Rauf Mirqədirov: Nalbandyanın açıqlamasında sensasiya axtarmaq əbəsdir

”Diaspora münaqişənin Ermənistanı Qərbdən ayırıb Rusiyaya bağladığını hesab edir”

Source:


”Diaspora münaqişənin Ermənistanı Qərbdən ayırıb Rusiyaya bağladığını hesab edir”

Son iki günün əsas müzakirə mövzuları sırasında Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın Dağlıq Qarabağ ətrafındakı rayonlarla bağlı bəyanatı xüsusi önəm kəsb edib. Hökumətə yaxın media nazirin bu açıqlamasını “Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonları boşaldır” şəklində təqdim edirsə, müstəqil və müxalif media məsələyə ehtiyatla yanaşır.

Rusiyanın “İnterfax” agentliyinin məlumatına görə, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bildirib ki, Ermənistan Qarabağ tənzimlənməsi çərçivəsində Azərbaycanla “Qarabağa təhlükə təşkil etməyən ərazilərin” qaytarılmasını müzakirə edir.

“Burada söhbət o ərazilərin qaytarılmasından gedir ki, bu, təhlükəsizlik baxımından nə Qarabağ, nə də münaqişənin qızışması üçün hədə təşkil etməyəcək”,-nazir belə deyib.

E.Nalbandyan bu açıqlamanı sentyabrın 18-də Yerevanda keçirilən 6-cı ümumerməni “Ermənistan-Diaspora” forumunda çıxışında səsləndirib.

Amma E.Nalbandyan “Başqa təfərrüatları bildirə bilmərəm, əks halda danışqılar pozular” cümləsini də əlavə edib.

Edvard Nalbandyan
Edvard Nalbandyan

Nazir rəsmi Bakının müharibə ritorikasına da reaksiya verib:

“Əgər müharibə başlansa və onu dərhal dayandırmaq mümkün olmasa, Ermənistan özünü müstəqil elan etmiş Dağlıq Qarabağ Respublikasını tanıyacaq. Bu, bütün nəticələri ilə danışqıların sonu demək olacaq”.

Azərbaycan prezidenti İlham Əliyev isə həmişə bildirib ki, Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək.

Avropada mühacir həyatı yaşayan siyasi icmalçı Rauf Mirqədirov Edvard Nalbandyanın bəyanatını sensasiya hesab etmir:

“Bundan sensasiya düzəltmək medianın ya informasiya qıtlığından irəli gəlir, ya da ölkə daxilində siyasi oyunlar və ab-hava yaratmaq istəyi ilə bağlıdır”.

R.Mirqədirov Madrid Prinsiplərini xatırladaraq bildirib ki, həmin sənəddə Dağlıq Qarabağ ətrafındakı rayonların qaytarılması münaqişənin həllini ifadə edən maddələrdən biri idi. Yəni həmin maddə olmasa, Dağlıq Qarabağ münaqişəsinin həllində Madrid Prinsiplərinin tətbiqi mümkün deyil. Bu mənada erməni nazirin açıqlamasında sensasiya axtarmaq əbəsdir. Başqa bir fakt, prezident Serj Sarkisyan “mən heç vaxt Ağdamı Dağlıq Qarabağın ərazisi hesab etməmişəm” açıqlamasını da vermişdi.

Siyasi icmalçı deyir ki, Nalbandyanın hansı auditoriyada çıxış etdiyini də nəzərə almaq vacibdir. O, “Ermənistan-Diaspora” forumunda çıxış edib və diasporanın böyük hissəsi 1915-ci il hadisələrinə daha barışmaz münasibət bəsləyir, nəinki Dağlıq Qarabağ münaqişəsinə. Diaspora münaqişənin həllində müəyyən addımların atılmasını istəyir. Birinci səbəb odur ki, münaqişə tarixlə bağlı deyil, bugünün problemi olduğundan perspektivlərin gerçəkləşməsinə mane olur. İkinci, münaqişə nəticəsində Ermənistan enerji və kommunikasiya layihələrindən məhrum olub, xarici ölkələr bu dövlətə investisiya qoyuluşunda maraqlı deyil, əhali də ölkəni tərk edir, özləri etiraf edir.  Üçüncü, 1915-ci il məsələsi tarixi problem olsa da, Türkiyə və Azərbaycanla münasibətlərə problem yaratmadığı halda, Dağlıq Qarabağ münaqişəsi ciddi maneə yaradır. Diaspora görür ki, münaqişə Ermənistanı Qərbdən ayırıb Rusiyaya bağlayır. Bu fərqləri görəndə Nalbandyanın “Ermənistan-Diaspora” forumunda həmin bəyanatı nə üçün verdiyini anlamaq olar.

O, sual edir ki, 5 rayon azad olunacaqsa, 2 rayonun statusu necə olacaq? Belə olanda Bakı vaxtilə nə üçün Poll Qobl planını dəstəkləmədi? Axı o zaman Naxçıvana dəhliz təklif edilirdi. Bu mənada erməni nazirin 5 rayonla bağlı açıqlamasını diplomatik qələbə kimi təqdim edilməsi anlaşılmazlıqdır. Ermənistanın 2 rayonla bağlı tələbi ondan ibarətdir ki, erməni icmasına öz müqəddəratını təyin etmək hüququ verilməlidir, bu, artıq müstəqilliyə gedən yoldur. İkinci, təhlükəsizliyi təmin edən mexanizmlər razılaşdırılmalıdır.  Üçüncü, Dağlıq Qarabağın Ermənistanla birbaşa əlaqəsi yaradılmalıdır, anklav olmamalıdır. Bütün bunlara baxdıqda, Nalbandyanın bəyanatında ciddi güzəşt yoxdur.

R.Mirqədirov hesab edir ki, Azərbaycan məsələnin hüquqi tərəfinə ciddi fikir verməlidir:

“Nalbandyanın açıqlamasında şantaj elementi var, birinci, deyir ki, Bakı savaşa başlasa, İrəvan Dağlıq Qarabağın müstəqilliyini tanıyacaq. Söhbət beynəlxalq hüquq normalarından gedirsə, nazirin bəyanatı çox gülüncdür. Bəli, nəzəri baxımdan Ermənistan Dağlıq Qaranağın müstəqilliyini tanıya bilər. Amma hansı konstitusion normalar əsasında bu qərarı qəbul edəcək? Ermənistanın konstitusiyanındakı müstəqillik aktına əsasən Dağlıq Qarabağ hüquqi baxımdan bu ölkənin tərkib hissəsi elan olunub. Orda yazılıb ki, Ermənistan Ali Soveti ilə Dağlıq Qarabağ Xalq Deputatları Sovetinin birləşmək haqqında birgə qararını tanıyır. Bu halda Ermənistan Dağlıq Qarabağın hansı müstəqilliyini tanıyacaq? Əgər bu addım atılacaqsa, Konstitusiya dəyişməlidir. Əslində, postsovet məkanında ərazinin ilhaqı problemi Krımla yox, Dağlıq Qarabağ münaqişəsi ilə yaranıb”.

Ana səhifəXəbərlərRauf Mirqədirov: Nalbandyanın açıqlamasında sensasiya axtarmaq əbəsdir