“Avropa Şurası və ATƏT Azərbaycana qarşı daha sərt mövqe ortaya qoymalıdır”
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Azərbaycanlı araşdırmaçı jurnalist Xədicə İsmayıla qarşı başladılan təzyiq kampaniyasını qətiyyətlə pisləyir, hökuməti jurnalistə qarşı başladılan kampaniyanı dərhal dayandırmağa çağırır.
RATİ-nin yaydığı bəyanatda deyilir ki, Xədicə İsmayılın diffamasiya maddələri üzrə xüsusi ittiham qaydasında məhkəməyə verilməsi, hökumətyönlü mediada jurnalistin ermənilərə əməkdaşlıq edilməkdə günahlandırılması, hava limanında
saxlanılması
onun üçün həbs təhlükəsi olduğunu göstərir: “Son olaraq, Xədicə İsmayılın ölkəni tərk etməsinə qadağa qoyulub. Bunun nəticəsində jurnalist oktyabrın 12-də “Forum 2000” konfransında iştirak üçün Praqaya yola düşə bilməyib. Bakının Heydər Əliyev adına hava limanının sərhəd məntəqəsinin rəsmiləri ona bildiriblər ki, Baş Prokurorluq onun ölkədən çıxışına qadağa qoyub. Lakin qadağanın səbəbləri Xədicə İsmayıla bildirilməyib.
Xədicə İsmayılın ölkədən çıxışına qanunsuz əsaslarla qadağa qoyulması jurnalistin peşə fəaliyyətinə maneə və Azərbaycanın 2002-ci ildə ratifikasiya etdiyi Avropa İnsan Hüquqları Konvensiyasında təsbit olunmuş hərəkət azadlığı hüququnun kobud pozuntusudur”.
RATİ bəyan edir ki, Xədicə İsmayılın hədəfdə olmasına səbəb prezident İlham Əliyevin ailəsinin korrupsiya əməlləri barədə araşdırmalar aparması, rəsmi səviyyədə şəffaflığın təmin olunması üçün göstərdiyi qətiyyətli fəaliyyəti, beynəlxalq aləmdə Azərbaycanda olan insan hüquqlarının, xüsusilə ifadə azadlığının durumu barədə informasiya bölüşməsidir.
RATİ xatırladır ki, Azərbaycan hakimiyyəti son iki ayda insan hüquqları sahəsində misli görünməmiş qanunsuzluqlara yol verib. Hazırda 10-dan çox blogger və jurnalistin həbsdə olması, hüquq müdafiəçilərinin həbsi, media azadlığını müdafiə təşkilatların bağlanması hökumətin insan hüquqları sahəsində həyata keçirdiyi repressiv siyasətinin bariz göstəriciləridir.
RATİ beynəlxalq təşkilatları, xüsusilə də Avropa Şurası və ATƏT-i Azərbaycana qarşı daha sərt mövqe ortaya qoymağa və Azərbaycan hökumətinə ifadə azadlığı bağlı öhdəliklərini yerinə yetirməsi üçün daha çox təzyiq göstərməyə, diffamasiya haqqında qanunun qəbulunun tələb edilməsinə çağırır.