”Münaqişənin həllində əsas əngəl regionda maraqları olan aparıcı dövlətlərin bir-biriylə mübarizə aparmasıdır”
“Con Kerrinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son
açıqlaması
diplomatik insidentdir”.
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev “Sputnik” agentliyinə müsahibəsində deyib.
“Oktyabrın 7-də Nazirlər Kabinetinin iclasında da bu açıqlama ilə bağlı fikrimi bildirmişəm. Mən dedim ki, münaqişənin həll olunmamasının günahını Azərbaycanın üstünə atmaq ən azı insafsızlıqdır. Bu bəyanat ABŞ-ın mövqeyinə ziddir. Prezident Obama Fransa və Rusiya prezidentləri ilə birlikdə “status-kvo”nun qəbuledilməz olduğunu bəyan ediblər. Birdən-birə dövlət katibi deyir ki, münaqişənin həllini görmür və bunu İsrail-Fələstin münaqişəsinə nisbətən həll etmək daha çətindir. Bu, nə siqnaldır və onu kimə göndərir? Bu, Ermənistana mesajdır ki, məsələni İsrail-Fələstin münaqişəsi kimi uzatmalısınız? Bu, tamamilə qəbuledilməz bəyanatdır. Bu bəyanat bir daha münaqişənin niyə həll olunmadığını göstərir”, – deyə o vurğulayıb.
Dövlət başçısı qeyd edib ki, münaqişənin həlli ilə bağlı beynəlxalq təşkilatların qərarları və qətnamələri yerinə yetirilmir: “Təcavüzkar ölkəyə təzyiq göstərilmir, əksinə bir qədər təcavüzkarın dəstəklənməsi siyasəti aparılır. Bizim problemimiz budur. Bizə deyirlər ki, münaqişə təkcə sülh yolu ilə həll olunmalıdır və sülh yolundan başqa yol olmamalıdır. Biz də deyirik ki, yaxşı gəlin həll edək. Axı beynəlxalq hüququ pozmaqla yanaşı, başqa ölkənin ərazisini zəbt etmək, əhalini oradan qovmaq və bu əraziləri nəzarətdə saxlamaq ədalətsizlikdir. Bu gün heç kəsə sirr deyil ki, Azərbaycan ordusu bir çox məsələlərin həlli üçün ciddi hərbi potensiala malikdir. Bizə deyirlər, sülh yolu, biz deyirik yaxşı, gözləyək. Lakin təcavüzkara təzyiq göstərmək əvəzinə biz belə bəyanatlar eşidirik”.
Siyasi şərhçi Rauf Mirqədirov Meydan TV-yə deyib ki, Əliyevin ABŞ-a iradlarını ifadə etməsi təbiidir:
“Ciddi siyasətçilər və ekspertlər bu cür mesajları qəbul edirlər. Amma probelem ondadır ki, bu iradlar Rusiyaya bildirilmir. Oxşar bəyanatla Rusiya prezidentinin köməkçisi
Yuri Uşakov
da çıxış etmişdi. Uşakov açıq şəkildə demişdi ki, yaxın vaxtlarda Dağlıq Qarabağ probleminin həllində ciddi irəliləyiş gözləmir və o, bu məsələdə pessimistdir. Deməli, eyni əhval-ruhiyə yalnız Vaşinqtonda deyil, Moskva da belə düşünür. Əgər dövlət katibi Kerrinin bəyanatına münasibət bildirilirsə, eyni halda Uşakovun da açıqlamasına müasibət sərgilənməlidir ki, növbəti dəfə aparıcı güclər öz aralarındakı problemlərə görə münaqişənin həllində ciddi addımlar atmağa imtina edirlər. Məsələ ondadır ki, münaqişənin həllində əsas əngəl regionda maraqları olan aparıcı dövlətlərin bir-biriylə mübarizə aparmasıdır. Bu mübarizənin nəticəsində Dağlıq Qarabağ münaqişəsi bir alətə çevrilib”.
Rauf Mirqədirovun sözlərinə görə, Əliyevin müsahibəsi iki məqamı göstərir: “Birinci, Bakı Moskvayla münasibətlərinə daha çox önəm verir, ikinci, Kremlin təcavüzkar siyasətindən çəkinir. Ona görə də Qərb dövlətləri ikili standartlarda ittiham edir. Amma eyni ittiham Moskva haqda deyilmir”.