”Sualın nə cür qoyulmasından asılı olmayaraq, Lavrov imkan tapıb həmin sözləri deyəcəkdi”
“ATƏT-in Minsk qrupunun həmsədrləri Münhendə keçiriləcək təhlükəsizlik konfransı çərçivəsində Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşünü təşkil etməyə hazırdır”.
TASS xəbər verir ki, bunu Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün vasitəçilik edən ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov bildirib (“Report”).
Onun sözlərinə görə, həmsədrlər görüşlə bağlı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici siyasət idarəsinin rəhbəri Edvard Nalbandiyanla ayrı-ayrılıqda məsləhətləşmək barədə razılığa gəliblər: “Əgər nazirlər maraqlı olsalar, onda biz onların görüşünü təşkil etməyə hazırıq”.
53-cü illik Münhen Təhlükəsizlik Konfransı fevralın 17-19-da keçiriləcək.
Siyasi şərhçi Rauf Mirqədirov isə Meydan TV-yə deyib ki, İqor Popovun bəyanatına ciddi fikir ayırmağa ehtiyac yoxdur:
“Diplomatın dedikləri ənənəvidir. Bütün hallarda həmsədrlər iki dövlətin nümayəndələrinin iştirak etdiyi beynəlxalq forumları görüşlərin təşkili üçün istifadə etməyə çalışırlar. Məsələn, Hamburqda nazirlərin belə bir görüşünə cəhd olundu, amma rəsmi təmas olmadı, sadəcə, şam yeməyi yedilər. İndi də Popov növbəti dəfə cəhd göstərir, bunun reallışacağını demək çətindir”.
Rauf Mirqədirov hesab edir ki, yerli və xarici ictimaiyyət Elmar Məmmədyarovun Moskva görüşünün nikbin alınmaması barədə bəyanatına diqqət yetirməlidir:
“Bu bəyanat informativ baxımdan geniş olmasa da, təəssüratlı açıqlama idi. Yəni nazirin 1 cümləlik bəyanatında gələcəkdə baş verə biləcək hadisələrin anonsu var. Nazirin Moskvadan məyus qayıtması daha ciddi məsələdir. Ehtimal etmək olar ki, Rusiya baş diplomatı Lavrov azərbaycanlı jurnalistə o cür cavabı təsadüfən verməyib, təxribat deyildi. Sualın nə cür qoyulmasından asılı olmayaraq, Lavrov imkan tapıb həmin sözləri deyəcəkdi və bunu ictimailəşdirəcəkdi. Görünür, Kremlin hansısa məqsədləri var və Elmar Məmmədyarov həmin məqsədləri yerli və xarici aləmə çatdırmaq istəyir”.
Rauf Mirqədirov Elmar Məmmədyarovun Moskva səfəri zamanı xoşagəlməz təəssürat yarandığını söylədi:
“Birinci, nazir Moskvaya jurnalistin məlum sualı ilə bağlı günahlarını yumaq üçün gedir, ikinci, naziri Moskavaya tənbeh etmək üçün çağırıblar. Sonradan nazirin Rusiyaya çağrılması xəbəri yayıldı. Yadınızdadırsa, nazir Məmmədyar demişdi ki, Rusiya istəsə, Qarabağ problemini çoxdan həll edərdi, ərazilər qaytarılardı. Əslində, nazir demək istəmişdi ki, Rusiya problemin həllini istəmir və münaqişənin əsas səbəbkarı Kremldir. Bundan sonra jurnalist işdən çıxarılır və Elmar Məmmədyarov “tənbeh” edilmək üçün Moskvaya çağrılır. Nəhayət, onun Rusiyadan nikbin qayıtmaması haqda açıqlama verməsi “ay millət, Rusiya problemin həllini istəmir və münaqişənin əsas səbəbkarı Kremldir” açıqlamam qüvvədə qalır və heç bir müsbət dəyişiklik yoxdur”.
Onun sözlərinə görə, Rusiya xarici işlər naziri Lavrovun bəyanatından sonra prezident İlham Əliyevin Davosda Rusiyadan silah alınacağı barədə açıqlaması anlaşılmazdır. Nədənsə şərhçilər bu məsələni diqqətdən qaçırdılar:
“Biz Rusiyadan silahları ona görə alırıq ki, Kreml açıq şəkildə ermənipərəst siyasət yeritməsin, yəni rüşvət veririk, hərbi sənaye kompleksini maliyyələşdiririk. Ermənilər isə silahları dünya bazar qiymətinə almırlar, həm də Rusiyadan aldıqları kreditlər hesabına alırlar. Hətta o kreditləri qaytarmırlar. Belə çıxır ki, Ermənistanın pulunu biz ödəyirik. Yaxşı, Rusiya mövqeyini dəyişmirsə, rəsmi Bakının bu qədər pul verib silah alması nəyə lazımdır? Bəli, Rusiya həmişə rüşvətlə işləyib, hətta xeyriyyəçi Tağıyev də çar ailəsinə qızıl şəklində rüşvət verib Bakıda qız məktəbi açmışdı. İndiki halda Rusiya silahlarının Azərbaycan üçün hərbi-praktiki əhəmiyyəti yoxdur. Sadəlöhvlük olardı ki, Rusiya öz silahından özünə qarşı istifadəyə yol versin”.