Fuad Qəhrəmanlı: “Azərbaycanda məhkəmələrin siyasi sifariş yerinə yetirdiyi, represiya aləti olduğu hər kəsə məlumdur”
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlini məhkəməyə verir. Bu barədə “Trend İA”-ə eksklüziv açıqlamasında R.Arifoğlu bildirib.
R.Arifoğlu bildirib ki, Ə.Kərimli ona aşırı həddə gəldiyi üçün artıq iddia ərizəsi hazırlayıb: “Əli Kərimli dəfələrlə bizi məhkəməyə verib. Mənə qarşı aşırı həddə gəldiyi üçün artıq iddia ərizəsi hazırlatmışam. Biz sabah, ya da birigün “Azadlıq” qəzeti, Əli Kərimli və onun sosial şəbəkələrdəki bir sıra fəalları ilə bağlı məhkəməyə müraciət edəcəyik. Demirlər ki, mən satqınam, Azərbaycan xalqını satmışam, bunları satıb pul almışam? Zəhmət çəkəcəklər, məhkəmədə bunları sübut edəcəklər. Mən Əli Kərimlinin özünün məhkəməyə gəlməsini tələb edəcəyəm və böyük ehtimalla xüsusi ittiham qaydasında da bir sıra AXCP üzvlərinə qarşı iddia qaldıracağıq. Qoy bizə desinlər ki, hakimiyyətin tapşırığı ilə kimlərisə həbs etdirmək istəyirlər. Mən hesab edirəm ki, hakimiyyət mənim sözümə baxan olsaydı, mənim üzərimdə hazırda xüsusi ittiham qaydasında olan iddiaları aradan götürərdi”.
Baş redaktor hesab edir ki, hətta bu adamların həbs olunması, içəridə olması, müəyyən müddət ictimai fəaliyyətdən uzaqlaşması Azərbaycan naminə böyük bir fayda olardı: “Mən Azərbaycan naminə bu addımı atacağam”.
Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlunun sədr Əli Kərimlini, “Azadlıq” qəzetini və AXCP fəallarını məhkəmə ilə hədələməsinə bu partiyadan cavab gəlib.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Facebook səhifəsində Arifoğlunun bu hədəsini hakimiyyətin növbəti planı kimi dəyərləndirib. Onun yazdığını təqdim edirik:
“Bu iqtidar çox amansızdır. Kim ki, yaxasını onun əlinə verir, bundan sonra siyasi mövqeyi dəyişir, öz gəldiyi yola dönüklük edir. Ancaq məsələ heç bununla da bitmir, bu iqtidarın xidmətinə keçənlər insanlığı bitənə qədər istismar edilir,cəmiyyətin gözündən salınır. Gözümüzün qabağında Hafiz Hacıyev nümunəsi var. İndi də Rauf Arifoğlu nümunəsi yaranır. Neçə gündür ki, bu adam AXCP -ni, Əli Kərimlini təhqir edir, böhtanlar yağdırır. Ancaq görünür hakimiyyət daha artığını tələb edir. Vaxtı ilə bu iqtidara qarşı yazdıqlarının qisasını hakimiyyət indi onu insan kimi bitirməklə alır. İndi də bu adam AXCP fəallarını və “Azadlıq” qəzetini məhkəməyə verir. Azərbaycanda məhkəmələrin siyasi sifariş yerinə yetirdiyi, represiya aləti olduğu hər kəsə məlumdur. Son vaxtlar AXCP rəhbərliyinə daxil olanların şərlənib tutulduğu məlumdur, görünür daha cibə narkotik qoymaq, dalaşdırıb həbs etmək limiti bitdiyi üçün AXCP-yə qarşı siyasi represiyaları Rauf Arifoğlunun vasitəsi ilə davam etdirməyə qərar veriblər.
Elman Türkoğlunun əli ilə Xədicə İsmayılı, Rauf Arifoğlu vasitəsi ilə də AXCP fəallarını, “Azadlıq” qəzetini məhkəməyə vermək iqtidarın siyasi represiya planının yeni mərhələsidir.
Təhqir edib böhtan atmaq yetmədi bu adam üçün, indi də “iş vermək”, üzə durmaq sahəsində “qabiliyyətini” sınamaq istəyir.
Bir deputat mandatının bədəli nə ağır oldu!?”.