RATİ: Azərbaycan hakimiyyəti blogerin anasının vəfatında gühankardır

Təşkilat Firəngiz Hüseynovanın ölümü ilə bağlı cinayət işinin açılmasını istəyir

Source:


Təşkilat Firəngiz Hüseynovanın ölümü ilə bağlı cinayət işinin açılmasını istəyir

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu Azərbaycan hakimiyyətini bloger, RATİ rəhbəri Mehman Hüseynovun avqustun 5-dən 6-a keçən gecə anası Firəngiz Hüseynovanı qəsdən ölüm həddinə çatdırmaqda günahlandırır.

“Üç həftə əvvəl kəskin ürək-damar çatışmalığı ilə xəstəxanaya yerləşdirilən Firəngiz Hüseynova iyulun 15-də ürək dayanması nəticəsində kliniki ölüm keçirib.

2 həftə reanimasiya şöbəsində qaldıqdan sonra orqanizminin zəifliyinə baxmayaraq, həkimlər jurnalistin anasını süni koma vəziyyətindən çıxarıb və ağ ciyərlərin süni ventelyasiyası aparatını söndürərək intensiv kardiologiya şöbəsinə keçiriblər, orda isə zəifləmiş orqanizmə tələb olunan kömək üçün lazımı şərait təmin edilmirdi.

Mehman Hüseynovun anasının qayğısına qalmaq və onun üçün çətin olan günlərdə yanında olmaq üçün hakimiyyətə etdiyi müraciətlərə baxmayaraq, Azərbaycan hakimiyyəti oğlunun siyasi səbəbli həbsinə görə keçirdiyi stress və həyacandan korlanmış sağlamlığının bərpasına müsbət təsir edə biləcək bu imkanı yaratmaqdan qəti şəkildə imtina etdi.

Firəngiz Hüseynova 71 yaşına cəmi 2 gün qalmış həbs edilmiş oğluna görə iztirab və əzab içində dünyasını dəyişdi ”,- təşkilatın bəyanatında deyilir.

“Anamızın vəfatında öz aparıcı tənqidçilərinin həbsinin şəxsən təşəbbüskarı olan prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın simasında Azərbaycanın siyasi rəhbərliyi günahkardır”, – deyə Mehmanın qardaşı, RATİ-nin icraçı direktoru, İsveçrədə siyasi mühacirətdə yaşayan Emin Hüseynov bəyan edib.

“Avqustin 5-də günün ikinci yarısında həkimlərin və xəstəxana personalının ağır xəstə pasiyentə münasibətdə qəribə davranışları ailəmizin şübhələrini artırır ki, Azərbaycan hakimiyyəti qəsdən xəstəxananın tibbi personalının əli ilə səhlənkar mühit yaradıb, bu da anamızın səhhətinin kəskin pisləşməsinə və əzab içində dünyasını dəyişməsinə səbəb olub. Biz cinayət işinin açılmasını və anamızın faktiki olaraq dövlət repressiv aparatı tərəfindən qətli faktının müstəqil araşdırılmasını tələb edirik”, – deyə Hüseynov fikrini yekunlaşdırıb.

RATİ beynəlxalq ictimaiyyəti Mehman Hüseynovun anasının vaxtsız vəfatının araşdırılmasına yardım etməyə, həmçinin bu faciənin baş verməsinə günahkar olan yüksək rütbəli məmurlara və onların ailə üzvlərinə qarşı ciddi sanksiyaların tətbiqinə başlamağa çağırır.

RATİ Azərbaycan hakimiyyətindən öz tənqidçilərinin və onların ailə üzvlərinin qeyri-insani təqibinə son qoymağa, dərhal və qeyd-şərtsiz olaraq jurnalistlər Mehman Hüseynov, Əfqan Muxtarlı, Seymur Həzi, Nicat Əliyev, Araz Quliyev, Fikrət İbişbəyli, Elçin İsmayıllı, Ziya Əsədli və Ərşad İbrahimovu, blogerlər Rəşad Ramazanov və İlkin Rüstəmzadəni, qrafiti fəalları Qiyas İbrahimov və Bayram Məmmədovu, həmçinin satirik-şair Tofiq Hüseynovu həbsxanadan azad etməyi tələb edir.

M.Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib.

O, polisə böhtan atmaqda günahkar bilinib.

Mehman Hüseynov çəkdiyi videolarda hökumətin gördüyü işləri tənqid edib, yüksək vəzifəli şəxslərin, deputatların olduğu deyilən mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. O, həbsinin bloger fəaliyyəti ilə bağlı olduğunu bildirib.


Avqustun 6-da

bloger anasının ölümü ilə əlaqədar müvəqqəti evə buraxılıb.

Beynəlxalq qurumlar blogerin həbsini söz, ifadə azadlığının məhdudlaşdırılması kimi dəyərləndirir, onun azadlığa buraxılmasını tələb edirlər

Ana səhifəXəbərlərRATİ: Azərbaycan hakimiyyəti blogerin anasının vəfatında gühankardır