir ki, Azərbaycan tərəfi bu məsələləri Rusiya hökumətilə müzakirə etməlidir: “Putin öz bildiyi kimi şərh edir, amma ortada 10 noyabr üçtərəfli bəyanat var, belə olanda şərh subyektiv olacaq. Bu mənada şərh siyasi bəyanatdır, razılaşma deyil. Söhbət bütün silahlı qüvvələrdən və silahlardan gedir. Ağır silahları separatçılara Ermənistanın verdiyi də şübhəsizdir”.

avaz_gasanov.jpg
Əvəz Həsənov

Əvəz Həsənov bildirib ki, münaqişə heç də Putinin söylədiyi kimi Sumqayıtdan yox, fevralın əvvəlində Dağlıq Qarabağ ermənilərinin Azərbaycanın tərkibindən çıxması haqda iddialarından başlayıb: “İkinci, təbii ki, Ermənistandan azərbaycanlıların qovulması da qanlı toqquşmalarla müşahidə edilib. Hətta Qukark rayonunda Sumqayıtdan da çox adam öldürülüb, Əsgəranda isə 2 gənc azərbaycanlı öldürüldü. Amma böyük miqyaslı qanlı toqquşma Sumqayıtdan olduğundan yaddaşlarda qaldı”.


“…Çünki bölgədə Rusiya sülhməramlıları var”

Siyasi təhlilçi Rauf Mirqədirov Rusiya dövlət başçısının 17 dekabr mətbuat konfransında Dağlıq Qarabağ barədə dediklərində yeni bir şey olmadığı qənaətindədir: “Çünki Putin həmin mövqeyini bir neçə dəfə müxtəlif vaxtlarda səsləndirib”.

Raud Mirqədirov Sumqayıt hadisələrinin necə baş verdiyinin aşkarlanması üçün Dövlət Təhlükəsizlik Komitəsinin axivlərinin açılmasını vacib sayır: “Həmin hadisələrin arxasında kimlərin dayandığı və nə üçün təşkil etdikləri o zaman bilinəcək ki, arxivlər açılacaq. Mən şəxsən əminəm ki, hadisələrin hazırlanmasında həmin dövrün SSRİ rəhbərliyində olan bir sıra adamlar iştirak edib”.

Putinin “Dağlıq Qarabağın əhalisi öz ləyaqətini qorumaq üçün əllərinə silah alıb” bəyanatına gəlincə, Mirqədirov deyib ki, 1988-ci ildə bölgənin erməni əhalisi Azərbaycan hökumətinə tabe olmayıb, yerli deputatlar soveti Ermənistana birləşmək haqda qərar çıxarıb: “Ardınca, SSRİ Mərkəzi Komitəsi yerli sovetin qərarını qanunsuz sayan qərar qəbul edib. Münaqişə həmin tarixdən başlayıbsa, hansı ləyaqətdən söhbət gedə bilər?”.

85290.jpg
Rauf Mirqədirov

Mirqədirovun sözlərinə görə, Putinin mətbuat konfransında səsləndirdiyi başqa bir açıqlama maraq doğurur:

“Rusiya rəhbəri deyir ki, onların problemə yanaşmada Minsk Qrupunun həmsədr dövlətləri ilə fikir ayrılığı yoxdur. O zaman sual yaranır, fikir ayrılığı yoxdursa, ən azı 20 ildir münaqişə niyə həll olunmayıb? Çünki hər üç həmsədr dövlət də BMT Təhlükəsizlik Şurasının üzvləridir və məlum qətnamələrə də səs veriblər. Nəhayət, Putin də 20 ildir Rusiyanın başçısıdır. Deməli, onlar istədikləri qərarı verib, münaqişənin həllinə nail ola bilərdilər. Burdan belə nəticə çıxır ki, həmsədrlərin rəsmi bəyanatları ilə gerçək mövqeləri arasında fərqlər olub, bu və ya digər səbəbdən münaqişənin həllində maraqlı olmayıblar”.

Politoloq Rusiya dövlət başçısının son vaxtlar təkrar etdiyi başqa bir açıqlamanın narahatlıq doğurduğu qənaətindədir:

“Putin Ermənistanın Dağlıq Qarabağın müstəqilliyini tanımadığını vurğuyla xatırladır və indiki şəraitin yaranmasında, vəziyyətin gərginləşməsində bu amilin ciddi rol oynadığını deyir. Belə təəssürat yaranır ki, Rusiya Prezidenti Ermənistanı Dağlıq Qarabağın müstəqilliyini tanımağa çağırır. Məsələ ondadır ki, Rusiya siyasi şərhçiləri, hətta rəsmi şəxsləri də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistan və Belarus başda olmaqla digər üzvlərə əsas iradları bu olub ki, onlar Krımın, Abxaziyanın, Cənubi Osetiyanın müstəqilliyini tanımayblar. Bilirsiniz, bu məsələdə siyasi alver görünür, yəni Ermənistan adlarını çəkdiyin bölgələrin müstəqilliyini tanısaydı, vəziyyət başqa cür olardı və gələcəkdə də ola bilər. Çünki bölgədə Rusiya sülhməramlıları var”.

Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar.

Bəyanata uyğun olaraq, 2020-ci il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana təhvil verilib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Ana səhifəSiyasətRauf Mirqədirov: Sumqayıt hadisələri ilə bağlı arxivlər açılmalıdır