“Bunu aylar öncə etmək, kampaniyalaşdırmaq, iş aparmaq lazım ikən, indi niyə etdilər?”
“Bilirdik ki, bu bəyanatı musavat.com-dan başqa heç kim verməyəcək. Dünən bəyanat gələndə məsləhətləşdik, qərara aldıq ki, biz də verməyək. Nə qorxudan, nə də bəzi “Avropa mücahidlərinin” çirkli işarələrindəki başqa səbəblərdən. Hesab etdik ki, bəyanat yersizdi, partiyamızın siyasi nüfuzuna zərər gətirəcək. Mətndəki təsbitlər doğrudur, lakin orada olan çağırış var ya, dövlət rəhbərləri Bakıya gəlməsinlər… Tamamilə qeyri-ciddi bir mövqedir. Bunu aylar öncə etmək, kampaniyalaşdırmaq, iş aparmaq lazım ikən, indi niyə etdilər? Açılışa günlər qala, heç bir iş aparmadan, üstəlik, 20 dövlət rəhbərinin gəliş proqramı, saatı, hərəkət trayektoriyası, tam protokol bəlli olduğu zamanda belə bəyanat vermək…”
Bu fikirləri “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu özünün Facebook səhifəsində yazıb. Baş redaktor daha sonra qeyd edir: “Görünür, sonuna qədər qəzetçi qalmaq lazımdır. Budur, həmin bəyanatı çap etdik. Həm də bəzi incə nüansları ortaya çıxartdıq… Yeri gəlmişkən, kimsənin bu bəyanatı çap etmədiyinə görə, hansısa media orqanlarını qınamağa haqqı çatmır. Hər KİV özü bilər, nəyi çap edir, nəyi etmir.
Bircə qaldı, bəyanatda xitab olunan dövlət başçılarının bunu oxuyub, təsirlənib, Azərbaycana gəlməkdən imtina etməsi…
P.S. Bu, mənim şəxsi mövqeyimdi. Lütfən, kimsə “ağıl” verməyə, mübahisə etməyə qalxışmasın. Belələrini bloka salacam”.
Müsavat Partiyasının Avropa dövlətləri liderlərinin Azərbaycana gəlməməsi ilə bağlı çağırışı Meydan TV (iyunun 3-də saat 16.52) və “Turan İA” İnformasiya Agentliyi tərəfindən də dərc olunub. Partiya yaydığı bəyanatda qeyd olunur ki, Müsavat Partiyasının Məclisi hələ ötən il Birinci Avropa Oyunları ilə bağlı məsələ müzakirə edərək yarışlardan əvvəl ölkədə siyasi islahatlar həyata keçirilməsə, xüsusilə siyasi məhbuslar azadlığa buraxılmasa, Avropa dövlət rəhbərlərinə oyunların açılış mərasiminə qatılmamaqları üçün müraciət ünvanlayacağı barədə qərar qəbul edib.
Qərar Məclisin 04 aprel 2015-ci il tarixli yığıncağında bir daha təsdiq olunub.