Rauf Mirqədirov: Prezidentin çıxışı dünyadakı vəziyyətdən tam məlumatsız olanlara yönəlib

“ Yəni Əliyevlərin nə istədiyi gün kimi aydındır”.

Source: Foto: prezident.az


Altay Göyüşov: “İlham Əliyev istəyir ki, ölkədə orta əsrlərin feodal mütləq monarxiyası qurulsun”

Azərbaycan prezidenti

İlham Əliyev

Avropaya inteqrasiyanın əleyhdarı olduğunu bəyan edib.

Bakı Dövlət Universitetinin 100 illiyinə həsr edilən tədbirdə çıxış edən İlham Əliyev Avropaya baxanda adamın dəhşətə gəldiyini deyib.

“Biz ənənəvi düşüncədən kənarda yaşaya bilmərik və gənc nəsil də bunu bilsin.Yaşlılara hörmət olunmalıdır, yaşına görə. İndi bəziləri istəyirlər ki, bizim lüğətimizdən “ağsaqqal”, “ağbirçək” sözləri çıxsın. Sonra da bizə deyirlər ki, gəlin bizə inteqrasiya edin. Mən bir dəfə demişəm, hələ Avropada o iqtisadi böhran baş alıb gedəndə dedim ki, biz haraya inteqrasiya etməliyik, böhrana? Haraya inteqrasiya etməliyik, “Stop İslam!” deyənlərə? Haraya inteqrasiya etməliyik, qadınla kişi arasında fərq görməyənə? Mən artıq daha dərinə getmək istəmirəm. Biz qətiyyən oraya inteqrasiya etməyəcəyik”.


“Avropada böhran varsa, niyə azərbaycanlılar ora üz tutur, avropalılar Azərbaycana yox?”

Avropada mühacir həyatı yaşayan Rauf Mirqədirov hesab edir ki, prezident ənənəvi mühafizəkar çıxışı ilə sadəcə manipulyasiya edir:

“Əslində, bu çıxış cəmiyyətin qabaqcıl hissəsinə yox, geridəqalmış, dünyadakı iqtisadi-sosial vəziyyətdən tam məlumatsız hissəsinə müraciətdir”.

Onun sözlərinə görə, İlham Əliyevin dedikləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışlarını yada salır.

“Ərdoğan da Türkiyə cəmiyyətində müasir tendesiyalardan, trendlərdən geridə qalmışlara belə müraciətlər edir”.

Rauf Mirqədirov xatırladıb ki, hazırda yaşadığı İsveçrənin əhalisi Azərbaycandan 2 milyon, ərazisi də 2 dəfə azdır. O qeyd edib ki, bu ölkədə şose yollarının ümumi uzunluğu 70 min kilometrdən bir qədər çoxdur, Azərbaycanda isə 60 min kilometrdir. Minimum əməkhaqqı 3 500 dollar civarındadır.

C1AB4AC1-713E-423A-A95C-8A1D56ED9751_cx0_cy5_cw0_w1200_r1_s.jpg
Rauf Mirqədirov

“Təklif tələbdən doğur. Tələb də ondan ibarətdir ki, Azərbaycandan qaçmaq istəyənlər hər il artır və onların əksəriyyəti siyasi fəaliyyətlə məşğul olmurlar. Sadəcə, bu insanlar Azərbaycanda öz gələcəklərini görmürlər, normal həyat quracaqlarına ümidləri yoxdur. Hətta hakimiyyətin məmur korpusu belə Avropa ölkələrində mülk alır, biznes qurur. Belə olanda sual yaranır: əgər Avropada böhran varsa, niyə azərbaycanlılar ora üz tutur, avropalılar Azərbaycana yox? Çiçəklənən Azərbaycanın vətəndaşlarının əksəriyyəti niyə böhran içində olan Avropaya qaçır?”

O hesab edir ki, siyasi maraqlar üçün milli dəyərlərlə manipulyasiya etmək, ölkəni inkişafdan saxlamaq o qədər də nəticəsi gözəl olacaq bir şey deyil. Rauf Mirqədirovun fikrincə, bu cür manipulyasiyalar qeyri-ciddidir.

“Bəli, Avropada müxtəlif partiyalar var, amma seçimi insanlar edir. Nəhayət, harda oxumusunuz ki, Avropada yaşlılara hörmət olunmur? Yaşlılara yaradılan şərait və onların sosial həyatının təminatı məhz Avropadadır”.


“İlham Əliyev istəmir ki, bu ölkədə haqqı, hüququ olan vətəndaş olsun”

Tarixçi-alim Altay Göyüşov ölkə başçısının söylədiklərinə “Facebook” səhifəsində münasibət bildirib.

Altay Göyüşov
Altay Göyüşov

Altay Göyüşov İlham Əliyevin tamamilə səmimi olduğunu hesab edir:

“Çünki Avropa demokratiya, ədalətli seçki, qanunun aliliyi, universal insan haqları, əhalinin sosial rifahı deməkdir. İlham Əliyev isə istəyir ki, bu ölkədə orta əsrlərin feodal mütləq monarxiyası, şahlıq qurulsun və hakimiyyəti oğluna ötürsün, sülaləsi əbədi davam etsin. İlham Əliyev istəyir ki, qanunun aliliyi olmasın. Kimi istəyir tutdursun, həbsə atdırsın. Kimin istəyir mülkiyyətini tutub əlindən alsın. Yəni qanun elə o özü olsun. İlham Əliyev istəmir ki, bu ölkədə haqqı, hüququ olan vətəndaş olsun, istəyir ki, bu ölkənin camaatı yaltaq, bütün əmrlərə ona təzim edərək, başüstə deyən hüquqsuz rəiyyət olsun ki, ürəyi istəyəndə yığıb pambıq yığmağa, yaxud iməclik adı altında biyara göndərə biısin. Yəni Əliyevlərin nə istədiyi gün kimi aydındır”.

Altay Göyüşov ictimaiyyətə müraciətində qeyd edib ki, sizin Avropaya inteqrasiyanızı istəmirlər, çünki haqqı, hüququ, rifahı olan vətəndaş olmağınızı istəmirlər.

“Özləri isə çoxdan inteqrasiya edilər. Bütün var dövlətlərini oraya və oranın ofşorlarına daşıyıblar. Üstəgəl, əksəriyyəti sizdən oğurladıqları hesablardan oralarda mülk alıb, yatırım qoyub, İngiltərənin, Fransanın, hətta Portuqaliyanın belə vətəndaşlığını alanları var”.

Altay Göyüşovun sözlərinə görə, əsas Azərbaycan xalqının nə istədiyidir:

“Mən əminəm ki, Azərbaycan xalqı ləyaqətli vətəndaş olmaq istəyir, Əliyevlərin qulu olmaq deyil. Bunu Əliyev də tezliklə görəcək”.

Ana səhifəSiyasətRauf Mirqədirov: Prezidentin çıxışı dünyadakı vəziyyətdən tam məlumatsız olanlara yönəlib