RATİ: Bütün siyasi məhbusları azad edin, təcili islahatlar keçirin

RATİ hesab edir ki, rejimin bəzi tənqidçilərini əfv olunması qismən Qərbin Azərbaycan hakimiyyətinə təzyiqinin nəticəsidir.

Source:


RATİ hesab edir ki, rejimin bəzi tənqidçilərini əfv olunması qismən Qərbin Azərbaycan hakimiyyətinə təzyiqinin nəticəsidir.

Reportyorların Azadlıq və Təhlükəsizliyi institutu (RATİ) Azərbaycan hakimiyyətini bütün siyasi məhbusları azad etməyə, hökumətin tənqidçilərinə qarşı törədilmiş cinayətlərə görə cəzasızlığa son qoymağa, qanunun aliliyi, fundamental insan haqları və şəffaflıq sahəsində təcili islahatlar həyata keçirməyə, real hesabatlılıq və demokratik dəyişiklik yaratmağa çağırır. Yalnız bu halda ölkənin dayanıqlı inkişafı mümkün ola bilər. Bu barədə RATİ-nin bəyanatında deyilir.

Azərbaycan prezidenti martın 17-də 148 məhbusu əfv edib. Əfv olunanlar və azadlığa buraxılanlar arasında 15 nəfər siyasi məhbus kimi tanınan şəxs olub. Hüquq müdafiə təşkilatları ölkədə 28-dən 100-dək siyasi məhbus olduğunu bildirir. Hüquq müdafiəçiləri eyni zamanda son dövrlər Nardaranda keçirilən xüsusi əməliyyat nəticəsində, Siyəzəndə və digər bölgələrdə etiraz aksiyasi ilə bağlı həbs olunan şəxslərə qarşı istintaqın ədalətli aparılmasını istəyir.

“Azərbaycanda martın 17-də məhdud sayda siyasi məhbus azadlığa buraxılsa da, bir çox digərləri hələ də həbsdə qalmaqdadır. Fəalların davamlı həbsi və azadlıqdan məhrum edilməsi bu əfvin əhəmiyyətini xeyli azaldır”, sənəddə qeyd edilir.

RATİ hesab edir ki, Azərbaycanın beynəlxalq tərəfdaşları bütün siyasi məhbusların azad olunmasını və vətəndaş cəmiyyətinə edilən basqılara son qoyulmasını tələb etməlidir.

“İnsan hüquqlarının davamlı pozuntusu fonunda baş verən əfvlər irəli doğru atılmış addım hesab oluna bilməz. Əsassız həbslər və siyasi motivli məhkəmələr davam etməkdədir. Haqsız yerə məhkum edilmiş onlarla fəaldan 15-ni azad etməklə Azərbaycan hakimiyyəti məhbəslərdə yeni siyasi dustaqlar üçün yer hazırlayır. Siyasi məhbusların təkrarlanan azad edilməsi və məhkum edilməsi silsiləsinə son qoyulmalıdır”, RATİ-nin mühacirətdə olan direktoru Emin Hüseynov bildirib.

RATİ hesab edir ki, rejimin bəzi tənqidçilərini əfv olunması qismən Qərbin Azərbaycan hakimiyyətinə təzyiqinin nəticəsidir.

“Lakin RATİ beynəlxalq ictimaiyyəti bütün siyasi məhbusların istisnasız azad olunması üçün bu təzyiqi davam etdirməyə və daha da artırmağa çağırır. Hakimiyyət öz siyasi motivli həbs praktikasına davam etdiyi üçün, beynəlxalq demokratik ictimaiyyət martın 17-də bir qrup siyasi məhbusun azad olunmasını ciddi müsbət siyasət dəyişikliyi kimi qəbul etməməlidir. Ən başlıcası, bu baxımdan hakimiyyətin ciddi qəbul edilməsi üçün ölkədə alternativ səslərin inkişafına şərait yaradacaq liberal tənzimləyici mühit yaradılmalıdır”, bəyanatda qeyd edilir.

Öz növbəsində, Azərbaycan hakimiyyəti ölkədə bütün insanların qanun qarşısında bərabər olduğunu bildirir və siyasi məhbusların olmadığını bəyan edir. Rəsmi Bakı həmçinin azad seçki, media, söz, fikir, siyasi azadlıqların tam təmin edildiyini bəyan edir. Yüksək vəzifəli dövlət məmurları insanların fikir, ictimai və siyasi fəaliyyətinə görə həbs edilmədiyini yüksək tribunalardan qeyd edir.

Bununla yanaşı, Amnesty İnternational ölkədə çoxsaylı insanı “vicdan məhbusu” elan edib. Avropa Şurasının Nazirlər Kabineti və digər beynəlxalq təşkilatlar Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını və insan hüquq-azadlıqları ilə bağlı öhdəliklərini yerinə yetirməsini tələb edən bəyanatlarla çıxış edib.

Ana səhifəXəbərlərRATİ: Bütün siyasi məhbusları azad edin, təcili islahatlar keçirin