Rauf Mirqədirov: İlham Əliyevin “status gora getdi” fikri daxili auditoriyaya hesablanıb

O deyir ki, hətta milli-mədəni muxtariyyat olsa belə, bu da razılaşdırılmalıdır

Foto: Meydan TV


"Lavrov "baza prinsipləri" deyəndə Madrid Prinsiplərini nəzərdə tutur"

"Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dekabrın 7-də mətbuat konfransında “10 noyabr tarixli birgə üçtərəfli bəyanatının əsasında baza prinsipləri dayanır” açıqlamasındakı "baza prinsipləri" anlayışı Madrid Prinsiplərinə söykənir".

Sergey Lavrovun fikirlərini Meydan Tv-yə şərh edən siyasi icmalçı Rauf Mirqədirov belə deyib.

Rauf Mirqədirovun sözlərinə görə, Lavrov planı həmin “Madrid Prinsipləri”nin həyata keçirilməsinin variantlarından biri idi.

Rauf Mirqədirov bildirib ki, 10 noyabr üçtərəfli bəyanatı Madrid Prinsiplərinin böyük hissəsini əhatə edir: “Ətraf rayonlar işğaldan azad edilir, iqtisadi əlaqələrin, kommunikasiyalar qismən açılır. İkinci məsələ və üçüncü hələ tam yerinə yetirilməyib, bu, bir günün, yaxud 1 neçə aya baş verə bilməz. Bundan əlavə Madrid Prinsiplərində məcburi köçkünlərin daimi yaşayış yerinə qaytarılması da yer alıb ki, bu da baza prinsiplərinin tərkib hissəsidir. Faktiki olaraq, üçtərəfli bəyanatda qismən də olsa, əksini tapmayan əsas müddəa Dağlıq Qarabağın gələcək statusudur, yəni ya keçici, ya da yekun statusu. Ümumiyyətlə, status məsələsi üçtərəfli danışıqların və bəyanatın predmeti olmayıb”.

Rauf Mirqədirov dövlət başçısının “status gora getdi” bəyanatını daxili auditoriyaya hesablanmış addım sayır.

85290.jpg
Rauf Mirqədirov

O deyir ki, hətta milli-mədəni muxtariyyat olsa belə, bu da razılaşdırılmalıdır: “Prezident Əliyev statusun gorbagor olmasını deyəndə nəyi nəzərdə tutduğunu başa düşmürəm. Çünki Putin özü də dedi ki, status sonrakı mərhələlərdə müzakirə olunacaq. Bütün hallarda hazırkı şəraitdə Azərbaycanın mövqeləri möhkəmdir. Ermənilər müharibəyə qədər ətraf rayonların azad edilməsi əvəzinə status formulu üzərində təkid edirdilərsə, indi artıq bu məsələ gündəmdə deyil. Məncə, status məsələsi ayrıca müzakirə olunacaq. İndi ermənilərin bizə verəcəyi heç nə yoxdur, güc Azərbaycanın tərəfindədir. Lakin regionda baş verən hadisələrdə qlobal güc mərkəzlərinin olduğunu nəzərə alsaq, hər şey indiki situasiyadan asılı deyil, vəziyyət dəyişə bilər. Biz Rusiya sülhməramlılarının qaynar nöqtələrdə oynadığı fitnəkar rolunu unutmamalıyıq”.

Rusiya Xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib ki, ümumilikdə münaqişənin baza prinsiplərini hazırlayıb tərəflərlə razılaşdırıblar. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr tarixli birgə üçtərəfli bəyanatının əsasında da bu baza prinsipləri dayanır: “Azərbaycana 5, daha sonra iki rayonun verilməsini, sülhməramlı qüvvələrin yerləşdirilməsini, Qarabağla Ermənistan arasında Laçın dəhlizinin yaradılmasını və nəqliyyat və kommunikasiya əlaqələrinin açılmasını nəzərdə tuturam. Bütün bunlar üçtərəfli bəyanatda əksini tapıb və maksimal dərəcədə effektli şəkildə həyata keçirilməsinə başlanılıb”.

Sentyabrın 27-də Ermənistan və Azərbaycan Ordusu arasında cəbhənin bütün istiqamətlərində hərbi əməliyyatlar başlayıb.

44 gün davam edən müharibə nəticəsində Azərbaycan Ordusu tərəfindən noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib.

İndiyədək Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunub.

Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar.

Bəyanata uyğun olaraq, 2020-ci il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana təhvil verilib.

Ana səhifəSiyasətRauf Mirqədirov: İlham Əliyevin “status gora getdi” fikri daxili auditoriyaya hesablanıb