Rauf Mirqədirov: Rusiya ATƏT-də səs verdiyi razılaşmanı pozur

”Rusiya ilə Ermənistan arasında ikitərəfli müqavilə varsa, birgə hərbi birləşmələrinin yaradılması əlavə bir işdir”

Source:


”Rusiya ilə Ermənistan arasında ikitərəfli müqavilə varsa, birgə hərbi birləşmələrinin yaradılması əlavə bir işdir”

Rusiya və Ermənistan arasında birgə hərbi birləşmələrin yaradılması haqda 2016-cı ilin noyabrında imzalanan saziş ratifikasiya üçün Dövlət Dumasına göndərilib.

Ötən il saziş imzalanandan sonra Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmisi Hikmət Hacıyev BBC-Azərbaycanca-ya “biz bu məsələ ilə tanışıq və bu prosesi izləyirik”,-deyə reaksiya vermişdi.

Hikmət Hacıyev

O bildirmişdi ki, Rusiya və Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətləri var və bu əsasla da münasibətlər inkişaf edir.

Mühacirətdə olan siyasi icmalçı Rauf Mirqədirov bu barədə Meydan TV-yə danışarkən xatırladıb ki, ATƏT-in postsovet məkanındakı qaynar nöqtələrə silah satışının arzuolunmazlığı haqda qərarı var. Birbaşa qadağa olmasa da, ATƏT-in üzv ölkələrinə silah satışı məsləhət görülmürdü və qərara Rusiya da səs verib:

“Faktiki olaraq, ABŞ, NATO-nun aparıcı ölkələri Ermənistanla Azərbaycana hərbi xarakterli ləvazimatlar satsalar da, onlardan münaqişədə birbaşa istifadə etmək olmaz. Məsələn, Amerika sərhədlərin möhkəmləndirilməsi, hərbi dəniz qüvvələrin gücləndirilməsi, NATO çərçivəsində zabitlərin savadının artırılması üçün Azərbaycana yardım edir. ATƏT üzvlərindən yalnız Rusiya bu razılaşmanı pozur, Ermənistan və Azərbaycana Dağlıq Qarabağ münaqişəsinin istifadəsində mümkün olan silah satır. Məsələnin ikinci tərəfi odur ki, Moskva ilə Yerevan arasında çoxlu sayda hərbi əməkdaşlıq haqda saziş var. Bunlar Kollektiv Təhlükəsizlik Təşkilatı çərçivəsində və ikitərəfli hərbi müqavilələr şəklində imzalanıb. İkitərəfli müqavilə Ermənistanın Rusiyadan birbaşa kömək istəməsini ehtiva edir, yəni Moskvanın hərbi əməliyyatlara qoşulmasına imkan verir. Ancaq Kollektiv Təhlükəsizlik Təşkilatında qərarların birbaşa qəbulundan Ermənistan üçün problemlər var, Qazaxıstanın, Belarusun mövqeyi müxtəlif səbəblərdən Azərbaycanla üst-üstə düşür”.

Rauf Mirqədirov

R.Mirqədirov bəzi ekspertlərin “Azərbaycan öz ərazilərini azad etmək istərsə, heç kim mane ola bilməz” fikrini nəzəri baxımdan haqlı sayır:

“Amma praktiki yanaşdıqda, Rusiya münaqişəyə cəlb olunması üçün külli miqdarda səbəb tapa bilər. Birinci səbəb sülhü bərpa etməkdir. İkinci səbəb kimi Kreml Dağlıq Qarabağda mülki insanların həyatı üçün təhlükəni göstərə bilər. Nəhayət, düşünməyin ki, başlanacaq hərbi əməliyyatlar Dağlıq Qarabağla məhdudlaşacaq, Ermənistan Qazax istiqamətində hücuma keçsələr, Azərbaycan cavab verməyəcəkmi? Əlbəttə, cavab verəcək. Deməli, döyüşlər Ermənistan-Azərbaycan sərhədində başlayacaq, görüləcək cavab tədbirlərinə Rusiya ikitərəfli sazişləri əsas gətirib birbaşa müdaxilə edəcək. Hətta 2016-cı ilin noyabrında imzalanan saziş olmasaydı belə, Rusiyanın müdaxiləsinə hüquqi baxımdan imkanlar yetərincədir. Ona görə birgə hərbi birləşmələrinin yaradılması əlavə bir işdir”.

Şərhçi deyib ki, Dağlıq Qarabağ münaqişəsində daha böyük təhlükəni görmək lazımdır: “Baxın, Rusiya hələlik Osetiyanı tam olaraq öz tərkibinə qəbul etməsə də, separatçılarla vahid ordu yaradır. Bu trend onun göstəricisidir ki, Rusiya hərbi, iqtisadi və siyasi istiqamətlərdə postsovet məkanındakə dövlətləri öz nəzarərinə almağa çalışır. Bunu bəzi hallarda ikitərəfli, bəzi hallarda isə çoxtərəfli müqavilələr çərçivəsində edir”.

Ana səhifəXəbərlərRauf Mirqədirov: Rusiya ATƏT-də səs verdiyi razılaşmanı pozur